AZ

Cənubi Qafqaz regionunun gələcəyini təhlükəyə atan güc Qərbdir

Cənubi

Geosiyasi anlamda dünya yeni düzənə doğru gedir. Bu düzənin formalaşdıran beynəlxalq oyunçular öz aralarında münasibətlərini aydınlaşdırmaqla məşğul olarkən, bu düzəndə öz yerini tutmaq üçün kiçik dövlətlər öz daxilindəki yeni və köhnə düzəni istəyən insanların gələcəklərini harda görmək istəmələri qarşıdurmalara səbəb olur. Beynəlxalq münasibətlərin pozulduğu, yeni dünya düzəninin isə qurulmadığı bir dövrdə baş verən bu fikir ayrılıqları təbii olaraq dövlətlərin milli təhlükəsizliklərini təhlükə altına alır. Hər iki düşüncə sahiblərinin dövlətlərinin hansı qütbün yanında olması istəyi elə bir hal alır ki, bu, vətəndaş qarşıdurması səviyyəsinə yüksəlir. Dövlətlər bundan zərər görür, illərlə əldə edilən nailiyyətlər bir anın içərisində heçə enir, dövlətin dayaqları sarsılır. Bu məqamda ölkəni idarə edən hakimiyyəti və ona müxalif olan siyasi elitanın üzərinə əsas məsuliyyət düşür. Hər bir ölkənin siyasətçisinin vəzifəsi başlıca olaraq dövlətin varlığını qoruyub saxlamaq və vətəndaşların gələcəyini fikirləşmək olmalıdır.
Siyasətçinin hansı qütbü prioritet hesab etməsi isə dövlətin real maraqları ilə üst-üstə düşməlidir. Ölkənin maraqları bu gün hansısa bir qütbə inteqrasiyanı labüd hesab edə bilər. Amma siyasətçinin fikri buna əks ola bilər. Bu halda əsl siyasətçi məqamı doğru dəyərləndirməli, manevr imkanlarını açıq saxlamalıdır.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, Cənubi Qafqaz regionunun üç ölkəsi qeyd edilən proseslərin mərkəzindədir. Rusiyanın bilavasitə regionda mövcudluğu bu prosesi daha da mürəkkəb duruma gətirir. Rusiyanın regionda hansı rol oynamasından, maraqlarından asılı olmayaraq Qərb-Rusiya qarşıdurması özünü Cənubi Qafqaz regionuna da təsirini göstərir. Azərbaycan bu proseslərdən özünü artıq sığorta edib. Cənubi Qafqaz regionunun Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi ən güclü və öz sözünü deyən dövləti kimi Qarabağ məsələsini həll etməklə qeyd edilən proseslərin bilavasitə dağıdıcı təsirindən qoruyub. Regiondan kənar güclərin Azərbaycana təzyiq vasitələrini və bəhanələrini əllərindən alıb. Amma dolayısı olaraq Ermənistan və Gürcüstanda baş verən proseslər Azərbaycanın da təhlükəsizliyinə təhlükə hesab edilir.
2013-14-cü illərdə Ukraynada Yanukoviçin Avropaya inteqrasiyanı dayandırmaq qərarından sonra Evromaydan hadisələrinin oxşarı Gürcüstanda yaşanır.
Hakim “Gürcü Arzusu” partiyasının ölkədə QHT sektorunda maliyyə şəffaflığını təmin etməyə hesablanan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentdə üçüncü oxunuşda qəbul etmək planlarına qarşı etiraz dalğası başlayıb. Qərbyönlü kəsim bunun əleyhinə mitinqlər təşkil edir. Artıq qarşıdurmalar artır.
Politoloq deyib ki, eyni qarşıdurmalar Ermənistanda mövcud Paşinyan hakimiyyətinə qarşı da başlanılıb. Azərbaycanla Qazaxın dörd kəndinin danışıqlar yolu ilə geri qaytarılmasından sonra erməni kilsəsinin revanşist ermənilərlə sərhəddə birlikdə başlatdığı aksiyalar artıq Yerevan küçələrində böyük hesab olunacaq mitinq və etirazlara çevrilib. Prosesə universitetlərin tələbələri də qatılır. Paşinyan hakimiyyəti bu mitinqləri güc yolu ilə dağıtmağa başlayıb ki, eynilə Gürcüstanda da etirazçı kütlə polis tərəfindən hücumlara məruz qalır. Proseslər görünüşdə oxşar ssenari ilə davam edir, amma...: “Məsələnin amması ondadır ki, hər iki proses əks qütblərin regiona təsir mexanizmləri üzərində oynanılır. Ermənistan hakimiyyəti Qərbyönlü, Gürcüstan hakimiyyəti Rusiyayönlü siyasət yürütmək üçün öz xalqları ilə mübarizə aparırlar. Bu məsələlərdə bəlkə də hansısa qərəzli baxış bucağı axtarmaq yerində olmazdı, yəni bu, təbii situasiyaya hesab olunardı. Hansısa xalqın bir hissəsi bir, digər hissəsi başqa cür fikirləşə bilərdi. Son nəticədə xalq olaraq kimin mövqeyi daha güclü, ağlabatan olardısa həmin xalq da o istiqamətdə öz taleyini həll edərdi. Məsələ ondadır ki, proseslərin bir-birinə zidd olması ona olan münasibəti də ziddiyətli, hətta həyasızcasına ikili münasibət bucağından ortaya qoyur. Qərb bir halda demokratik, insan haqlarının müdafiəçisi rolunda çıxış edirsə, digər halda eyni situasiyada bu məsələləri görməzdən gəlir.
Paşinyan Qərbyönlü siyasət yürütdüyü üçün onun polisinin etirazçılara etdiklərini normal qəbul edən Qərb, Gürcüstan hakimiyyətinin etirazçılara eyni hərəkətinə qarşı ciddi mənfi reaksiya göstərirlər.
Qərbin ikili və ikiüzlü siyasətindən hər zaman əziyyət çəkən Azərbaycan bu siyasətin on illər qurbanına çevrildi. Milyona yaxın insanı 30 il müddətində olmazın əziyyətlərə qatlaşdı. On minlərlə insanı həyatını itirdi, yüz minlərlə insanı ev-eşiyindən, el-obasından oldu. Bu, bir dəfə də olsun Qərbin özünü demokrat adlandıran dairələrini narahat etmədi. Əksinə Azərbaycana qarşı təzyiqlər etdilər, sanksiyalar tətbiq etdilər. Azərbaycanı hədələdilər ki, əgər öz torpaqlarını hərb yolu ilə azad etməyə qalxsan səni daha da çox təcrid edəcəyik. Amma həmin Qərb Rusiyanın Ukraynada eyni işğal fəaliyyətinə qarşı bütün imkanlarını səfərbər etməyi özünün borcu hesab etdi. Rusiyaya qarşı az qala bütün dünya dövlətlərini səfərbər etməyə çalışır.
Qərbin ikili standartları dünyanın müxtəlıf yerlərində və ölkələrində dəyişkən olduğu kimi Qərbin özü də öz prinsiplərinə qarşı dəyişkəndir. 2008-ci ildə Gürcüstanı həvəsləndirib Rusiyaya qarşı müharibəyə sürükləyən Qərbin Rusiyanın Gürcüstanın ərazilərini ilhaq etməsindən sonra Gürcü siyasətçilərinin peşmançılıq etiraflarını açıq deyə bilməsələr də, ikili söhbətlərdə etiraf etdikləri söhbətlər hələ də yaddaşlardadır”.
A.Qasımov onu da qeyd edib ki, 2014-cü ildə Rusiyanın Krımı Ukraynadan ilhaq etməsi ilə başlanılan Rusiya-Ukrayna qarşıdurmasının bilavasitə memarı Qərb olduğu kimi bu gün də Cənubi Qafqaz regionunun gələcəyini təhlükəyə atan güc Qərbdir.
Qərbin müxtəlif "insan haqları qoruyan" təşkilatlarının bu məsələlərə ürəkbulandıran mövqeyi hər zamankı kimi əsəb doğurur. Qərb nə qədər regiona gəlməsində israrlıdırsa, bir o qədər də təlaşlıdır. Paşinyana qarşı aksiyaların gözlənildiyindən böyük hal alması erməni toplumunun hələ də revanş hissindən əl çəkmədiyini sübut edir. Qərbin çəkindiyi nə erməni müxalifəti, nə gürcü hakimiyyəti, nə də Rusiyadır. Qərb Cənubi Qafqazda ancaq Azərbaycandan çəkinir. Ermənistanın da, Gürcüstanın da taleyini Azərbaycan həll edə bilər. Məsələ o deyildir ki, Azərbaycan onlardan güclü ölkədir və bunun regiona təsiri var, ya onlar Azərbaycandan asılıdlrlar. Məsələ Azərbaycanın yürütdüyü müstəqil siyasətdir. Qərb üçün müstəqil siyasət anlayışı yoxdur. Ya onların yanında olmalısan, ya da qarşısında. Azərbaycan isə elə siyasət yürüdür ki, bu iki yolun ikisi də öz əhəmiyyətini itirir. Azərbaycan Qərbi fikrən məğlub edir. Qərbin ideologiyasını dağıtmaqla, öz yürütdüyü qoşulmama siyasəti ilə. Qərb öz kapitalist dəyərlərini qarşıdurmalar fonunda regionlara transfer edir. Azərbaycan isə qarşıdurma fonunu məhv etməklə Qərbin əl-qolunu bağlayır, onlara manevr imkanları vermir. Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsi olduğunu bəyan etməklə Qərbə mesaj verir ki, bu regionda onun razılığı olmadan hansısa ciddi nailiyyətlər əldə etmək mümkün deyil və Azərbaycanla hesablaşmadan köklü dəyişikliklər baş verə bilməz. Qərb də bunu ciddi qəbul edir və real qarşılayır: “Azərbaycanın regiona sülh gətirəcək siyasəti Ermənistan və Gürcüstan üçün həyatı əhəmiyyət kəsb edir. Regionun enerji və nəqliyyat layihələrinin aparıcı lider ölkəsi kimi Azərbaycanın planları Gürcüstan və Ermənistanın da müstəqilliyini gücləndirir. İqtisadi gücünü artırmaqla digər güclərdən asılılığını aradan qaldırır ki, bu da müstəqilliyin başlıca şərtidir. Azərbaycan digər Cənubi Qafqaz ölkələrinin bilavasitə enerji təminatını həyata keçirmək potensialını özündə saxlamaqla onların özlərinə uyğun planlar ilə hərəkət etməsini təmin edir. Görünən odur ki, Ermənistana verilən bu əminlikdir ki, Ermənistan bir neçə çoxtərəfli sülh platformalardan imtina edib ikitərəfli danışıqlar platformasında çıxış yolu görür.
Əslində ikitərəfli platforma bütün güclərə, o cümlədən, Qərbə meydan oxumaqdır. Onların monopoliyasını əllərindən almaqdır. Bu o deməkdir ki, Cənubi Qafqaz regionunun gələcəyindən ancaq üç ölkə məsuldur. Onlar öz problemlərini özləri həll etmək gücündədir. Rusiya regionda nisbətən loyal siyasəti ilə seçilir. Həm Qarabağ ərazisindən sülhməramlı adlı ordusunu vaxtından əvvəl çıxarması, həm də son Putin-Paşinyan görüşündən sonra öz əsgərlərini Ermənistanın Zvartnos hava limanı və Azərbaycanla sərhəd bölgələrdən çıxarması ilə Rusiya mesaj verir ki, o, region stabil olduqca, regiondan kənar güclərin regiona daxil olmağına şərait yaratmadıqsa, onun da maraqları region ölkələrinin maraqları ilə üst-üstə düşür. Qərb isə Rusiyanın əleyhinə regiona daxil olmaq üçün planlar qurur. Bu zaman Qərbyönlü kütlə vasitə kimi istifadə edilir.
Ermənistanda revanşist, amma Qərbdən idarə edilən erməni lobbisinin tərəfdaşlarının döyülməsi isə təzadların pik nöqtəsidir. Qərb Paşinyanın Qərbdəki tərəfdaşlarını döyməsini dəstəkləyir. Necə olur ki, Qərb bunu normal qəbul edir? Axı döyülən onun Qərbdə bəslədiyi və konqresinin, siyasətçilərinin istifadə etdiyi erməni lobbisinin pulu ilə küçələrə çıxan revanşist ermənilərdir. Normalda ABŞ bunu top-tüfənglə qarşılaşmalı idi. Amma bunu görməzdən gəlib, haqq qazandırır. Bu da Qərbin ikiüzlü siyasətinin paradokslarından biridir.
Hesab edirəm ki, xalqların öz taleyini həll etmək, hansı yolu seçmək hüququ ali dəyərdir və bu xüsusiyyət istisnasız xalqın özünə aiddir. Xalq özü öz yolunu seçməlidir. Təbii olaraq hansı qütbə tərəf getməsi və ya neytral mövqe tutması da onun müstəsna hüququdur. Bu hüquqları kimsə məhdudlaşdıra bilməz. İstər hakimiyyətlər olsun, istərsə də beynəlxalq güc hesab edilən qüvvələr. Xalqların seçimi sərbəst və demokratik olmalıdır. Hər bir xalq seçdiyi qütbün dəyərlərini özünə uyğun şəkildə özü həyata keçirməlidir. Kənardan kimlərsə bunu diktə etməməli və bunun üçün təzyiq etməməlidir. Kənardan müdaxilə şiddət doğurur. Dövlətin tamlığını, monolitliyini pozur, xaosa sürükləyir. Əslində gediləcək yolu seçərkən insanlar onları buna görə dəstəkləyəcək kənar güclərin olmadığına əmin olsalar onda indiki kimi qarşılıqlı aqressiyalar olmaz. Onlar bilərlər ki, təkdirlər və onların seçəcəyi dəyərin mahiyyəti yalnız onlar üçün vacibdir. Onlar bunu başqalarına görə seçmirlər. Onda insanlar ifrata varmayacaqlar. Xalqının potensialının yetdiyi qədəri ilə kifayətlənərək öz talelərini müəyyən edəcəklər”.

Cavid

Seçilən
364
20
xalqcebhesi.az

10Mənbələr