“İnter”in hücumçusu Lautaro Martines Argentina millisindəki komanda yoldaşı, “İnter Mayami”nin ulduzu Lionel Messi haqda danışıb.
Arena.az aregentinalı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“O və mən dostuq. Messidən söhbət düşəndə adını futbol tarixinə yazan futbolçudan danışırıq. Hətta məşq zamanı belə, görünür ki, o, tamam başqa idman növü ilə məşğul olur. O, heç yerdə görmədiyiniz şeyləri ortaya qoyur. O, əsl yırtıcıdır, heç vaxt uduzmaq istəmir”, deyə Lautaro Martines bildirib.
Xatırladaq ki, daha öncə “Barselona”da da oynamış Lionel Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 25 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.