Yəqin məşhur kadrları hamı xatırlayır: Kəlbəcəri və Laçını tərk edən ermənilər işlənmiş unitazı aparır, ağacları isə ya kəsir, ya da yandırırdılar. Əsl vandalizm və ekosid nümunəsi.
Mənim təqdim etdiyim foto isə 30 il erməni işğalında olmuş, lakin bir güllə atmadan azad etdiyimiz Laçında deyil, payızda COP-29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Bakıda çəkilib. Lökbatan qəsəbəsi, Təzə Evlər məhəlləsində.
Kimsə yulğun kolunun həm dibinə, həm də üzərinə neft məhsulu töküb. Maraqlıdır, heç kimə mane olmayan kolu məhv etmək istəyən şəxsin məqsədi nədir? Axı bu hansısa qaraj yeri və ya bina tikintisinə mane olacaq böyüklükdə ağac da deyil! Görünür bunu edənin genetik olaraq təbiətlə ədavəti var.
Konqoda maraqlı bir atalar sözü var, tərcüməsi təxminən belədir: “Ağaclar göy qübbəsini saxlayan dirəklərdir. Planetdə sonuncu ağac kəsildikdə qöy üzərimizə çökəcək”.
Bəs görəsən ağacı neftlə məhv etmək istəyənin Kəlbəcərdəki ağacları doğrayıb aparan, Bəsitçaydakı yüz illik çinarları məhv edən erməni vandallarından fərqi nədir?
Vüqar