AZ

İcraiyyə Komitəsinin gözlənilən qərarları

AFFA İcraiyyə Komitəsinin çoxdan gözlənilən iclasında elə gözlənilən qərarlar verildi. Gündəlikdə nəzərdə tutulan bütün məsələlərin müzakirəsi üçün 5 saata yaxın vaxt sərf olundu və ən uyğun seçimlər edildi.

Belə toplantılar – Nizamnamədə nəzərdə tutulduğu kimi – ildə 4 dəfə keçirilməyəcək. AFFA-nın köhnə rəhbərliyi o qədər problem qoyub gedib ki, futbol təsərrüfatında işləri sahmana salmaq üçün yenilərə aya 4 iclas da kifayət etməyə bilər.

Gündəliyə uyğun olaraq, AFFA-nın gələcək illər üzrə inkişaf strategiyasının hazırlanmasının vacibliyi vurğulanıb, əsas hədəflər müəyyənləşdirilib. Bu xüsusda strategiyanın əsas hədəfləri peşəkar və uşaq futbolunun infrastrukturunun təkmilləşdirilməsi, futbola marağın və kütləviliyin artırılması, müxtəlif sahələr üzrə futbol mütəxəssislərinin inkişaf etdirilməsi, regionlarda futbolun və uşaq futbolunun inkişafının dəstəklənməsi, maliyyə məsələlərinin həlli və inklüzivliyin təmini istiqamətlərini əhatə edir.

Təkcə bu bənd əvvəlki rəhbərliyin 16 ildə heç bir iş görmədiyini anlamaq üçün kifayət edir. Faktiki hər şeyə yenidən başlanmalıdır. Rövşən Nəcəfin komandası məsələləri qərarda sadalamaqla dünənki iclasda başda əyləşən Elşad Nəsirovu da əyani şəkildə ifşa edib. Əks halda, “inkişafın davam etdirilməsi barədə” qeydlərə rast gələrdik.

Xoşa gəlməyən məqam yenilərin də Elxan Məmmədov kimi əcnəbi sevdasıdır. Çünki İK-nın iclası barədə açıqlamada bu cümlə yer alıb: “Müəyyən edilmiş hədəflər üzrə strategiyanın hazırlanması üçün sahə üzrə xarici şirkətlərin və mütəxəssislərin təcrübələrindən faydalanmaq imkanları nəzərdən keçirilib”. Halbuki kifayət qədər bacarıqlı yerli mütəxəssislər də var və onları ümumi işə cəlb etmək, əcnəbilərlə məsləhətləşmələrlə Azərbaycana uyğun modeli tətbiq etmək vacibdir. Əcnəbilərin plan-proqramı yüksək səviyyəli ola bilər, lakin onu yerli şərtlərə uyğunlaşdırmaq şərtdir.

blank

AFFA-nın Misli Premyer Liqasında mövcud komanda sayını sabit saxlaması ən müsbət qərarlardandır. Gələcəkdə imkan olacağı halda iştirakçı sayın 14-16-ya qaldırmaq olar. Lakin indi buna gərək yoxdur. Əvvəla ona görə ki, say artımını təmin edəcək klublar yoxdur, I Liqada vəziyyət yaxşı deyil. Futbol azarkeşlərinin könlünü xoş etmək üçün, görüntü xatirinə say artırmaq özünü aldatmaqdır. Həm də 12 komandalı çempionat reqlamentin dəyişməsi, heç vaxt özünü doğrultmayan “altılıq” sisteminin tətbiqi demək olacaqdı. Hazırda buna gərək yoxdur, 1-2 il bütün diqqət aşağı liqalarda səviyyənin yüksəldilməsinə, Premyer Liqada oynamağa hazır komandaların formalaşmasına verilməlidir.

Təbii ki, burada ən məyusedici məqam “Qəbələ”nin elitanı tərk etməsidir. Çox əla infrastruktura malik bölgə təmsilçisini itirmək ürək ağrıdır. Amma idman prinsiplərinin yalnız “Şamaxı” üçün olmadığını göstərmək lazımdır. Ötən mövsüm bu komanda aşağı liqaya enmişdisə, eyni aqibət hamı üçün qorxulu yuxu olmalıdır. Əvəzində AFFA bu klubun sıradan çıxmaması, xüsusilə akademiyasının fəaliyyətini dayandırmaması üçün müəyyən yardımı əsirgəməməlidir. Müxtəlif yaş qrupundan olan milli komandalaların oyunlarını, toplanışlarını Qəbələyə salmaq, infrastrukturun dağılmaması üçün təbii yolla maliyyələşdirməni təmin etmək lazımdır. İK akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərməs barədə qərar verib ki, bu, ən düzgün yanaşmadır.

İcraiyyə Komitəsində Premyer Liqada 2024/2025-ci illər mövsümündə tətbiq olunacaq legioner limiti də müzakirə edlib. Hazırkı 7+4 limitinin qüvvədə qalması qərara alınıb. 2025/2026-cı illər mövsümündə legioner limiti 8+3 olacaq. 2026/2027-ci illər mövsümündən öncə isə qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq legioner limitinə bir daha baxılacaq.

Bu qərar üzərində genişmiqyaslı müzakirələrə ehtiyac var. Limitin artırılmasının müsbət və mənfi yönləri ciddi şəkildə araşdırılmalıdır. Eyni zamanda klublar yerli oyunçulara güvənməsi, yeni nəslin yetişməsi üçün stimullaşdırılmalıdır. Limit artacaqsa, rüsum yüksəldilməli, ən azı transfer edilən əcnəbilərə hədd qoyulmalıdır. Müəyyən saydan sonra klublar daha çox pul ödəməlidir və həmin vəsait yerli gənclərə güvənən klublara mükafat şəklində ödənilməlidir. Belədə legioner sayəsində güclənən klublar buna imkanı çatmayan, yerlilərə güvənən digər iştirakçılara ölkə futbolunun inkişafındakı xidmətinə görə “təşəkkür etmiş olacaq”. Belə olarsa, həm çempionatda rəqabət artacaq, həm də yeni nəslin üzə çıxması təmin ediləcək.

blank

AFFA-nın büdcəsi də dünənki iclasda müzakirəyə çıxarılıb. İcraiyyə Komitəsinin üzvləri müvafiq qeydlərini və fikirlərini bildiriblər. Növbəti iclasa qədər müvafiq düzəlişlər edilərək, təsdiq üçün təqdim olunması qərara alınıb.

Bəlkə də gözləntilər tam qarşılanmadı, amma İcraiyyə Komitəsinin ilk iclasını “yaxşı” qiymətləndirmək olar. Ən əsası, məsələlərin həqiqi müzakirəsidir, bir nəfərin barmağının işarəsi ilə qərarlar verilmədi. Davam etmək, milli komandaya məşqçi təyinatında, komitə və departamentlərdəki islahatlarda ən uyğun variantlara üstünlük verilməsi prioritet olmalıdır.

FƏRİD

Seçilən
304
11
futbolinfo.az

10Mənbələr