AZ

“Mingəçevir”in mənşəyi haradan gəlir? - Adları müzakirə doğuran YERLƏR

Modern.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərini öyrənməyə davam edir.

Bu dəfə mövzu ilə bağlı Mingəçeviri seçdik. 

Digər bölgələdə olduğu kimi, "Mingəçevir" sözünün də haradan gəldiyinə dair fərqli fikirlər var. 

17-ci əsrin məşhur türk səyyahı, Övliya Çələbi Mingəçeviri Kür çayının sağ sahilində, Bozdağ yaxınlığında böyük yaşayış məntəqəsi kimi qeyd edib. Onun ifadəsinə görə, burada bir neçə məscid, bir sıra sənətkarlıq emalatxanası, o cümlədən ipək parça və iplik istehsal edən sexlər, hamamlar, ən əsası isə “Elçi yolu” adlanan keçid və yol var idi.

Hesab edilir ki, Mingəçevir toponiminin yaranması ərəblərlə əlaqəlidir. Bu toponimin mənşəyini tədqiq edən akademik Ziya Büniyadov “Mingəçevir” sözünün IX əsr ərəb sərkərdəsi Mingiçəvr Əl-Fərqaninin adı ilə bağlı olduğunu yazıb. Babək hərəkatının yatırılmasından sonra ərəb qoşunlarının baş komandanı Heydər ibn Kavus Afşin Bizansla döyüşə göndərilib. Əvəzində onun qaynı sərkərdə Mingiçəvr burada hökmdar olaraq qalıb. 
 


Mingəçevirli deputat Aydın Mirzəzadə bu sözün haradan gəldiyi ilə bağlı Modern.az-a danışıb:


“Mingəçevir şəhərinə 1945-ci ildə yaxınlıqdakı Mingəçevir kəndinin adı qoyulub. Həmin kəndin minillik tarixi var. İki versiya irəli sürülür. Mən bu versiyaları daha yaxın hesab edirəm. Vaxtilə ərəb xilafəti bu torpaqları işğal etməyə gələrkən onların içərisində Məniçöhr adlı sərkərdə olub. O, əhalinin qəhrəmaslıqla vururşduğunu görərək yerliləər qoşulur. Onlarla birlikdə ərəblərə qarşı döyüşüb həlak olur. Atı ilə birlikdə həmin ərazidə dəfn edilir. Həmin yer “Məniçöhrün yeri” adlandırılır. "Məniçöhr" sonradan dəyişərək "Mingəçevir" sözünə çevrilir.

İkinci variant budur ki, Mingəçevir su anbarı tikilənə qədər Kür çayı həmişə daşırdı, ətraf zonaları su basırdı. Keçmək mümkun olmurdu. Ona görə də "min gəl, çevril get" sözü dəbdə olub. Həmin o vaxt ora gələnlər Kür çayını keçə bilməyiblər. Ona görə də “min gəl, çevril get” ifadəsindən “Mingəçevir” sözü yaranıb. Hazırda "Mingəçevir" sözü əhalinin çox sevdiyi bir məkanın adıdır. Mingəçevir adını biz həmişə qürurla daşıyırıq. Ad belə də qalmalıdır. Əksini düşünməyə də dəyməz”.



Mingəçevirli jurnalist Fərman Nəbiyev şəhərin adı ilə bağlı fikirlərini belə ifadə edib:


"İkinci Dünya savaşından sonra Mingəçevir şəhərinin ərazisində sistemli tədqiqatlar aparılıb.
1946-cı ilin aprelindən 1953-cü ilin avqustuna qədər Mingəçevirdə arxeoloji işlər görülüb. Bunlar kurqan, katakomba, küp qəbirlər, əmək alətləri, məişət əşyaları və s. ilə bağlı olub. Bu eksponatların köməyi ilə qədim Mingəçevirin təxminən 4000-4500 il yaşı olduğu barədə təsəvvür yaranıb.
Toponimin “Min gəl, çevril” (min dəfə gəl, amma qayıt) sözü ilə bağlı olduğu da bildirilir. Şəhər çox gözəl idi, amma burada qalmaq məsləhət deyildi, çünki şiddətli, şıltaq Kür tez-tez sahillərini aşır, insanlara böyük fəlakətlər gətirirdi. Faciəli ölümdən qaçmaq istəyən hər kəs bu bölgəni vaxtında tərk etməli idi.

Başqa bir versiyaya görə, "Mingəçevir" Azərbaycan mənşəli sözdür, iki qohum tayfanın adından yaranıb: "Maq" və "Sabir". Leksik mənası "od" və "su" deməkdir. 

"Mingəçevir" -  Oğuz, Azərbaycan mənşəli etnotoponimdir, "odu (işığı) və suyu bol olan yer, yurd, şəhər", yaxud "od oğlunun, oddan və sudan yarananların yurdu, vətəni" anlamındadır. "Mingəçevir"in  “işıq yayan məkan" mənası ilə də əlaqəsi var. 

Ərəb sərkərdəsinin adı ilə bağlı olduğunu deyənlər də var. Bütün hallarda adla bağlı fikirlər fərqlidir. Ancaq bu günə baxanda Mingəçevir adının üstündə sanki nur var. 

Həm də Mingəçevir aran bölgəsində ən isti şəhərdir. Burada qış az keçir. Mingəçevir deyəndə çox az şey görünür, amma Mingəçevir fərqli şəhərdir. Qeyd etdiyimi kimi, versiyalardır heç birinin üstündə dəqiq dayana bilmirik. Ayrı-ayrı adamların fikirləridir. Əsas odur ki, bu gün Mingəçevir var. Mingəçevir kiçik şəhər olsa da, yaxşı şəhər olub. Vaxtilə şəhərin tikintisində almanlar iştirak edib. Şəhərdə alman memarlığına məxsus tikililər var".

Seçilən
101
50
modern.az

10Mənbələr