İsrailin Rusiyadakı səfiri Simone Halperin deyib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Dəməşqə endirdiyi hava hücumunun hədəfi İran konsulluğu deyil, yaxınlıqdakı bina olub.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
"Bircə onu deyə bilərəm ki, bu hədəf nə səfirlik, nə də konsulluq idi. Yaxınlıqdakı bina idi", deyə səfir bildirib.
Aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna hücum edib. Hava hücumu Qətər və Rusiya tərəfindən pislənib. İsrail Müdafiə Qüvvələri zərbə ilə bağlı rəsmi açıqlama verməyib. Eyni zamanda, İDF-nin sözçüsü Daniel Həcəri bildirib ki, bina konsulluq deyil, Dəməşqdə mülki bina kimi maskalanmış İran Qüds Qüvvələrinin hərbi binasıdır. İsrail rəsmiləri "The New York Times"a hücumun İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyiblər.
Zərbə zamanı binada iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın beş zabiti olub. Onların hamısı ölüv. "The New York Times" qəzeti anonim qalan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib. Onların sözlərinə görə, hədəf general Zahedi olub.
Daha sonra CNN məlumat yayıb ki, ABŞ İsrailin İranın Suriyadakı konsulluğuna zərbə endirməsindən xəbəri olmayıb və bunda iştirak etməyib. Co Baydenin administrasiyası birbaşa İrana bildirib ki, Vaşinqtonun bundan xəbəri yoxdur.
Telekanalın digər mənbələri bildiriblər ki, Ağ Evə Suriyadakı əməliyyat barədə İsrail təyyarələri artıq havada olarkən məlumat verilib və onların hədəfi məlum deyil.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlamasında "Birləşmiş Ştatlar zərbədə iştirak etməyib və bu barədə əvvəlcədən məlumatımız yox idi" deyib.
Aydın