AZ

Lionel Messisiz “İnter Mayami” “Monterrey”ə də məğlub oldu

CONCACAF Çempionlar Kubokunun 1/4 finalının ilk görüşündə “Monterrey”ə qarşı ev oyununa Lionel Messisiz çıxmış “İnter Mayami” məğlub olub.

Arena.az məlumat verir ki, Fort-Loderdeyldəki “Çeyz Stedium”da keçirilmiş oyun Meksika təmsilçisinin “İnter Mayami” üzərində 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

19-cu dəqiqədə “İnter Mayami”nin argentinalı müdafiəçisi Tomas Aviles yarımmüdafiəçi Yulian Qresselin ötürməsi ilə oyunda hesabı açıb. 65-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi David Ruis ikinci sarı vərəqəsini alaraq meydandan qovulub. Meksikalı qonaqlar bu üstünlüklərindən dərhal istifadə ediblər. Oyunun 69-cu dəqiqəsində qonaqların argentinalı yarımmüdafiəçisi Maksimiliano Mesa hesabı bərabərləşdirib. 89-cu dəqiqədə isə Mesanın ötürməsindən qələbə qolunu digər argentinalı yarımmüdafiəçi Xorxe Rodriqes vurub.

Vurğulayaq ki, “Barselona”nın üç sabiq futbolçusu – Jordi Alba, Serxio Buskets və Luis Suares meydana əsas heyətdə daxil olublar və bütün 90 dəqiqəni mübarizə aparıblar. “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi isə bud zədəsi səbəbilə bu oyunu buraxmalı olub. “Leo” ümumi dəstədə məşqlərə yenicə qayıtsa da, “vağlar”ın məşqçilər qərargahı argentinalı ulduzu oyuna buraxmağa risk etməyib.

CONCACAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin “İnter Mayami” və “Monterrey” arasında cavab oyunu aprelin 11-də Monterreydə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.

Seçilən
143
12
Mənbələr
Şərh ()
Bağla