44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqlarından biri də “Xarıbülbül” musiqi festivalı ənənəsinin bərpasıdır. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən bu festivalın özündə ehtiva etdiyi məqamlardan bəhs etmədən öncə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın dirçəlməsindən, çal-çağırlı günlərinin bərpasından, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilməsindən danışmaq istərdim. Mayın 11-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışının iştirakçılarından biri kimi böyük qürur hissi ilə qeyd edə bilərəm ki, Şuşa sözün əsl mənasında dirçəlib.
Bunu "Unikal"a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, bu il festivalın məkanının genişlənərək Laçını da əhatə etməsi hər birimizdə böyük qürur hissi yaradıb.
"Xüsusi vurğulamalıyam ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılığı ilə ərsəyə gələn builki festival böyük maraq və rəğbətlə qarşılandı. Hər kəs şahid oldu ki, həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının Şuşanın və Laçının adına layiq və nümunəvi təşkili üçün yüksək peşəkarlıq göstərdilər. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı qədim tarixə malik mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.
Azərbaycan daim yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətlər, dinlər arasında körpü rolunu oynayır. Atılan hər bir addım, ölkəmizin əməkdaşlıq, birlik, həmrəylik cağırışlarının əməli fəaliyyətdə öz təsdiqini tapması bu körpünü daha da möhkəmləndirir. Təqdirə layiq haldır ki, builki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə musiqiçiləri də öz məharətlərini göstərdilər. Həmçinin bu reallığı da xüsusi qeyd etməliyəm ki, Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunub və builki musiqi festivalı bu mühüm hadisəyə həsr edilmişdi. Dövlət başçısı İlham Əliyevin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan birinci dəfə deyil ki bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdilər. Bu, Azərbaycanın İslam dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsinə davamlı töhfələrinin nəticəsidir. Prezident İlham Əliyev bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə təşəkkürünü bildirərək bu addımı İslam dünyasının Azərbaycana növbəti dəstəyi, hörməti kimi dəyərləndirdi".
Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdir ki, əziz Şuşa, biz qayıtdıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bu gün Şuşanın öz əvvəlki simasını bərpa etməsindən qürurla söhbət açırıq. İşğaldan azad edilmiş digər torpaqlarımız kimi, Şuşa da müasir şəhərsalma qaydalarına uyğun olaraq bərpa edilir. İlk olaraq burada infrastrukturun bərpasına və yenidən qurulmasına diqqət yetirildi. Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Prezident İlham Əliyev mayın 10-da Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış oldu, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak etdi. Bu avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Səfər zamanı, həmçinin Xankəndi-Şuşa-Laçın avtomobil yolunda da görülən işlərlə tanışlıq oldu. Bir daha sübut olundu ki, görülən hər bir iş tarixi sahibinə qovuşan torpaqlarımızın dirçəlməsinə, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsinə, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışına xidmət edir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət paytaxtımıza səfəri zamanı Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı. Birinci yaşayış kompleksinin açılışı oldu və Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüş keçirildi. Bəli, görünən odur ki, Şuşa gündən-günə sözün əsl mənasında, dirçəlir, gözəlləşir, özünün tarixi ruhunu bərpa edir. Hazırda İslam mədəniyyətnin paytaxtında dörd məscid yenidən qurulub, digər məscidlərdə isə təmir-bərpa işləri aparılır.
O, bildirib ki, Prezident İlham Əliyevin bu məkandan bir daha səsləndirdiyi “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq” çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj olmalıdır. Artıq Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib və bu proses uğurla davam edir. Eyni zamanda, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifi edilib. Ölkəmizin hər bir addımı ədalətə və beynəlxalq hüquqa söykənir. Prezident İlham Əliyevin VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin festivalın açılışındakı çıxışı hər birimizi qürurlandıracaq çağırışlarla zəngin oldu. Şuşanı sülhün, zəfərin, qəhrəmanlığın rəmzi kimi dəyərləndirən möhtərəm Prezidentimiz bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması mədəniyyətimizi həm müsəlman ölkələrinə, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə imkanlar açacaq. Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr edilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi. Belə bir əminlik də ifadə olundu ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra buradan ancaq musiqi sədaları səslənsin.
Baş redaktor bildirib ki, açılış mərasimindəki çıxışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də bu məqama xüsusi diqqət yönəltdi ki, Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Salim bin Məhəmməd əl-Malik arzusunu da ifadə etdi: Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır!
Vüqar Rəhimzadə mədəniyyət paytaxtımız Şuşanın ötən il türk dünyasının, bu il İslam dünyasının paytaxtı elan edilməsini ölkəmizin xarici siyasətində türk dövlətləri və müsəlman ölkələri ilə əməkdaşlığa xüsusi önəm verməsinin və bu istiqamətdə qazanılan uğurların yüksək dəyərləndirilməsinin ifadəsi kimi diqqətə çatdırıb. Onu da bildirib ki, Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınır. Şuşanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın zəngin tarixinin təbliğində əhəmiyyətli rol oynayır.