AZ

Bu ölkə ilə ilk konsulluq məsləhətləşmələri keçirildi

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan və Monteneqronun Xarici İşlər Nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat paylaşıb.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Montenegro nümayəndə heyətinə isə Monteneqronun Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə Baş Direktoratlığının direktoru vəzifəsini icra edən İvana Dokanoviç rəhbərlik edib.

"Görüşdə Azərbaycanın Serbiyadakı, eyni zamanda Monteneqro və Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev iştirak edib. Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan ilə Monteneqro arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib. Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar",-məlumatda qeyd edilib.

Diqqətə çatdırılıb ki, məsləhətləşmələr çərçivəsində iki ölkənin daxili işlər, miqrasiya, əmək və sosial müdafiə sahələri üzrə səlahiyyətli dövlət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi təklifləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti mərhələsinin 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.

Seçilən
140
18
Mənbələr
Şərh ()
Bağla