LAF TV ələ keçirildi - "Bütün qurumlara müraciət etmişik"
“İndi kanalın geri qaytarılmasıyla bağlı müraciət etdiyim iki adam var ki, onlar bununla məşğuldurlar. Dünən biz canlı yayımda idik, heç bir xəbərdarlıq olmadan bu baş verdi. Çünki bilirsiniz ki, adətən hansısa bir təhlükə olanda hər halda xəbərdarlıq gəlir və özümüz öz işimizi bilirik. Amma heç bir şey olmadan, yəni birdən-birə kanal yox oldu. Canlı yayım itdi...”
Bunu Bakupost.az -a açıqlamasında LAF TV internet televiziyasının rəhbəri, jurnalist Ləman Ələşrəfqızı kanalın haker hücumuna məruz qalması haqda danışarkən deyib.
O, bununla bağlı müvafiq dövlət qurumlarına da müraciət etdiyini bildirib:
“Bir müddət kanal belə qaldı və ondan sonra bunu sosial şəbəkədə ictimailəşdirdim, bir neçə adamlarla əlaqə saxladım, məsləhət aldım. Kanal hakerlərin əlindədir, hücum olan zaman kanal dərhal itdi və onun yerində başqa bir kanal bitdi. Bizim kanala haker hücumu birinci dəfədir ki, olur. Bu hücum musavat.com-a da olmuşdu və elə dünən ilk əlaqə saxladığım adam Rauf Arifoğlu oldu. O da iki nəfər adamın adını verdi və bildirdi ki, onlar kanalı geri qaytara bilərlər. Yəqin ki, kanalı geri qaytarmaq inşallah ki, mümkün olar. Amma vaxt alacaq. Bununla bağlı şifahi olaraq Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdim. Eyni zamanda, Daxili İşlər Nazirliyinə zəng vurdum. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə də müraciət etmişəm. Hər halda dövlət qurumlarının da bundan xəbəri var”.