AZ

Azərbaycan Kuboku: Son qalib Zirədə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin növbəti ilk oyunu keçirilib.

Arena.az xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmanı İnqilab Məmmədov idarə edib.

Sözügedən komandalar bu günə qədər kubokda bir dəfə üz-üzə gəlmişdilər. 2015/2016 mövsümündə “Qəbələ” bu rəqibini 1/4 final mərhələsi çərçivəsində həm səfərdə, həm də evdə (2:1, 5:1) məğlub edərək yarımfinala yüksəlmişdi.

Kubok komandası hesab edilən “Qəbələ” Premyer Liqada çox uğursuz bir mövsüm keçirir. Sonuncu pillədə olan əyalət təmsilçisi yenə kubokda finala çıxmaqla çempionatdakı uğursuzluğu unutdurmaq arzusundadır. Amma “Zirə” də avrokuboklara vəsiqə qazanmaq üçün hər iki turnirdə uğurlu çıxışını davam etdirmək istəyir.

Rəşad Sadıqovun çalışdırdığı paytaxt təmsilçisi kubokun sonuncu qalibi ilə ev oyunundan uğurlu nəticə ilə ayrılmağı bacarıb. Belə ki, üç qolluq qarşılaşma “Qəbələ”nin məğlubiyyəti ilə yekunlaşıb. Amma matçın sonlarında təsəlli qoluna imza atan əyalət təmsilçisi hələ mərhələ adlamaq şanslarını saxlayır.

Xatırladaq ki, yarımfinalın digər görüşündə bir gün öncə “Qarabağ” əzəli rəqibi “Neftçi”yə səfərdə 4:0 hesabıyla qalib gəlməklə demək olar ki, cütün taleyini həll edib.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunu
2 aprel

“Zirə” – “Qəbələ” 2:1
Qollar: Salifu Suma, 51. Rafael Utziq, 66 – Fares Abu Akel, 90.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 70. İssa Cibrilla, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 53. Elnur İbragimov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Fares Abu Akel.
Baş məşqçi: Kaxaber Sxadadze.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
arena.az

1Mənbələr