AZ

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.
 
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərin nəticələrinin qiymətləndirilməsi ilə bağlı APA-nın sualını cavablandırıb.
 
- Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri oldu. Səfərin nəticələrini necə qiymətləndirirsiniz?
 
- Azərbaycan tərəfi bu səfərin nəticələrini çox müsbət qiymətləndirir. Qeyd edim ki, səfər Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhunda keçdi. Səfər çərçivəsində dövlət başçıları ikitərəfli gündəliyə aid olan məsələləri geniş müzakirə etdilər. Bura Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticari əlaqələri, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar və digər məsələlər aiddir. Ticarət dövriyyəsinin artması müsbət məqam kimi xüsusi vurğulandı. Demək olar ki, Azərbaycan-Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika olduğu məmnuniyyətlə qeyd edilib.
 
Görüş zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə edildi və bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Rusiyanı birləşdirən dəmiryolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir.
Həmçinin, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar da müzakirə edildi. Prezident İlham Əliyev Rusiyanın bu sahədə rolunun və səylərinin yüksək qiymətləndirildiyini bildirdi.
 
Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü xüsusi əhəmiyyət daşıyan tədbir oldu. Səmimi şəraitdə keçirilən görüşdə SSRİ rəhbərliyində çalışarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu nəhəng layihənin həyata keçirilməsində rolu və verdiyi mühüm töhfələr xüsusi qeyd edildi. Bildirildi ki, hazırda Rusiya və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən BAM-ın tikintisi prosesində qarşıya çıxan texnoloji və təbii çətinliklərin aradan qaldırılmasında Heydər Əliyevin səyləri və qətiyyətli iradəsi mühüm rol oynayıb. Ulu öndərlə birlikdə çalışmış veteranlar onunla bağlı öz xoş xatirələrini bölüşdülər.
 
Ümumiyyətlə, Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına növbəti müsbət töhfə oldu.
 
Seçilən
200
20
moderator.az

10Mənbələr