Bakı, 23 aprel, AZƏRTAC
Mayın 6-dan 9-dək “Dubai World Trade Centre” “Arabian Travel Market (ATM) 2024” sərgisinə ev sahibliyi edəcək. Bu tədbirdə beynəlxalq turizm icmasının nümayəndələri və bu sektorunu liderləri sahibkarlığın və innovasiyaların turizm sənayesinin inkişafına təsiri məsələlərini müzakirə edəcəklər.
Bu barədə AZƏRTAC -a Dubayın İqtisadiyyat və Turizm Departamentindən məlumat verilib. Sərginin keçiriləcəyi dörd gün ərzində təşkil ediləcək 50 sessiyada 200-dən çox ekspert iştirak edəcək və onlar süni intellektin gücləndirilməsi, turizmdə aviasiyanın gələcəyi, müştərilərin premium seqmentə cəlb edilməsi, pərakəndə və davamlı turizm kimi səyahət sənayesindəki aktual məsələləri nəzərdən keçirəcəklər.
Yaxın Şərqin səyahət sənayesi peşəkarları üçün aparıcı sərgi olan ATM 2024-ün keçənilki 30-cu buraxılışın “İnnovasiyaların artırılması: Sahibkarlıq vasitəsilə səyahətin dəyişdirilməsi” mövzusunu davam etdirəcəyi və iştirakçılara xüsusilə yeni bazar imkanları, əməkdaşlıq və şəbəkələşmə biznesi üçün faydalarını, investisiyaların cəlb edilməsi yollarını göstərəcəyi gözlənilir.
ATM sərgisi iştirakçılarının sayının ötən illə müqayisədə 23 faiz atacağı proqnozlaşdırılır. Sərginin bütün sektorlarında artım gözlənilir: Yaxın Şərq – 19 faiz, Avropa – 32 faiz, Asiya – 20 faiz, Afrika – 28 faiz. Yerləri tamamilə satılan “Travel Tech” zonası 56 faiz artacaq və sektorun təklifi illik müqayisədə 33 faizlik artım göstərəcək. Otel seqmentinin iştirakının da 2023-cü illə müqayisədə 21 faiz artacağı gözlənilir.
ATM 2024 ziyarətçilərə ənənəvi istirahətdən kənara çıxmaq və lüks seqment, biznes və MICE turizminin perspektivlərini araşdırmaq imkanı verəcək. Sərgidə premium xidmətlər, tibbi konfranslar, beynəlxalq biznes turları, davamlı satınalmalar, idman tədbirləri, o cümlədən eksklüziv turizm sahəsinin inkişafı, müxtəlif yaş qrupları üçün əlverişli turizm, inkişaf imkanları, transformasiya və çətinliklərin öhdəsindən gəlmək kimi mövzular müzakirə olunacaq. Bundan əlavə, iştirakçılar süni intellekt kimi müasir texnologiyaların Yaxın Şərqdə turizm sənayesinə təsirini təhlil edəcəklər.
Builki sərgi ATM 2023-ün mövzusunu davam etdirərək, ekoloji cəhətdən məsuliyyətli turizm sərginin əsas məsələlərindən biri olaraq qalacaq. BƏƏ-nin Davamlılıq İli və keçən il Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP28) fonunda ATM 2024 BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün innovasiyaların necə tətbiq oluna biləcəyini araşdıracaq və gələcək nəsillər üçün daha yaşıl səyahət sektorunun yaradılmasına kömək edəcək.
ATM 2024 ilə bağlı ən son xəbərlər ilə sərginin saytında tanış olmaq mümkündür.