AZ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Pakistana səfər edəcək

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Pakistana səfər edəcək.
Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb. Görüş çərçivəsində Baş nazir Pakistanın Azərbaycana böyük önəm verdiyini və iki ölkə arasında gözəl qardaşlıq münasibətlərinin olduğunu söyləyib:

"O, Prezident İlham Əliyev ilə Ramazan bayramı münasibətilə telefon danışığını məmnunluqla xatırladaraq ona salamlarını çatdırıb. Məhəmməd Şahbaz Şərif həmçinin 2023-cü ilin iyununda Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyi ilə görüşünü xatırladıb və Prezident İlham Əliyevi ən qısa zamanda Pakistana rəsmi səfərə dəvət etdiyini bir daha vurğulayıb. Baş nazir Azərbaycanı 2024-cü ilin noyabrında keçiriləcək COP29-un Zirvə Toplantısına ev sahibliyi edən ölkə seçilməsi münasibətilə təbrik edib və gələn həftə Azərbaycan Prezidentinin COP29-un Zirvə Toplantısına rəsmi dəvət məktubunu təqdim etmək məqsədilə Pakistana səfər edəcək Azərbaycanın ekologiya və təbii sərvətlər nazirini qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib".

Məhəmməd Şahbaz Şərif ticarət və investisiya, enerji, müdafiə, təhsil və mədəni mübadilə və insanlar arasında təmaslar sahəsində əməkdaşlığın inkişafı üçün hər iki tərəfin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb:

"Baş nazir ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə yüksək səviyyəli nazirlər heyətini Bakıya göndərmək niyyətində olduğunu bildirib. Bununla belə, Pakistanın hər iki tərəfin müxtəlif sahələrdə əməkdaşlıqla bağlı məsələləri müzakirə edə biləcəyi Pakistan-Azərbaycan Hökümətlərarası Birgə Komissiyasının iclasını tezliklə təşkil etməyə hazır olduğu qeyd edilib".

Azərbaycan səfiri isə Baş nazirə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti barədə məlumat verib və bu yaxınlarda Bakı ilə Kəraçi arasında reyslərin açılmasından, həmçinin Bakı ilə İslamabad, eləcə də Bakı və Lahor arasında artıq həyata keçirilən reyslərdən danışıb:

"O, Azərbaycandan Pakistana rəsmi səfərlərin gözlənildiyini bildirib. Diplomat həmçinin Baş nazirə müxtəlif institusional mexanizmlər və onların bu il keçiriləcək görüşləri haqqında məlumat verib. Baş nazir Bakı şəhərinin gözəlliyinə heyran olmaqla yanaşı, Bakının gözəlləşdirilməsi nümunəsini İslamabadda da təkrarlamaq istədiyini bildirib və hər iki şəhərin birgə əməkdaşlıq imkanlarının qurulması əhəmiyyətini qeyd edib. Baş nazir sonda bir daha Pakistanın Azərbaycanla qardaşlıq münasibətlərini genişləndirmək istədiyini, həmçinin ali səviyyədə səfər mübadilələrinin əhəmiyyətini vurğulayıb".
Seçilən
290
4
sherg.az

10Mənbələr