AZ

"Bu, daha çox illüziyadır" — İnsan niyə keçmişə qayıtmaq istəyir?

 Bəzi insanlar keçmişdəki xatirələrlə yaşayır. Nə qədər xoşbəxt olsalar da, hədəflərinə çatsalar da, bəzən keçmişə geri qayıtmaq istəyi oyanır. Bəzən ən xırda bir detal, bir əşya belə yada düşəndə insan ötən günlər üçün darıxır. Bəs, bu düşüncələrin, darıxmaq hissinin altında nə yatır?

Klinik psixoloq Gülşən Rüstəmova Demokrat.az-a açıqlamasında mövzuya toxunub. O deyib ki, zehnimiz bizimlə oyun oynayır:

“Bu oyunun məqsədi bizi həyatda saxlamaq, məhv olmaqdan qurtarmaqdır.. Ümumiyyətlə, zehnimizin əsas funksiyası bizi yaşatmaqdır və yaşamağımız üçün xoş duyğuları toplayır. Bəzən biz elə bilirik ki, guya uzun illər bundan qabaq ya uşaq vaxtı, ya da həyatımızın hansısa bir dönəmində doğrudan da xoşbəxt idik. Amma detallı surətdə psixoanaliz və araşdırmalar nəticəsində terapiya seanslarında rast gəldiyimiz fakt heç də bunları demir. İnsan olub bitmiş, keçmiş, hətta qorxulu mərhələni də keçdikdən sonra özünü qəhrəman kimi hiss edir. Elmi cəhətdən sübut olunub ki, bu, daha çox illüziyadır, amma bizim xeyrimizədir. İnsanın yaşaması üçün beyin belə köməkçi vasitələrlə fəaliyyət göstərir. Bunu pis qarşılamağımız, məncə, düzgün deyil. Yaxşı qarşılayıb, yaxşı düşünməliyik. Çox paradoksal bir vəziyyətdir ki, düşünməyə başlayan andan böyüməyə çalışırıq. Sanki gələcəkdə bizi daha yaxşı vəziyyət gözləyirmiş kimi bir stimul olur. Müəyyən yaşa çatdıqdan sonra çətinlikləri görürük. Çətinlik, üzgünlük və məyusluq normal həyatın bir hissəsidir. Bunun qarşısını ala bilmərik. Əksinə, bu bizim üçün vacib məsələlərdə balans yaradır. Buna baxmayaraq keçmişdə yaşanmış gözəl günlər üçün darıxırıq. Bunlar hamısı düşüncədəndir. İnsan elə bir varlıqdır ki, onu düşüncəsi idarə edir. Ümumiyyətlə, bizi idarə edən düşüncəmizdir. Bu düşüncənin bizim xeyrimizə davam etməsi üçün belə illüziyalara çox ehtiyac var”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
352
21
demokrat.az

10Mənbələr