AZ

Təhsildə müasir tənzimləmə üsullarına keçid etməliyik

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Rektorun dediklərində həqiqət var

“Əgər lazımi dəyişikliklər, zəruri islahatlar aparılarsa, Azərbaycan elmi, təhsili dünyada özünü təsdiq edə bilər. Bunun üçün bizim potensialımız var”  Ölkəmizdə təhsilin keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Hazırda paytaxtda keçirilən elm günləri çərçivəsində təhsilin inkişafı ilə bağlı ciddi müzakirələr aparılıb. Bakı Slavyan Universitetində "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində "İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar" mövzusunda məlumat sessiyası keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, eləcə də həmin fakültənin bir neçə müəllimi, ADPU və ADU-nun müəllimləri, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Reyhan Cəfərova, “Kapital Bank”ın nümayəndəsi Nihad Salmanlı, BSU Məktəb-Lisey kompleksinin direktoru və şagirdləri, BSU-nun elmi-pedaqoji heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu günün Azərbaycan tarixində xüsusi əhəmiyyətli tarix olduğunu xatırladaraq Aprel döyüşlərinin şanlı zəfərimizin başlanğıcı olduğunu bildirib. Rektor ali təhsil müəssisələrinin Prezident İlham Əliyevin imzaladığı 2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının tələblərindən irəli gələrək fəaliyyət göstərmələrinin vacibliyindən danışıb. BSU-nun bir ali təhsil müəssisəsi kimi autizm və inklüziv təhsilə baxışından söz açan Anar Nağıyev universitetdə ənənəvi olaraq Beynəlxalq Autizm Aylığı və “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanıldığını vurğulayıb. Rektor bugünkü tədbirin keçirilməsində məqsədin inklüziv cəmiyyətdə yeni imkanlardan bəhs etmək olduğunu qeyd edərək fərq yaratmağı bacaran istedadlı tələbə və şagirdlərə öz minnətdarlığını bildirib. BSU-nun Filologiya fakültəsinin 2022-ci il məzunu, Xəzər TV-nin suflyor operatoru, fiziki məhdudiyyətli şəxs Kəmalə Babayeva fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası haqqında təqdimatla çıxış edib. "Bakı Slavyan Universitetinə qəbulum mənim uğurlarımın başlanğıcı oldu", - deyə qeyd edən Kəmalə öz şəxsi təcrübələri əsasında inklüziv cəmiyyət ilə bağlı fikirlərini bölüşüb. Quba şəhəri M.Niftəliyev adına Texniki Təmayüllü Liseyin X sinif şagirdi Zamiq Şükürovun görmə əngəlli insanlar üçün hazırlanmış ixtirasının təqdimatı olub. Məktəbli “The Right Way”adlı ixtirasının hazırlanma mərhələsi, onun iş prinsipi, üstünlükləri barəsində danışıb.
  Bakı Dövlət Universitetinin II tədris ili tələbələri Aydan Zeynalova və Yaxşıxanım Hüseynova Səxavət Məmmədov adına tam orta məktəbin X sinif şagirdi Hüseyn Hüseynovla birgə fiziki məhdudiyyətli şəxslər və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün hazırladıqları "Yardım maşını" layihələrini təqdim edərək tədbir iştirakçılarına layihələri haqqında ətraflı məlumat veriblər. Sonra BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Reyhan Cəfərova, “Kapital Bank”ın nümayəndəsi Nihad Salmanlı mövzu ətrafında çıxışlar ediblər. Çıxışlarda innovasiyanın təhsilin əsas göstəricisi olduğu bildirilib, təqdimatlarla çıxış edən gənclərə təşəkkür edilib. Eyni zamanda onların təşəbbüslərinin daim dəstəklənəcəyi qeyd edilib. Sonda tədbirdə çıxış edən gənclərə Beynəlxalq Autizm Aylığı çərçivəsində inklüziv cəmiyyətin qurulmasında innovativ ideyaların təşkili və səmərəli fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub.
  Elm günləri çərçivəsində növbəti müzakirələr magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması yolları olub. Tədbirdə BMDM və UNEC Biznes Məktəbində magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması, sifarişli dissertasiya və ya tədqiqat işlərinin yazılması, tədqiqat işlərinə görə təqaüdlərin ayrılması, tədqiqatın problemi və predmetinin müəyyən edilməsi zamanı magistrlərin üzləşdiyi çətinliklərdən bəhs olunub. Eləcə də doktorluq dissertasiya işlərinin yazılması və müdafiəsi zamanı yaranan problemlərin aradan qaldırılması, birgə elmi əməkdaşlığın qurulması, xarici elmi rəhbərlərin cəlbi, aktual tədqiqat mövzularının seçilməsi istiqamətində fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edilib.
  Elm günlərində növbəti müzakirə “Beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması” mövzusunda keçirilib. BƏD-in təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici maliyyələşdirmə donorları, eləcə də regional, beynəlxalq və hökumətlərarası layihələrin yazılması ilə bağlı aktual mövzular haqqında təqdimat olub. Sonra UNEC əməkdaşlarının xarici nüfuzlu tədqiqat proqramları haqqında məlumatlılığının artırılması, Elm bloku tərəfindən infosessiya və təlimlərin təşkili, tədqiqat proqramları ilə əlaqədar informasiyanın aktiv disseminasiyasının həyata keçirilməsi və bu istiqamətdə yaranan problemlər barədə müzakirələr aparılıb və onların həllinə dair qərarlar qəbul edilib.
  Elmi müzakirələrlə bağlı fikirlərini “Sherg.az"la bölüşən təhsil eksperti Kamran Əsədov keçirilən müzakirələrin elmimizin inkişafına töhfə verəcəyini qeyd etdi:
- Əvvəla, Azərbaycan İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun bir açıqlamasına diqqət çəkmək istəyirəm. Rektor baxın, hansı vacib məsələlərə diqqət yönəldir. Bildirir ki, elm sahəsində böyük dövlətlərin, güclü iqtisadiyyatların hakim mövqeyi davam edir və çox ehtimal ki, ən azından yaxın gələcəkdə də belə olacaq. Bu şəraitdə Azərbaycan kimi kiçik iqtisadiyyatlı ölkələrdə beynəlxalq elmi əməkdaşlıq qaçılmaz zərurətə çevrilir. Həm də hazırda elmin genişlənən rəqəmsallaşması kiçik iqtisadiyyatların tədqiqatçıları ilə böyük iqtisadiyyatların tədqiqatçıları arasında elmi əməkdaşlıq imkanlarını olduqca artırır. Ölkəmizin üç universitetinin dünyanın ən yaxşı 800 universiteti sırasına daxil olması tapşırığının icrası, buna mane olan, beynəlxalq elmi əməkdaşlıq baxımından universitetlərin imkanını “sovetlər sayağı” məhdudlaşdıran qərarlardan və əsassız qadağalardan imtinanı tələb edir və müasir tənzimləmə sisteminə keçidı qaçılmaz edir. Rektorun dediklərində həqiqət var. Biz təhsildə müasir tənzimləmə üsullarına keçid etməliyik. Bunun üçün də məhdudlaşdırıcı qərarlar, əsassız qadağalar aradan qaldırılmalıdır. Əslində, bizim potensial gücə malik ali məktəblərimiz var, savadlı tələbələr yetişir. Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal iqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili beynəlxalq NASA (National Aeronautics and Space Administration) təşkilatının əsas veb-saytında səhv aşkarlayaraq, şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə edib. UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd - Hall of fame” siyahısına daxil edilib. Kənan Fərzəlili informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də aldığı bilik və bacarıqlar sayəsində kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssis kimi yetişərək, ilk uğuruna imza atmış olub. Bu, Azərbaycan təhsilinin uğurudur və əgər lazımi dəyişikliklər, zəruri islahatlar aparılarsa, Azərbaycan elmi, təhsili dünyada özünü təsdiq edə bilər. Bunun üçün bizim potensialımız var.  K.Əsədov qeyd etdi ki, təhsil sahəsində müsbət addımlardan biri də "Coursera" tədris proqramının Azərbaycan dilinə tərcüməsinin planlaşdırılmasıdır: - Bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov "IT Hub Azerbaijan" layihəsinin bağlanış mərasimində bildirib. Qeyd edib ki, ötən il 4SİM "4Sİ Akademiyası" (Dördüncü Sənaye İnqilabı Akademiyası) layihəsini işə salıb. Bu təşəbbüs dördüncü sənaye inqilabı, o cümlədən süni intellekt, verilənlərin analitikası, blokçeyn, bulud texnologiyaları sahəsində və digər istiqamətlər ixtisaslaşmasını artırmaq istəyən 10 min nəfər üçün platforma təklif edir. Tədris proqramının Azərbaycan dilinə tərcüməsi planlaşdırılır. Qeyd edilir ki, "Coursera" 275-dən yuxarı aparıcı universitet və şirkətlərlə əməkdaşlıq edərək bütün dünyada fərdi şəxslər və qurumlar üçün çevik, əlçatan və onlayn təlimlər təklif edir. Bu, müsbət irəliləyişdir və biz bu cür müasir çağırışlara adekvat cavab verməliyik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1127
48
sherg.az

10Mənbələr