AZ

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

Azərbaycan

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 22-dən Meknes şəhərində 16-cı Mərakeş Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (SİAM) keçirilir. Tədbirdə Türkiyə, İspaniya, Fransa, Niderland, Almaniya, İndoneziya və bir çox Afrika ölkələri də daxil olmaqla dünyanın 70-dən çox ölkəsindən 1500 nəfərdən çox nümayəndə qatılıb. “İqlim və kənd təsərrüfatı: davamlı və dayanaqlı istehsal sistemlərinə doğru” mövzusuna həsr olunan sərgini 1 milyona yaxın insanın ziyarət etməsi gözlənilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Mərakeşdəki səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan sərgidə ölkəmizin Mərakeşdəki səfirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təmsil olunur. Azərbaycan stendində ölkəmizin kənd təsərrüfatı və qida sənayesi sahələrinə aid 7 şirkətin 40-dan çox çeşidli məhsulu, müvafiq buklet və elektron kataloqlar nümayiş etdirilir. Həmçinin Azərbaycanın ixrac potensialının təşviqi məqsədilə xarici ölkə şirkətləri və əlaqədar dövlət qurumları ilə görüşlər keçirilir.

Sərgi aprelin 28-dək davam edəcək.

Seçilən
99
azertag.az

1Mənbələr