AZ

BMT-nin Uşaq Fondunun nümayəndə heyəti Naxçıvanda olub

BMT-nin Uşaq Fondunun (UNICEF) Naxçıvanda səfərdə olan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində nazirin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovla görüşüblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Muxtar respublikanın Səhiyyə Nazirliyindən bildirilib ki, Samiq Sadıxov nümayəndə heyətinin Naxçıvana növbəti işgüzar səfərindən məmnunluğunu ifadə edib. Görüşdə patronaj, “Körpə Dostu Klinikası” təşəbbüsləri və immunizasiya sahəsində mövcud vəziyyət təhlil edilib, Ümumdünya İmmunizasiya Həftəsi üçün nəzərdə tutulan tədbirlərin planlaşdırılması müzakirə olunub. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyində səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova Naxçıvanda islahatların sürətlə həyata keçirilməsindən və səhiyyə sahəsində yeni təşəbbüslərə açıq olmasından məmnunluğunu ifadə edərək regionu bütün ölkə üçün potensial nümunə kimi qiymətləndirib.

Xatırladaq ki, UNICEF-in mütəxəssisləri aprelin 2-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində "Körpə Dostu Klinikası" təşəbbüsü və Universal Proqressiv Ev Ziyarəti üzrə təlimlər keçirlər. Təlimçi mütəxəssislər “Körpə Dostu Klinikası” təşəbbüsü üzrə işlərin təşkili üçün Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin, Babək Rayon Mərkəzi Xəstəxanasının, Nehrəm qəsəbə sahə xəstəxanasının, Cəhri qəsəbə sahə xəstəxanasının, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının, Şərur Regional Tibb Mərkəzinin rəhbərliyi və həkim heyəti ilə görüşlər, həmçinin doğum işçiləri üçün mövzu ilə bağlı təlimlər keçiblər. “Körpə Dostu Klinikası” təşəbbüsü təlimlərində praktik təlimlər də keçirilib, növbəti aylar üçün “Fəaliyyət planı” hazırlanıb. Təlimlər çərçivəsində “İmmunizasiya dəstəklənməsinə dair fəaliyyət planı”nın hazırlanması üçün aidiyyəti səhiyyə işçiləri ilə də görüşlər təşkil olunub.

Universal Proqressiv Ev Ziyarəti (UPHV) modelinin tətbiqi üzrə təlimlərdə isə kurator və dəstəkləyici supervisorlarla görüş və yeni modelə keçid, hesabatlılıq, superviziya, erkən uşaqlıq dövründə inkişaf mövzularında müzakirələr aparılıb. UNICEF-in mütəxəssisi, 1 kurator və 2 dəstəkləyici supervisorın iştirakı ilə Şahbuz, Ordubad, Culfa, Babək, Şərur rayonlarına sahə ziyarətləri təşkil olunub. Universal Proqressiv Ev ziyarəti modelinin (UPHV) tətbiqi üzrə növbəti aylar üçün “Fəaliyyət planı” hazırlanıb, erkən uşaqlıq dövründə müdaxilə xidmətləri üzrə vəziyyətin təhlili və işin planlaşdırılmasının təşkili üçün məsul səhiyyə işçiləri ilə görüş keçirilib.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla