Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23- də Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi tərəfindən Heydər Əliyev Sarayında qardaş ölkənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olub.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) tarixinə qısa nəzər salıb. O, Qazi Mustafa Kamal Atatürk tərəfindən millətə ərməğan edilmiş 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramını gələcəyə doğru atılmış addım kimi qiymətləndirib.
Daha sonra tədbirdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdlərinin musiqili ifaları dinlənilib. Həmçinin 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin, Atatürk Liseyinin şagirdlərinin iştirakı ilə türkmən-qırğız, özbək-qazax, Şimali Kipr türk xalq oyunları tamaşaları nümayiş etdirilib.
Mərasimin sonunda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri C.Bağcı Türkiyə Böyük Millət Məclisinin (TBMM) yaranmasında 104 il keçdiyini xatırladıb. O, TBMM-in türk xalqının səsi, nəfəsi və mübarizə simvolu olduğunu qeyd edərək zəfərlə nəticələnən milli mübarizənin ardından qurulan Cümhuriyyətin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb. Səfir, eyni zamanda, Türkiyə və Azərbaycanın gələcəyinin əmin əllərdə olduğunu da vurğulayıb.