AZ

Bunları bilmədən işə düzəlməyin

İşəgötürənlərin işçiləri qorxu altında saxlamaq məqsədilə geniş tətbiq etdikləri başlıca üsullardan biri onlarla əmək müqavilələrini müddətli bağlamalarıdır. Çünki bu yolla rəhbərin "sözündən çıxan" işçiləri "asanlıqla" cəzalandırırlar. Belə ki, ya işçilərlə bağlanmış əmək müqaviləsinin müddəti artırılmır, ya da müddətin bitməsi əsas gətirilərək onlarla vidalaşırlar. Bu məqsədlə, əsasən də özəl müəssisələrdə əmək müqavilələri qısa müddətə bağlanılır. Bu baxımdan işçiləri ilə hətta bir aylıq müqavilə bağlayan müəssisələrə də rast gəlmək olur. 

Bəs bu məsələ nə dərəcədə qanunidir? Qanunla işçilərlə müddətli əmək müqaviləsi bağlamaq olar?

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 

Həmçinin:

- İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması və digər hallarda müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;

- Təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı;

- İşin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

Ətraflı

- Müvafiq vəzifə üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan hallarda;

- İşçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;

- Haqqı ödənilən ictimai işlər görülərkən;

- İşçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda müqavilə müddətli bağlanıla bilər.

Müqavilədə onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab olunur. Belə müqavilələr hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz hesab edilir.

Qanunvericiliyə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və digər hallarda) iş yerində olmadığı dövrdə müqavilənin müddəti qurtararsa, müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

İşin və ya göstərilən xidmətlərin daimi olması qabaqcadan bəlli olduğu hallarda isə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu da o deməkdir ki, bir çox istehsal və xidmət sahələrində işin daimi olması əvvəlcədən bəlli olsa da, qanunsuz olaraq işçilərlə müddətli müqavilə bağlanılır.  

Seçilən
150
24
day.az

10Mənbələr