AZ

“Real” asan, “Barsa” və “Jirona” çətin qələbə qazandı – TURUN ŞƏRHİ

Hesabat turu ilk üç pillədə qərarlaşan komandaların qələbəsi, deməli, həm də zirvədə xal fərqinin qorunması ilə yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, aşağı pillələrlə bağlı də vəziyyət aydındı. “Qranada” ilə “Almeriya” üçün nicat yolu görünmür. “Selta” və “Kadis” isə elitada qalmaq üçün çarpışır.

Beynəlxalq fasilədən sonra olan oyunlar, adətən, “Barselona” üçün çətin keçir. Bu dəfə də istisna olmadı. Xavinin komandası çətinliklə də olsa, “Las-Palmas”ı məğlub edə bildi. Baş məşqçi cəzalı olduğuna görə kənardan futbolçularına göstəriş vermək imkanından məhrum idi. Oyuna gümrah başlayan qonaqların “biratımlıq barıtı varmış”. Meydan sahibləri müntəzəm təhlükəli vəziyyətlər yaradırdı. Artıq 19-cu dəqiqəyə qədər top iki dəfə “Las-Palmas”ın qapısından keçdi. Ancaq Levandovski ilə Rafinyanın qolları ofsayd üzündən qeydə alınmadı. İkinci halda hakimin qərarı yetərincə şübhəli idi. Tezliklə kataloniyalılar say üstünlüyü qazandı. 24-cü dəqiqədə Rafinya təkbətək çıxdı. Ancaq onu cərimə meydançası xaricində kobudluqla dayandıran qapıçı Valyes birbaşa qırmızı vərəqə ilə qovuldu. Azlıqda qalandan sonra hamılıqla müdafiəyə çəkilən qonaqlar “Barsa”nın təzyiqinə davam gətirmədi. Ofsayd tələsi heç də həmişə işə yaramadı. Sonradan meydana çıxan Feliş saatın tamamında əla ötürmə ilə Rafinyanın fərqlənməsinə şərait yaratdı. Bir neçə dəqiqə sonra Feliş özü də fərqlənə bilərdi. Ancaq onun zərbəsin zamanı top tirə və dirəyə dəysə də, tora düşmədi. Sona yaxın sakitləşən kataloniyalılar az qala buna görə cəzalanacaqdı. Moleyro topu tora yandan vurdu.

“Atletik” yenə də “Real”a layiqincə müqavimət göstərə bilmədi. Əlbəttə, Ernesto Valverde bəzi oyunçularını kubokun finalı üçün qorudu. Ancaq onun komandası meydana yalnız qol buraxmamaq üçün çıxmışdı ki, bu niyyət də artıq 8-ci dəqiqədə puç oldu. Maraqlıdı ki, basklar qol buraxandan sonra cəsarətlənmək əvəzinə yenə də ehtiyatlı oyunu davam etdirdilər. Çox güman, standart vəziyyət hesabına təsadüfi bərabərlik qolu vurcaqlarını düşünürdülər. “Real” isə dəfələrlə fərqi artırmağa yaxın oldu. Valverde, Çuameni, Dias əlverişli imkanı qaçırdı. Sonuncunun zərbəsi dirəkdən döndü. Qonaqlar yeganə real qol vəziyyətini, doğrudan da, standart vəziyyətdən sonra yaratdı. Künc zərbəsinin ardından İnyaki Uilyamsın təhlükəli zərbəsini Lunin dəf etdi. Valverdenin dəyişiklikləri oyunu gücləndirmədi, əksinə, sona 15 dəqiqə qalmış “Real”, daha dəqiqi, Rodriqo növbəti qolu vurdu. Rodriqoya Bellingem assistentlik etdi. “Real” yenidən “Barsa” ilə 8 xal fərqini bərpa etdi.

“Jirona” dramatik şəraitdə keçən oyunun uzatma dəqiqələrində “Betis”in qapısından qələbə topunu keçirdi. Kataloniyanın kiçik təmsilçisi evdə ardıcıl 3-cü qələbəsini qazandı, “Betis” isə ardıcıl 4-cü oyunda uduzdu. Dovbiklə Villianın qol duelində 90+2-ci dəqiqədə sonradan meydana çıxan Stuani müdaxilə etdi.

“Real Sosyedad” da çempionatda ardıcıl 3-cü qələbəsini qazandı. San-Sebastyan təmsilçisi səfərdə “Alaves”dən üstün oldu. Kiçik bask derbisi qol vəziyyətləri sarıdan kasad alındı. “Real Sosyedad” hər iki hissədə üstün oynasa da, qələbə yolunda əziyyət çəkməli oldu. Qonaqların çoxsaylı künc zərbələrindən biri 59-cu dəqiqədə qolla nəticələndi. “Sürüşkən” hesab qonaqların özünü rahat hiss etməsinə imkan vermirdi. Uzatma dəqiqələrində meydan sahibləri az qala bərabərlik qolunu vuracaqdı. “Betis”in məğlubiyyətindən yararlanan “Real Sosyedad” Sevilya klubundan artıq 7 xal uzaqlaşdı. Ancaq baskların “ÇL zonası”na düşməsi çətindi.

Turun qalan oyunlarına gəlincə, elitada qalmaq uğrunda mübarizəni davam etdirən “Kadis” turnir cədvəlindəki qonşusu “Qranada” üzərində çox önəmli qələbə qazandı. “Xilaskar” 17-ci yerdən 14 xal uzaq düşən “Qranada”nın, eləcə də hesabat turunda “Osasuna” önündə darmadağın olan “Almeriya”nın aşağı dəstəyə yuvarlanacağına heç kim şübhə etmir. Amma “Sevilya” və “Malyorka” azarkeşlərini sevindirməkdədi. Təcrübəli Ramos komandasına cari mövsümdə 3-cü səfər qələbəsini qazandırdı. “Malyorka” da “Valensiya” ilə oyundan xalla ayrıldı və həvəslə şənbə günü “Atletik”lə keçirəcəyi kubokun final oyununa hazırlaşır. Turun 2-ci qolsuz heç-heçəsi “Selta” – “Rayo Valyekano” oyununda qeydə alındı. Dünən axşam keçirilən son oyunda isə “Atletiko” səfərdə “Vilyarreal”a qalib gəldi.

30-cu tur
Real – Atletik 2:0
Rodriqo, 8; 73. (72991)
Real: Lunin, Mendi, Rüdiger, Naço, Karvaxal (Militao, 90+2), Kroos (Kamavinqa, 81), Valverde (Vaskes, 81), Çuameni, Dias (Xoselu, 72), Rodriqo (Modriç, 81), Bellingem.
Atletik: Agirresabala, Lekue, Paredes, Yeray (Vivian, 25), De Markos (Berçiçe, 57), Prados (De Qalarreta, 57), Vesqa, Berenger, İ.Uilyams, Sanset (Munyain, 76), Quruseta (Ares, 58).
Barselona – Las-Palmas 1:0
Rafinya, 59. (46788)
Barselona: Ter Ştegen, Kanselo, Martines, Kubarsi, Kunde, Roberto (Romeo, 81), Gündoğan, Lopes (Feliş, 56), Rafinya, Yamal (Torres, 71), Levandovski (Roke, 81).
Jirona – Betis 3:2
Dovbik, 36-p.; 65. Stuani, 90+2 – Villian, 45+4; 76. (12774)
Jirona: Qassaniqa, Blind, Lopes (Stuani, 82), E.Qarsiya, Qutyerres, A.Qarsiya, Martin (Xuanpe, 90+6), Kouto, Portu (Torre, 82), Sıqankov (Errera, 82), Dovbik (Fernandes, 90+6).
Alaves – Real Sosyedad 0:1
Paçeko, 59. (18575)
Kadis – Qranada 1:0
Navarro, 51. (15422)
Xetafe – Sevilya 0:1
Ramos, 5. (10139)
Almeriya – Osasuna 0:3
Arnais, 2. Budimir, 9. Munyos, 61. (10565)
Valensiya – Malyorka 0:0
(42567)
Selta – Rayo Valyekano 0:0
(21505)
Vilyarreal – Atletiko 1:2
Sörlot, 50 – Vitsel, 9. Saul, 87. (19679)
1. Real 30 23 6 1 66-20 75
2. Barselona 30 20 7 3 61-34 67
3. Jirona 30 20 5 5 62-36 65
4. Atletiko 30 18 4 8 56-35 58
5. Atletik 30 16 8 6 50-28 56
6. Real Sosyedad 30 13 10 7 43-31 49
7. Betis 30 10 12 8 36-36 42
8. Valensiya 29 11 8 10 32-32 41
9. Osasuna 30 11 6 13 36-43 39
10. Vilyarreal 30 10 8 12 48-53 38
11. Xetafe 30 9 11 10 37-43 38
12. Las-Palmas 30 10 7 13 29-33 37
13. Alaves 30 8 8 14 26-36 32
14. Malyorka 30 6 13 11 25-35 31
15. Sevilya 30 7 10 13 37-44 31
16. Rayo Valyekano 30 6 12 12 25-38 30
17. Selta 30 6 10 14 32-44 28
18. Kadis 30 4 13 13 21-40 25
19. Qranada 29 2 8 19 30-59 14
20. Almeriya 30 1 10 19 28-60 13
Bombardirlər: Bellingem (Real), Budimir (Osasuna), Dovbik (Jirona) – 16, Mayoral (Xetafe) - 15, Morata (Atletiko), Sörlot (Vilyarreal) - 14.
Növbəti turun oyunları aprelin 12-15-i aralığında keçiriləcək: Betis – Selta, Atletiko – Jirona, Rayo Valyekano – Xetafe, Malyorka – Real, Kadis – Barselona, Las-Palmas – Sevilya, Qranada – Alaves, Atletik – Vilyarreal, Real Sosyedad – Almeriya, Osasuna – Valensiya.

Turun rəqəmi
30 – Bellingem cari mövsümdəki məhsuldar hərəkətlərinin sayını bu həddə çatdırdı. 20 yaşlı britaniyalı “Real”dakı debüt mövsümündə bütün turnirlərdə keçirdiyi 32 oyunda 20 qol vurub, 10 məhsuldar ötürmə verib.

Turun ulduzu
Rodriqo Silva (Real) – həmvətəni Vinisiusun yoxluğunda komandanın əsas zərbə gücü idi. Hər iki qolda hücumu mükəmməl şəkildə bitirdi, qapıçıya heç bir şans vermədi. İki zərbə, iki qol – belə məhsuldarlığa yalnız həsəd aparmaq olar.

Turun sitatı
Miçel, “Jirona”nın baş məşqçisi:
“Stuani “Jirona” tarixinin ən vacib oyunçusudu. Və bizi Çempionlar Liqasına yaxınlaşdırır. Çempionluq? Bu hədəf o qədər böyükdü ki, bu yolda çatdığımız kiçik hədəflər gözə dəymir”.

Faktlar
* Ramos karyerasında 140-cı qolu vurdu. Bunlardan 101-i “Real”ın, 10-u “Sevilya”nın, 6-sı PSJ-nin, 23-ü isə İspaniya yığmasının payına düşür. 38 yaşlı müdafiəçi karyerası boyunca 988 oyun keçirib.
* “Real” çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 24-ə çatdırdı – 18 qələbə, 6 heç-heçə. “Ağ şimşəklər” sonuncu dəfə ötən il sentyabrın 24-də “Atletiko”ya uduzub (1:3). Bu göstəricidə La Liqanın rekordu “Barselona”ya məxsusdu – 43 oyun (2017-nin aprelindən 2018-in mayına qədər).
* “Betis”lə oyunda dubl edən Dovbik cari mövsümdəki qol sayını 16-ya çatdırdı. Ukraynalı forvard “Jirona”nın tarixinə mövsüm ərzində ən azı 15 qol vuran 2-ci futbolçu kimi düşdü. Əvvəllər bunu yalnız Stuani (2017/18 mövsümündə 21, 2018/19 mövsümündə 19 qol) bacarmışdı.

Reaksiya
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Oyunçuların əksərinin yığmaların düşərgəsindən döndüyünü nəzərə alsaq, oyun çətin ola bilərdi. Oyuna çox yaxşı başladıq, tezliklə irəli çıxdıq. Müdafiədə yığcam, mütəşəkkil oynadıq, riskə yol vermədik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
40
football-plus.az

10Mənbələr