Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək andiçmə mərasiminə qədər paytaxt Moskvada təhlükəsizlik tədbirləri gücləndirəcək.
Turkustan.az xəbər verir ki, bu barədə VÇQ-OQPU (VЧК-ОГПУ) Teleqram kanalı məlumatlı mənbələrə istinadla bildirib.
Məlumata görə, bunun üçün Moskvaya əlavə hava hücumundan müdafiə sistemlərinin gətirilməsi planlaşdırılır. Paytaxtın mərkəzinə nəzarət edəcək PUA-lara isə səsboğucu vasitələr quraşdırılacaq.
Kanal bildirir ki, polis xüsusi magistralların yaxınlığındakı bütün yaşayış evləri və ictimai məkanları yoxlamağa başlayıb.
Eyni zamanda, “Vaqner” qrupunun muzdlularına kuratorlar vasitəsilə mayın 7-də evlərini tərk etməmələri barədə məlumat verildiyi deyilir. Teleqram kanalının həmsöhbətləri qeyd edirlər ki, “vaqnerçilər”ə ictimai yerlərdə hansısa formada görünmək qəti qadağan edilib.
İnauqurasiya günü Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri və konstitusiya məhkəməsinin hakimləri qrup halında, avtobuslarla Kreml Sarayına gətiriləcək.
Deputatlara xəbərdarlıq edilib ki, iştirak mütləqdir, giriş siyahılar və sənədlər vasitəsilə aparılacaq, onların həmçinin COVID-19 testi olmalıdır. Deputatlar avtobuslara minməzdən əvvəl Federal Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq. Onlardan koronavirusla bağlı əlavə test götürüləcək.
Hələlik əsas mübahisə xarici fəxri qonaqların siyahısı ilə bağlıdır. Mənbə yazır ki, bu siyahı hər dəfə kiçilir.
Bundan əvvəl Kreml Putinin andiçmə mərasiminin protokola uyğun, amma müəyyən nüanslarla keçiriləcəyini açıqlamışdı. Bu, 2000-ci ildən prezident postunu tutan və Rusiyanın birinci prezidenti Boris Yeltsinin varisi olan Putin üçün beşinci andiçmə olacaq./teleqraf.com/