AZ

“Bavariya” “ağ bayraq qaldırdı”, Tuxel “Bayer-04”ü təbrik etdi – TURUN ŞƏRHİ

Yığma fasiləsindən sonra, adətən, bundesliqada cümə gününə oyun salınmadığından tura şənbə günü start verildi.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm səfərdə evdəkindən daha yaxşı oynayan və bir neçə həftə öncə Dortmunddan qələbə ilə qayıdan “Hoffenhaym” “Bayer-04”ün seriyasına son qoymağa yaxın idi. Amma ardı-arası kəsilməyən hücumlarla rəqibin başını gicəlləndirən Leverkuzen təmsilçisi “Qarabağ”la oyunda olduğu kimi, yenə möhtəşəm geridönüşə imza atdı. Andrixlə Şikin qolları yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı. Bu mövsüm keçirdiyi 39-cu rəsmi oyunu da məğlubiyyərsiz başa vuran Xabi Alonsonun komandası həm də ÇL-ə vəsiqəni rəsmiləşdirən ilk bundesliqa təmsilçisi oldu. Maraqlıdı ki, bu tur “aspirinlər”dən başqa heç bir meydan sahibi qələbə qazana bilmədi!

“Frayburq” Münhenqladbaxı, “Volfsburq” isə Bremeni asanlıqla fəth etdi. “Ayntraxt” evdə “Union”un müqavimətini qıra bilmədisə, autsayder “Maynts-05”in Leyptsiqdə qapısını toxunulmaz saxlaması və xal qazanması gözlənilməz oldu. Şənbə günü bütün diqqətlər “Alyans Arena”ya yönəlmişdi. Son illərdə “Borussiya”nı tez-tez “kötəkləyən” “Bavariya”nın bu dəfə də hesabına 3 xal yazacağı gözlənilirdi. Çünki komanda yüksəlişdə idi və son 3 rəsmi oyuna 16 qol vurmuşdu. “Borussiya” bundesliqada güclü rəqibini səfərdə sonuncu dəfə 2014-ün aprelində yenmişdi. O vaxtdan bəri bu komandaların Münhendəki çempionat duellərinin hamısında “rekordmayster” qalib gəlmişdi. Özü də qələbələr arasında 4:0, 5:0, 6:0 hesabları da var idi. Maraqlıdı ki, son 14 ildə ilk dəfə ikinci dövrəyə təsadüf edən “Der Klassiker”dən öncə nə “Bavariya” lider idi, nə də “Borussiya”. Sonuncu dəfə bu hal yaşanarkən (2010-cu il fevralın 13-də) eynilə indiki kimi lider “Bayer-04” idi. “Arılar” artıq 10-cu dəqiqədə hesabı açdı. Müllerin topu itirməsindən sonra qurulan əks-hücum zamanı Adeyemi zədəli Noyeri əvəz edən Ulrayxı məyus etdi. 29-cu “Der Klassiker”də iştirak etməklə yeni rekord müəyyənləşdirən və Keynin öhdəsindən yaxşı gələn təcrübəli Hummels ilk yarıda bir epizodda topu boş qapıdan çıxarmaqla alqış qazandı. Münhen nəhənginin 2-ci hissədəki aramsız hücumlarına, eləcə də Tuxelin əvəzetmələrinə baxmayaraq, növbəti qolu da qonaqlar vurdu. Ryuyersonun qolundan sonra yerli fanatlar stadionu tərk etməyə başladı. Keyn son anlarda qollardan birinin əvəzini çıxsa da, işə VAR qarışdı. Beləliklə, “Bavariya”nın “Borussiya”ya qarşı 11 oyunluq məğlubiyyətsiz seriyası qırıldı və sona 7 tur qalmış zirvədə xal fərqi 13-ə yüksəldi. “Bayer-04”ə çempionluq üçün qalan 7 turda 9 xal toplamaq kifayət edəcək! Tuxelin oyundan sonra leverkuzenliləri təbrik etməsi diqqəti çəkdi.

Bazar gününün oyunlarında geridönüşlər yaşandı. Autsayder “Darmştadt” Bohumda 2 topluq fərqi aradan qaldırdı. “Ştutqart” debütant “Haydenhaym”ı məğlub edəcəyi təqdirdə “Bavariya” ilə xal fərqini 1-ə endirəcəkdi. Şvabiyalılar ikinci hissənin ortalarına qədər 2 top fərqi ilə öndə idi. Amma qonaqlar elə bir geridönüş etdilər ki, “Ştutqart” sonda 1 xalı çətinliklə qazandı. Girassi ilə Dəniz Undav yenə meydanı qolsuz tərk etmədi. Bu mövsüm bundesliqada onların hesabında ümumilikdə artıq 38 qol var. “Ştutqart”ın tarixində heç vaxt belə məhsuldar duet olmayıb. Əvvəlki rekordun sahibləri – Klinsmann ilə Allqöver dueti 1985/86-da 37 qol vurmuşdu.

27-ci tur
Bavariya – Borussiya D 0:2
Adeyemi, 10. Ryuyerson, 83. (75000)
Bavariya: Ulrayx, Kimmix, Dayer, De Liqt, Devis (Çupo-Motinq, 84), Laymer (Mazraui, 73), Qoretska, Sane (Koman, 63), Müller (Tel, 63), Musiala (Qnabri, 63), Keyn.
Borussiya: Al.Mayer, Ryuyerson, Hummels, Şlotterbek, Maatsen, Əmrə Can, F.Nmeça (Salih Özcan, 67), Brandt (Roys, 67), Sanço (Bayno-Gittens, 84), Adeyemi (Volf, 84), Füllkruq (Alle, 84).

Bayer-04 – Hoffenhaym 2:1
Andrix, 88. Şik, 90+1 – Bayer, 33. (30047)
Bayer-04: Qradetski, Frimponq (Tella, 86), Tapsoba (Stanişiç, 86), Ta, İnkapye (İqlesias, 71), Qrimaldo, Andrix, Caka, Y.Hoffman (Adli, 58), Virts, Şik.

Leyptsiq – Maynts-05 0:0
(44813)
Leyptsiq: Qulaçi, Henrixs (Simakan, 82), Orban, Lukeba, Raum, Şlager, Kampl (Zayvald, 82), Olmo, Simons, Openda (Şeşko, 68), Baumqartner (Poulsen, 68).

Ştutqart – Haydenhaym 3:3
Girassi, 41. Ştiller, 53. Dəniz Undav, 90+8 – Nübel, 62-öz qapısına. Klayndinst, 84; 85. (60000)
Ştutqart: Nübel, Vaqnoman (Çon Vu Yon, 85), Anton, İto (Ştensel, 88), Mittelştadt, Ştiller, Mahmud Dahud (Karazor, 67), Miyo (Levelinq, 67), Fürix (Katompa Mvumpa 72), Dəniz Undav, Girassi.

Borussiya M – Frayburq 0:3
Qreqoritş, 7. Röl, 47. Doan, 57. (53259)

Verder – Volfsburq 0:2
Lakrua, 45+4. L.Mayer, 84. (41500)

Auqsburq – Köln 1:1
Ar.Mayer, 18 – Zelke, 33. (28000)

Bohum – Darmştadt 2:2
F.Hofmann, 29; 48 – Skarke, 62. Vilhelmsson, 76. (25000)

Ayntraxt F – Union 0:0
(57100)

1. Bayer-04 27 23 4 0 68-19 73
2. Bavariya 27 19 3 5 78-33 60
3. Ştutqart 27 18 3 6 63-34 57
4. Borussiya D 27 15 8 4 55-32 53
5. Leyptsiq 27 15 5 7 60-32 50
6. Ayntraxt F 27 10 11 6 42-35 41
7. Auqsburq 27 9 9 9 44-43 36
8. Frayburq 27 10 6 11 39-48 36
9. Hoffenhaym 27 9 6 12 45-52 33
10. Verder 27 8 6 13 35-43 30
11. Haydenhaym 27 7 9 11 38-47 30
12. Union 27 8 5 14 25-42 29
13. Borussiya M 27 6 10 11 46-53 28
14. Volfsburq 27 7 7 13 33-44 28
15. Bohum 27 5 11 11 32-56 26
16. Maynts-05 27 3 11 13 22-46 20
17. Köln 27 3 10 14 21-48 19
18. Darmştadt 27 2 8 17 28-67 14
Bombardirlər: Keyn (Bavariya) – 31, Girassi (Ştutqart) – 23, Openda (Leyptsiq) – 19, Dəniz Undav (Ştutqart) – 15, Demiroviç (Auqsburq) – 14.
Növbəti turun oyunları aprelin 5-7-si aralığında keçiriləcək: Haydenhaym – Bavariya, Frayburq – Leyptsiq, Union – Bayer-04, Volfsburq – Borussiya M, Ayntraxt F – Verder, Köln – Bohum, Hoffenhaym – Auqsburq, Borussiya D – Ştutqart, Maynts-05 – Darmştadt.

Turun rəqəmi
73 – “Bayer-04” xalını çatdırmaqla şəxsi rekordunu təkrarladı. Leverkuzen təmsilçisi daha öncə yalnız bir dəfə - 1999/00-də bu qədər xal toplamışdı. Yəni bundan sonra qazanılacaq hər növbəti xal klub tarixi üçün yeni rekord olacaq. 27 tura 73 xal bundesliqa tarixinin 2-ci ən yaxşı göstəricisidi. Yalnız 2013/14-də Qvardiolanın “Bavariya”sı 27-ci turu daha çox (77) xalla başa vurmuşdu. Maraqlıdı ki, həmin komanda məhz 27-ci turdan sonra çempionluğu rəsmiləşdirmişdi. Daha bir diqqətçəkən məqam odu ki, ötən mövsüm 27-ci turdan sonra “Bavariya” cəmi 58 xalla lider idi!

Turun ulduzu
Patrik Şik (Bayer-04) – bu tur iki futbolçu dubl etdi. Şik onların arasında yoxdu. Amma çexiyalı forvardı bu dəfə də turun ulduzu seçməmək haqsızlıq olardı. 28 yaşlı futbolçu son oyunlarda komandasının uğur çubuğuna çevrilib. Onun hər iki oyunda “Qarabağ”ın qapısına əsas vaxta əlavə olunmuş dəqiqələrdə qol vurmasını hələ uzun müddət unutmayacağıq. Bu dəfə Şik eyni oyunu “Hoffenhaym”ın başına gətirdi. Son 5 rəsmi oyunda bu futbolçunun hesabında 5 qol var.

Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Der Klassiker” oyun baxımından ümidləri doğrultmadı. Çünki sürətimiz və oyun ehtirasımız az idi. Hərçənd son həftələrdə yüksəlişdəydik və düşünürdük ki, bir daha belə futbola qayıtmayacağıq. Bu oyunla bağlı tamfərqli planlarımız var idi. Amma onların heç birini reallaşdıra bilmədik. Lazımi qədər istəkli deyildik. “Bayer-04”ü təbrik edirəm”.

Seçilən
119
36
football-plus.az

10Mənbələr