AZ

Lyuba Baranin: “Mən hər zaman Azərbaycan futboluna baxıram, məlumatlıyam” - MÜSAHİBƏ

“Qəbələ”nin sabiq kapitanı Lyuba Baranin Apasport.az saytına müsahibə verib.

Serbiyalı bölgə klubundakı vaxtlarını xatırlayıb, həmçinin bu komandanın Premyer Liqanı tərk etməsinə şərh verib.

- Hazırda nə işlə məşğulsan? Futbolçu karyeranı başa vurmusan?

- Mən artıq peşəkar futbolçu karyeramı başa vurmuşam. İki ildir ki, peşəkar səviyyədə futbol oynamıram. İndi 38 yaşım var və indi oynaya bilmərəm. Artıq məşqçi kimi qarşıma məqsədlər qoymuşam və futboldakı yoluma məşqçi kimi davam etmək niyyətindəyəm. Bir az da, kontaktlarımdan istifadə edib, hərdən futbol agenti kimi də çalışıram. 

- Azərbaycan futbolu ilə heç maraqlanırdın, izləyirdin?

- Əlbəttə, mən hər zaman Azərbaycan futboluna baxıram, məlumatlıyam. Futbolunuz barədə daim məlumatlıyam. Bu mövsümün əvvəlində "Partizan"ın "Sabah"a qarşı keçirdiyi oyunlara da baxdım. Belqraddakı oyunda idim. Maraqlı və gərgin oyun keçmişdi.

- "Qəbələ"də uzun illər forma geyinmisən. Bu klub sənin üçün indi də maraqlı gəlir?

- Mən "Qələbə"də üç ildən artıq futbol oynamışam. İndi də bu komandanın durumu ilə maraqlanıram. Çox təəssüflər olsun ki, "Qəbələ"nin vəziyyəti hazırda bu durumdadır və komanda sonuncu pillədədir. Çox istəyərdim ki, bunlar baş verməsin.

- Yəqin ki, bilirsən, "Qəbələ" artıq rəsmi olaraq Premyer Liqada sonuncu pilləni tutdu və birinci liqaya düşdü. Bunu gözləmirdin?

- Bu, mənim üçün əsl şok idi. Turnir cədvəlinə baxanda şoka düşdüm. Gözlərimə inana bilmədim. Mən ilk bunu görəndə belə, inanırdım ki, Premyer Liqadakı yerini qoruyub-saxlaya biləcəklər. Amma təəssüflər olsun ki, bu baş verməyib və komanda sonuncu pilləni tutub. 

- Çoxları düşünür ki, "Qəbələ"ni Premyer Liqada saxlamaq lazımdır. Çünki onların yuxarı liqada olmaması futbolçumuz üçün mənfi haldır. Sən bu haqda nə düşünürsən?

- "Qəbələ"ni yeni mövsüm Premyer Liqada görmək mənim üçün xoş olardı. Amma bilmirəm, belə bir şey mümkündür, ya yox. Orada nələr baş verdiyini dəqiq bilmirəm. Komandadakı durumdan, vəziyyətdən də xəbərsizəm. Hansı büdcə var, olacaq, idman direktoru ilə danışmamışam. Açığı, "Qəbələ"yə 1-2 oyunçu göndərmək istəyərdim. Amma alınmadı. Gələcəkdə necə olacağını görəcəyik. 

- Yeri gəlmişkən, əksəriyyət səni "Qəbələ"də oynayarkən uzaq məsafələrə aut atışlarınla xatırlayır. Bundan məlumatlısan yəqin?

- Bu, hər zaman xoşdur. Orada 3,5 il futbol oynamışam. Hər zaman da ürəyimlə oynayırdım. Azarkeşlərin mənə olan münasibəti hər zaman yaxşı olub. Rəhbərliklə də heç vaxt problemim olmayıb. Hər zaman "Qəbələ"dəki, Azərbaycandakı vaxtlarımdan danışmaq xoşdur. Çünki gözəl xatirələrdir.

- Qəribə məqam odur ki, sənin vaxtında Azərbaycan Premyer Liqasında çoxlu sayda serblər oynayırdı. İndi bir Serbiya vətəndaşı var, o da əslən Bosniya və Herseqovinadan olan Boyan Letiçdir. Belə, serbiyalı yoxdur. Bunu nə ilə əlaqələndirirsən?

- Bu, mənim üçün çox qəribədir. Serbiyalılar hər zaman Azərbaycanda oynayıblar. Özü də az deyildilər. Yaxşı da futbol oynamışıq. Nələr baş verdiyini bilmirəm. Bəlkə də, əvvəlki kimi müqavilə şərtləri yoxdur, səbəb odur. Bu yayda vəziyyəti görəcəyik. "Neftçi"nin direktoru Zaur Əzizovla da kontakdayam.

-"Qəbələ" yeni-yeni iddialı olmağam başladığı vaxtlarda bu komandada oynayırdın. Ardınca, bu komanda iki il avrokuboklarda qruplarda oynadı. İndi isə durum ürəkaçan deyil. Səncə, vəziyyətin sonu hara gedir?

-"Qəbələ"yə gəldiyim vaxtlarda komanda yavaş-yavaş yüksək səviyyəyə çatırdı. İldən-ilə daha da yaxşı olurdu. İnfrastruktur da ildən-ilə yüksəlirdi. Ölkənin ən yaxşı məşq bazalarınndan birini qurdular. Şəxsən mən zamanla "Qəbələ"nin çempion olacağını gözləyirdim. Amma nə baş verdiyini bilmirəm. Bizdə Serbiyada belə deyim var: pulun nə qədərdirsə, o qədər də mahnı var. Futbol sahəsində də bu misal keçərlidir. Pulun çoxdursa, yaxşı futbolçular gətirəcəksən. Klubun rəhbəri ilə bağlı da nə baş verdiyini bilmirəm. Əvvəl rəhbərlikdə başqa insanları görmək olardı, indi yalnız Fariz müəllimi görürdüm. Ümid edirəm ki, "Qəbələ"də işlər qaydasına düşəcək.

Seçilən
80
apasport.az

1Mənbələr