Dayanacağın qarşısında salınan velosiped zolağı sərnişinlər üçün təhlükə yaradır.
Xezerxeber.az xəbər verir ki, bura, paytaxtın Səbail rayonu Azərbaycan prospektidir. Sonradan salınan velosiped zolağına görə, həmin ərazidən keçən bütün xəttlər üzrə avtobuslar yolun hərəkət hissəsində dayanır.
Bu da avtobusa minmək istəyən sərnişinlərin işini çətinləşdirir.
Avtobusu yolun hərəkət hissəsində saxlamağa məcbur olan sürücülər isə demək olar hər gün qəza şəraiti ilə üzləşirlər. Onlar da yaranmış bu vəziyyətdən narahatdırlar.
Qeyd edək ki, avtobuslar yolun bir zolağını məcburən zəbt etdikləri üçün günün pik saatlarında ərazidə tıxac da yaranır. Bəzən yaxınlıqdakı parkinqə daxil olmaq istəyən avtomobillər də vəziyyəti daha da qəlizləşdirir. Bu halda isə avtobuslar hətta 3-cü zolaqda dayanmaq məcburiyyətində qalırlar. Məsələdən Yerüstü Nəqliyyat Agentliyi də xəbərdardır.
Problem həll olana qədər həmin dayanacaqda avtobusa minən və yaxud da enən sərnişinlərin diqqətli olmaları tövsiyyə edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.