Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirlərini davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, həmçinin yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.
Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
16:54
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.