AZ

İspan şirkətlərinin Azərbaycanın investisiya layihələrinə cəlb olunması istiqamətində aktiv işlər görülür

Tədbirdə ölkələr arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi müzakirə olunub, bir sıra sənədlər imzalanıb.

Madrid şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İspaniya Ticarət Palatası və Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası arasında ispan sahibkarların iştirakı ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev səfər çərçivəsində keçirilən tədbirlər və görüşlərin məhsuldarlığını qeyd edib, müzakirə olunan əsas məsələlər haqqında məlumat verib. Bildirilib ki, Agentliyin əsas fəaliyyətinə uyğun olaraq, Azərbaycanın İspaniyaya qeyri-neft ixracının artırılması, o cümlədən ispan şirkətlərinin ölkəmizin investisiya layihələrinə cəlb olunması istiqamətində AZPROMO tərəfindən müvafiq İspaniya qurumları ilə aktiv işlər görülür.

İspaniya Ticarət Palatasının beynəlxalq direktoru Xayme Montalvo qeyd edib ki, bu cür tədbirlər ölkələrimiz arasında biznes və investisiya imkanlarının perspektivlərini müzakirə edilməsi baxımından faydalı və vacibdir. Madrid Ticarət, Sənaye və Xidmətlər Palatasının vitse-prezidenti Auqusto de Kastanyeda ölkəmizin strateji coğrafi mövqeyini qeyd edərək, Azərbaycan-İspaniya investisiya və ticarət münasibətlərinin inkişaf potensialını bu səbəbdən yüksək qiymətləndirib.

Görüşdə iştirak edən Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov qurumlar arasında sıx təmasların rolunu vurğulayıb, ticarət palatalarının və AZPROMO-nun birgə fəaliyyətinin məmnunluq doğurduğunu bildirib.

Tədbir çərçivəsində əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi məqsədilə AZPROMO İspaniya Ticarət Palatası və Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə Anlaşma memorandumları imzalayıb.

Fuad Mədətov
Fins.az

Seçilən
43
fins.az

1Mənbələr