AZ

Bölgəmizdə yeni, çirkin oyuna başlamaq istəyirlər: Bakı buna imkan verməyəcək

Müəllif: Elçin Alıoğlu, Trend

Rəsmi Bakı heç zaman Brüssel və Vaşinqtondan İrəvan kimi qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb.

Aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olması əvəzinə, gərginliyin daha da artmasına, Ermənistanın revanşizm niyyətlərinin güclənməsinə, rəsmi İrəvanın ordusunu sürətlə silahlandırmaq kimi təhlükəli planlarının Qərb tərəfindən dəstəklənməsi ilə yeni çağırışlarla risklərin formalaşmasına səbəb ola bilər.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Brüsseldə keçiriləcək görüşün İrəvana hərbi dəstək məsələsi, həmçinin, Parisin Ermənistanın hərbiləşdirilməsi planlarını əhatə etməsindən narahatdır.

Azərbaycan XİN-nin məsələ ilə bağlı yaydığı bəyanatda deyilirdi: "Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar, həmçinin, AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin Cənubi Qafqaz regionuna münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib.

Brüssel konfransı, daha doğrusu, baş nazir Nikol Paşinyanın Qərbdən aldığı vədlərə tam inanması üçün Ermənistana "total dəstək verilməsi"nin ehtiva olunduğu ABŞ-Aİ-Ermənistan görüşünün rəsmi Bakını qayğılandırdığını Vaşinqton anlayır.

Brüsseldə ABŞ-nin nümayəndə heyətinə başçılıq edəcək dövlət katibi Antoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.

Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq, məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Həmçinin, dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.

... A.Blinken təcrübəli diplomatdır və kazuistik ifadələrdən istifadə edərək, "Brüssel görüşü Azərbaycana qarşı deyil" söyləyir.

Belə deyil.

Əvvəla, Birləşmiş Ştatlar əgər həqiqətən də, Cənubi Qafqazda sülh və stabillik istəyirsə, onda nədən aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham edəndə A.Blinken heç bir reaksiya vermədi?!

Axı A.Blinken və ümumiyyətlə, Vaşinqton bilməmiş deyillər ki, Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir.

Bundan başqa, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında Brüsseldə keçiriləcək görüşdə Ermənistanın Avro-Atlantik məkana inteqrasiyasını sürətləndirmək üçün İrəvana siyasi, iqtisadi, hərbi və humanitar yardım planının təsdiqlənməsi planlaşdırılır. Eyni zamanda, MDB üzvü olan ölkələr arasında hələ misli görünməmiş sənədin - Ermənistanla Qərb arasında təhlükəsizlik sahəsində əməkdaşlığın razılaşdırılması gözlənilir.

Belə ki, kiberməkanda əməkdaşlıq sahəsində tərəflər ABŞ-Ermənistan və Aİ-Ermənistan kiberdialoq formatını işə salmağı planlaşdırırlar. Bu format həm də kibertəhdidlər və kritik infrastrukturun mühafizəsi məsələləri sahəsində müntəzəm məsləhətləşmələr üçün platformaya çevriləcək. İrəvan Qərb tərəfdaşlarının köməyilə kompüter insidentlərinə operativ reaksiya verən qrupların imkanlarını gücləndirmək niyyətindədir. Bu addım faktiki olaraq Ermənistanın internet və İT infrastrukturuna nəzarətin Qərb tərəfdaşlarına keçməsinə gətirib çıxara bilər. Eyni zamanda, hibrid və kibertəhdidlərə qarşı mübarizədə avropalılar İrəvana Strateji Kommunikasiyalar üzrə Avropa Əməliyyat İşçi Qrupu - "STRATCOM" ilə əməkdaşlıq təklif edəcəklər.

Brüssel görüşünün "əlamətdar nailiyyəti" Rusiyanın məhdudlaşdırıcı tədbirləri zamanı İrəvanın iqtisadi və sosial nəticələrin öhdəsindən gələ bilməsi üçün Ermənistana büdcə dəstəyinin göstərilməsi üçün ABŞ və Avropa İttifaqının əlavə maliyyə resursları ayırması olacaq. Xüsusilə Qərb tərəfdaşları Ermənistan hökumətinin aşağı likvidlik və yüksək inflyasiya risklərini yumşaltmaq səylərini dəstəkləməklə yanaşı, Ermənistanı zəruri mal və xidmətlərə, eləcə də strateji istehlak məhsullarına maneəsiz çıxışı təmin etmək niyyətindədir. Ermənistanın maliyyə sabitliyini yaxşılaşdırmaq üçün İrəvanın xarici borcunun təcili silinməsi və ya onun restrukturizasiyası variantlarının müzakirəsi gözlənilir. Ənənəvi satış bazarlarında fors-major hallar yaranarsa, Aİ Ukraynadakı kimi Ermənistanın kənd təsərrüfatı məhsulları üçün kvotalar haqqında müddəaları nəzərdən keçirməyi planlaşdırır.

ABŞ və Aİ böhranlı vəziyyətlərdə enerji təchizatını təmin etmək üçün Ermənistana strateji yanacaq ehtiyatları yaratmağa kömək etməyə hazırdır. Ermənistanın elektrik şəbəkələrinin modernləşdirilməsi və enerjiyə qənaət edən texnologiyalardan istifadə etməklə, enerji səmərəliliyi proqramının həyata keçirilməsi üçün xüsusi yardım fondunun yaradılması nəzərdə tutulur.

Enerji təchizatının şaxələndirilməsi və Rusiyadan asılılığın azaldılması məsələsində Ermənistana yardım göstərilməsinə dair razılığın əldə olunması gözlənilir. Beləliklə, Gürcüstanda "Qızılgül inqilabı"ndan sonra həyata keçirilən plana bənzər Ermənistanı Qərbin razılığına çevirmək planı işə düşəcək.

Ən böyük marağı ABŞ və Aİ-nin Ermənistana hərbi əməkdaşlıq və hərbi yardım planları, o cümlədən, qabaqcıl hərbi texnologiyaların və silah sistemlərinin ötürülməsi, Ermənistan ordusu üçün təlim proqramlarının və məşqlərinin sayının artırılması planlar yaradır.

Xüsusilə Ermənistanın hərbi ehtiyaclarını təmin etmək üçün Aİ hazırda Rusiya ilə müharibədə Ukraynaya hərbi dəstəyin maliyyələşdirilməsində əsas alət olan Avropa Sülh Fondunun (EPF) mexanizmlərindən istifadə etməyi öhdəsinə götürür.

Görüşün nəticəsi olaraq Amerikanın Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Ermənistan ordusunun qabaqcıl hərbi texnika və texnologiya ilə təmin edilməsi planı razılaşdırılacaq. İlkin mərhələdə ABŞ Ermənistanı müasir anti-dron və hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır. ABŞ-nin Beynəlxalq Hərbi Təhsil və Təlim proqramı vasitəsilə Amerika hərbi təhsil müəssisələrində erməni hərbçilərin hazırlanması və ixtisaslarının artırılması üçün fəaliyyətlər planlaşdırılacaq.

Amerikalılar Ermənistan ordusunun kiçik zabitlərinin peşəkar hazırlığı sahəsində də köməklik göstərəcəklərinə söz verirlər. Bundan əlavə, Ermənistan hərbi birləşmələrinin ABŞ Silahlı Qüvvələri ilə döyüş effektivliyi və qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədilə ABŞ-Ermənistan birgə təlimlərinin sayının artırılması gözlənilir. Gələcəkdə ABŞ Ermənistanın xüsusi əməliyyat qüvvələrinə, xüsusən də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin guya "ölkə ərazisindən keçən beynəlxalq kommunikasiyaların mühafizəsinin təşkili" məqsədilə yaradılan xüsusi bölməsinə təlim keçəcək.

Ermənistanın kəşfiyyat xidməti ilə Qərb tərəfdaşları arasında sıx əməkdaşlıq qurmaq planlarını "Frontex" (Aİ Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi) ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibinə daxil olan erməni sərhədçiləri arasında planlaşdırılan dialoqda da görmək olar. Bununla yanaşı, Aİ-nin Ermənistandakı missiyasının uzunmüddətli fəaliyyətini təmin etmək və imkanlarını genişləndirmək məqsədilə Brüssel və İrəvan arasında birgə səylərin birləşdirilməsi gözlənilir.

Brüssel görüşünün yekunu olaraq tərəflər ABŞ-Ermənistan ikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üzərində işləməyə başlayacaq, həmçinin Aİ-Ermənistan arasında yeni genişləndirilmiş əməkdaşlıq proqramının qəbulunu sürətləndirəcəklər. Bu mənada Brüssel və İrəvan təhlükəsizlik və müdafiə üzrə müntəzəm məsləhətləşmələrə başlamağı planlaşdırır.

Fransa kəşfiyyatına yaxın "Intelligence Online" media resursunun məlumatına görə, Pentaqon artıq özəl hərbi şirkətlər vasitəsilə İrəvana hərbi yardım göstərmək planlarını həyata keçirməyə başlayıb. Xüsusilə nəşrin məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin subpodratçısı, Virciniyadan olan "Culmen International Group" şirkəti artıq Ermənistanın hərbi infrastrukturunun NATO standartlarına uyğunlaşdırılması üzərində işləyir. Bu şirkət Ermənistan Müdafiə Nazirliyinə strateji planlaşdırma və dəstək, silahların tədarükü və logistik təchizat zəncirlərinin yaradılması məsələləri üzrə məsləhətlər verir. Şirkətə Ermənistan ordusunun "sovet modeli"ndən "Qərb standartlarına" keçidini təmin etmək tapşırılıb. Qərbin təcəssüm etdirdiyi ssenarinin Ukraynada təkrarı var. Belə ki, Pentaqonla əlaqəli özəl hərbi şirkətlər (PMC) əvvəlcə Ukrayna ordusuna təlim keçib.

Beləliklə, Ermənistanın "ukraynalaşması" baş verir - regionda disbalans yarada biləcək təhlükəli oyun baş verənləri diqqətlə izləyən Moskva və Tehranın, eləcə də, Bakı və Ankaranın kəskin reaksiyasına səbəb olacaq, Cənubi Qafqazda yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxaracaq.

Yaşanan proseslərin əsas hədəflərinin sadəcə Azərbaycan yox, İran, Rusiya və Türkiyə olduğu da bəllidir.

Sürəkli olaraq "Cənubi Qafqazdakı qırmızı cizgilərindən bəhs edən İranın çox paradksal sükut nümayiş etdirməsi, Ermənistan ərazisində Qərb hərbçilərinin sayının fasiləsiz və həndəsi silsilə ilə artdığını müşahidə etməsi rəsmi Tehranın aktivləşməsini zəruriləşdirir.

Ən azı ona görə ki, Qərbin bölgəmizdə başladığı yeni geosiyasi oyun və həyata keçirməyə çalışdığı geostrateji ssenari 3-cü Dünya Müharibəsinin ilkin mərhələsinin tərkib hissəsinə, dünya düzəninin yenidən bölüşdürülməsinin yeni formatının parçasına bənzəyir.

Qərbi anlamaq "olar": Azərbaycan ərazilərinin 20 faizinin işğalda olduğu 30 il ərzindəki "status-kvo" Vaşinqtonu, Brüsseli, Parisi tam təmin edirdi.

Lakin İlham Əliyev neoimperializmin bu mənhus regional yanaşmasını dağıtdı, yaramaz və ikili standartlara əsaslanan siyasət üzərində qurularaq onillər davam edən reallıqları məhv etdi, yeni geosiyasi reallıqlar formalaşdırdı.

Qərb məhz bununla razılaşmır, buna görə Azərbaycana qarşı bütün istiqamətlərdə təzyiqlərə cəhd edir.

Ukraynadakı müharibədən sonra Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə formalaşdırmaq istəyən Qərbin destruktiv əməllərinə İranla bahəm, Gürcüstan da sükutla yanaşmamalı, Bakının obyektiv mövqeyini dəstəkləməlidir.

Rusiya isə təbii, Ermənistandakı proseslərlə bağlı artıq aktiv mövqeyini nümayiş etdirəcək, çünki Moskva Ukrayna ilə bağlı proseslərdən dərsini alıb. Rusiya eynən Ukraynadakı kimi astagəl davranarsa, Cənubi Qafqazla da vidalaşacaq.

Ermənistana gəldikdə, Nikol Paşinyanın yürütdüyü siyasət nəticəsində erməniləri Ukrayna, Suriya və Yəmənin taleyi gözləyir.

Nə baş verməsindən, proseslərin hansı məcrada istiqamətlənməsindən asılı olmayaraq, Azərbaycan Cənubi Qafqazda yeni münaqişənin yaranmasına, qarşıdurmanın alovlanmasına, Ermənistanın revanş yanğısı ilə "hərbi dirçəliş"inə imkan verməyəcək.

Bu, bizim qəti və son mövqeyimizdir.

Seçilən
80
2
Mənbələr
Şərh ()
Bağla