Azərbaycan Tibb Universiteti ilə Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna müvafiq olaraq, aprelin 15-19-da tərəfdaş universitetin Tibbi və bioloji kimya kafedrasının müdiri, dosent Jannat Jambulatovna Qumarova ATU-nun Əczaçılıq toksikologiyası və kimya və Bioloji kimya kafedralarında akademik fəaliyyət göstərib.
Universitetdən Aztibb.az-a verilən xəbərə görə, qonaq müəllim bu müddət ərzində müxtəlif fənlər üzrə dərslərdə iştirak edib, həmin kafedraların kollektivi və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub.
Onun Əczaçılıq toksikologiyası və kimya kafedrasında Əczaçılıq və İctimai səhiyyə fakültələrinin rus bölməsi tələbələri üçün üzvi kimya, analitik kimya və ümumi kimya fənlərindən oxuduğu mühazirələr tələbələr tərəfindən maraqla dinlənilib.
Dosent J.Qumarova Bioloji kimya kafedrasında da Müalicə-profilaktika fakültəsinin rus bölməsi tələbələri üçün mühazirə oxuyub. O, Əczaçılıq fakütəsinin digər kafedralarını (Farmakoqnoziya, Əczaçılıq kimyası, Əczaçılıq texnologiyası və idarə olunması) da ziyarət edərək, dərs prosesi, elmi fəalliyyət və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub. ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov qonağı qəbul edib və qarşılıqlı müzakirələr aparılıb.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev iştirak ediblər. Qonaq müəlimə sertifikat təqdim olunub.
Yeri gəlmişkən, prorektor R.Bəylərov Azərbaycan Tibb Universitetinin rəsmi əməkdaşlıq etdiyi Cənubi Qazaxıstan Tibb Akademiyasının Dərmanların texnologiyası kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Bayan Saqindıkovanı da qəbul edib.
Xatırladaq ki, qonaq professor akademik mubadilə üçün ATU-nun Əczaçılıq fakültəsinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında olub. Professor B.Saqindıkova fakültənin rus bölməsinin tələbələri, I kurs magistrantları və kafedra əməkdaşları üçün “Steril və aseptik şəraitdə hazırlanan dərman formalarının sənaye istehsalı, GMP standartları” mövzusunda maraqlı mühazirə oxuyub.