AZ

Dövlət qurumuna, sabiq deputata, iş adamlarına qarşı yarım milyonluq dələduzluq - MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib.

O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana bilib. Fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa Tural Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib.

“Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb.

Tural Nəcəfov verdiyi vədlərə əməl etməyib, qeyd olunan vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da DGK-ya külli miqdar təşkil edən 390 min manat ziyan vurub.

İttihama görə o, digər zərərçəkmişləri də eyni üsulla aldadıb.

İş üzrə zərərçəkmiş qismində tanınan sabiq deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən fərdi yaşayış evinə Almaniya istehsalı olan 630 kq yükdaşıma qabilliyətinə malik liftin xaricdən sifariş verilməsi üçün ümumi dəyəri 157 min manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib. Təqsirləndirilən Tural Nəcəfov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində 2011-ci ildən turniketlər, lift, avtomatik qapıların ölkə xaricindən alınıb gətirilməsi və quraşdırılması işi ilə məşğul olduğunu, bəzi avadanlıqların Azərbaycanda ilk dəfə gətirilməsinə nail olduğunu deyib.

Zərərçəkmiş Nəcib Səlimov ifadəsində göstərib ki, “Gerlift Group” MMC ilə müqavilə bağlayıb: “Müqavilə bağlamışdım, pulu yavaş-yavaş ödəyirdim, hər dəfə ödəniş edəndə qəbz verirdi. Sorğu göndərdim. Tural dedi ki, liftlər gəlib, Türkiyədədir. Şəkillərini göndərməsini istədim. Dedi ki, elə yerdəyəm ki, buraxmırlar. Məndən relslərin pulunu istədi. Fikirləşdim ki, pulu verim, gəlib quraşdırsın. Lifti avqustda quraşdırıb təhvil verməli idi. Gecikmənin səbəbini soruşanda bəhanələr gətirirdi, deyirdi ki, Avstriyadan mallar gəlməkdədir. Sonradan zəng vurdum, cavab vermədi. Məlum oldu ki, tutublar”.

Şahid qismində dindirilən Balağa Zərbəliyev ifadəsində cinayət işi üzrə zərərçəkmiş qsimində tanınan sabiq deputat Hacı Salayevə hüquqi xidmət göstərdiyini, birlikdə çalışdıqlarını deyib. Hüquqşünas bildirib ki, sabiq deputata məxsus H.Cavid küçəsindəki 5 mərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan 630 kq lift quraşdırması ilə bağlı “Gerlift Group” MMC – nin direktoru Tural Nəcəfovla müqavilə bağlanılıb: “Ödəmələrdə özüm də iştirak etmişəm. Hissə-hissə olmaqla ümumilikdə 156 min avro ödənilib”.

Hakim Rasim Sadıxov şahiddən sabiq deputat Hacı Salayevin harada olduğunu soruşub.

B.Zərbəliyev sabiq deputatın hazırda ölkə xaricində olduğunu deyib. Hakim zərərçəkmişin məhkəmədə iştirakının vacib olduğunu onun diqqətinə çatdırıb: “Zərərçəkmiş özü məhkəmədə iştirak etməlidir. Siz şahidsiniz, bəzi məsələlər var ki, sizə aid deyil, mütləq özü gəlməlidir”.

Məhkəmə prosesi aprelin 23-də davam edəcək.

Cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi, sabiq deputat Hacı Salayev, həmçinin Nəcib Səlimov və Bəxtiyar Məmmədov adlı şəxslər tanınıb.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
66
50
Mənbələr
Şərh ()
Bağla