AZ

ÖLKƏMİZDƏ TƏHSİL BAYRAMI

TehsilForumu.Az- a verilən məlumata görə 12 may tarixində ölkənin ən böyük təhsil platforması Təhsil Forumunun və Life Academy-nin təşkilatçılığı ilə Beynəlxalq konfrans keçirildi. Konfrans çərçivəsində dünyanın ən güclü təhsil ölkələrindən – Finlandiya, Sinqapur, Çin və Türkiyə Cümhuriyyətindən nümayəndələr ölkələrinin təhsil sistemindən və təcrübələrindən bəhs etdilər.
Finlandiya təmsilçisi – Helsinki Universitetinin baş müəllimi Kaisa Hahl çıxışında qeyd etdi ki, təhsil sisteminin düzgü qurulmasında və idarə olunmasında hər kəs bərabərhüquqlu olmalıdır. Eyni zamanda müəllim-şagird münasibətlərində də hər şey qarşılıqlı olmalıdır. Müəllim bütünlüklə şagirdi diqqətdə saxlamalıdır. Onu diqqətlə dinləməli, hətta bədən diliniz belə şagirdə doğru xitab olunmalıdır. Əks təqdirdə siz şagirddən doğru münasibət gözləməməlisiniz.
Bundan əlavə, Kaisa xanım bildirdi ki, sinifdə - dərsin idarə olunmasında disiplin qaydaları çox önəmlidir: “Müəllim bütün bu qaydaları incəliyinə qədər şagirdlərinə izah etməlidir. Telefona belə məhdudiyyət qoyulursa, şagirdlərdən öncə özü buna riayət etməlidir. Həmçinin şagird bilməlidir ki, qaydaları pozursa cəzası - nəticəsi nə olacaq”.
Bir sözlə, məktəb və ev arasında əməkdaşlıq yaxşıdırsa, deməli problemlərin həlli yaxın zamanda mümkündür.
Sinqapur təmsilçisi – tədrisçi-müəllim Eugene Seah Azərbaycandan 10 dəfə kiçik olan və heç bir təbii resursu olmayan Sinqapurun dünyanın ən güclü təhsil ölkələrindən birinə necə çevrilməsindən ətraflı bəhs edərək, burada yeganə çıxış yolunun təhsilin inkişaf etməsini qeyd etdi. Bu mənada məktəbdə intizamlı və davamlı işləməyin önəmini xüsusi vurğulayan Eugene Seah müəllimləri təhsilin uğur açarı adlandırdıraraq, “bu mənada biz onlarla hər mənada yaxşı davranmalıyıq”, deyə qeyd etdi: “Müəllimlər yaxşı təhsil sisteminin əsas fundamentidir. Biz onları bacarıqlarına görə qruplaşdırırıq. Müəlimlər üçün kreativlik çox önəmlidir... Onlar şagirdlərə həyati məqsədlərə nail olmaqda kömək göstərməlidirlər. Akademik bacarıqlar bundan sonra gəlir. Şagirdlər dərsdə darıxmamalı, böyük həvəslə məktəbə gəlməlidirlər. Müəllimlər də bundan zövq almalıdır. O zaman sizin təhsil sistemimiz güclü inkişaf edəcək... Finlandiyadan fərqli olaraq bizdə imtahanlar var ki bunlar da şagirdlərdə böyük travmalar yaradır. Amma nəticə almaq üçün bunu vacib hesab edirik. Lakin bununla bərabər şagirdlərin üzərində olan psixoloji travmaları miniuma endirmək üçün məktəblərdə psixoloji dəstəyi güclü formada təşkil edirik”.
Peşə təhsilinə çox önəm verdiklərini bildirirkən, xüsusilə “qarşınızda iqtisadiyyatı gücləndirmək məqsədiniz varsa, peşə təhsilinə çox vacib yer etməlisiniz ki, bunu edirsiniz” deməyi də unutmadı.
Tədrisçi-müəllim nəticə olaraq bildirdi ki, büdcədən kifayət qədər təhsilə yer ayırmaq vacibdir ki, lazım olan bilik və bacarıqları müəllimlərə aşılamaq tam anlamında mümkün olsun.
Türkiyə Cümhuriyyətindən tədrisçi və yazar İbrahim Evirgen məktəblərdə kollektiv məsuliyyətliliyin vaciliyini dönə-dönə vurğulayaraq qeyd etdi ki, erkən yaşdan təhsil üçün bütün imkanlar yaradılmalıdır: “Uşağın inkişafı yaşına uyğun tənzimlənməli, planlaşdırma doğru və struktur şəkildə aparılmalıdır. Uşaqların xarakteristikası öyrənilməlidir ki uşağın inkişafı düzgün istiqamətdə getsin. İlk öncə uşaqlara hörmət etməyi bacarmalıyıq. Sual verəndə onlara gülməməli, sözünü kəsməməliyik. Onları qərar qəbul etməyə sövq etməliyik. Cəzalandırmadan öncə özünü kontrol etmə, düzgün şəxsiyyətin formalaşması, məsuliyyətin paylanılması və s. kimi önəmli məsələlərin üzərində işləməliyik. Şagirdlərdən pis hərəkətlər gördükdə düzgün resurslardan istifadə etməklə bunun qarşısını almalıyıq. Unutmayaq ki, uşaqlar monoton əmrləri sevmirlər, biz bundan qaçmalıyıq. Oyun və digər əyləncəli resurslarla bu cür önəmli məqamların üzərində işləməli və onları öyrətməliyik”.
 İstənilən işdə nəticələrin mütləq analiz olunmasının vacibliyini qeyd edən İbrahim Evirgen təhsilə psixoloji dəstəyin təsirindən də geniş söhbət açdı: “Müəllimlər bu işə diqqətlə yanaşmalıdır. Bununla uşaqlarda empatiya hissi artacaq, məsuliyyətlilik formalaşacaq və uşaqlar bütün fəaliyyətlərində uğurlu nəticə almış olacaqlar”.
Güclü öyrənmə mühiti üçün müəllimlərin təlimlərdə, diolaoqlarda iştirakının önəmini qeyd edən İbrahim hoca son olaraq bildirdi ki, elə təhsil mühiti yaradılmalıdır ki, uşaqlara tam xidmət olunsun, hansı ki, orada onların ehtiyacı olan xidmətlər olsun: “Bir sözlə, təhsil sistemində uşaqlar üçün bütün imkanlar yaradılmalıdır”.
Çin Respublikasından – Konfutsi İnstitutunun müəllimi Fangzheng Zhunun çıxışı da yaddaqalan oldu. Təhsildə kəmiyyətə deyil, keyfiyyətə önəm verdiklərini qeyd edən spiker təhsilin bütün pillərində, xüsusilə də ali təhsil və peşə təhsilinin inkişafındakı uğurlardan bəhs etdi: “Biz tam sistem yaratmışıq ki bütün təhsil sistemi inkişaf etsin. Düşərgələr burada çox önəmli yer tutur. Müasir kitabxanalar, ağıllı sinif otaqları... Düşərgə daxilində səliqəli meydançalar, çamaşırxanalar, super-marketlərə qədər hər detala diqqət etmişik, bir sözlə, tələbələrin rahatlığı üçün hər şey edirik”.
 Peşə təhsili və kolleclərin inkişafının sənayenin birbaşa inkişafına təsirini qeyd edən Fangzheng Zhu elmi tədqiqatlara geniş yer verdiklərindən, tələbələrin beynəlxalq təhsildə uğurlarından danışarkən, beynəlxalq əməkdaşlığın xüsusi vacibliyini qeyd etməyi də unutmadı: “Bizim üçün qarşılıqlı fayda və keyfiyyət məsələsi önəmlidir. Beynəlxalq əməkdaşlıqda Azərbaycandan da Bakı Dövlət Universiteti ilə əməkdaşlıq edirik”.
Ölkəmizdən nümayəndə olaraq təhsil tədqiqatçısı Böyükağa Mikayıllı son spiker olaraq çıxış edərək, Azərbaycanda və ölkəmizdən xaricdə apardığı təhsil tədqiqatlarından geniş söhbət açdı:
-Qədim Çində məktəb və pedaqoji fikir tarixi, Konfutsinin pedaqoji ideyaları (“Söhbətlər və mühakimələr” əsəri rus dilindən Azərbaycan dilinə tərcümə edilərək pedaqoji təhlili aparılıb);
-Men-Tsının pedaqoji ideyaları (“Men-Tsı” traktatı rus dilindən tərcümə edilərək pedaqoji təhlili aparılıb);
-Yusif Balasaqunlunun “Kutadqu-biliq” əsərində şəxsiyyət və mənəvi tərbiyə məsələləri (Bu mövzuda da elmi məqalə Özbəkistanda çap olunub);
-“Kutadqu-biliq” əsərinin təhlili;
-Osmanlıda məktəb və pedaqoji fikir;
-Məktəbəqədər təhsil: dünya təcrübəsi: (Hazırda Dalton-plan texnologiyasının tədqiqi üzərində iş aparılır. Bununla əlaqədar olaraq Polşa ilə əməkdaşlıq edilir);
- Müəllimlərin sertifikasiyası: dünya təcrübəsi (hazırda Qazaxıstan və Sinqapurda pedaqoji kadrların sertifikasiyası üzərində iş aparılır. ABŞ-da pedaqoji kadrların sertifikasiyası adlı məqalə artıq dərc olunub);
-Sinqapur təhsili ilə bağlı araşdırmalar kitab halında çap olunub;
-Qabaqcıl müəllimlərin pedaqoji təcrübəsinin öyrənilib yayılması;
-Suqata Mitranın məktəb modeli;
-Universal – online təlim modeli;
-Dünyanın elmi jurnal təcrübəsinin öyrənilməsi (Bu mövzuda 20-yə yaxın məqalə hazırlanıb);
-Düyanın 30 universitetinin (Berlin, Çexiya, Polşa, Kıbrıs, Ukrayna) araşdırılması;
-Janusz Korczak (hazırda kitabın genişləndirilmiş yeni nəşri üzərində iş aparılır, Korczakın əsərləri Azərbaycan dilinə tərcümə edilir. Bu istiqamətdə işlər Beynəlxalq Janusz Korczak Akademiyası ilə əlaqələr çərçivəsində aparılır).
Bütün bu qeydlər üzərindən araşdırmalarını davam etdirən Böyükağa Mikayıllı təhsil ictimaiyyətini bu tədqiqat işlərinə maraq göstərməyə, bu işlərdən faydalanmağa çağırdı.
Aysel Rəsulzadə,
Green Start Academy-nin direktoru

Seçilən
368
50
tehsilforumu.az

10Mənbələr