AZ

Şeyx Nəsrullahsayaq saxta keşiş Baqrata türksayaq şapalaq tövsiyəsi…

Ermənistan üçün çıxış yolu Azərbaycanla və Türkiyə ilə düşmənçiliyə son qoymaqdır

Ermənistanda yenə də ara qarışıb, «dəftər» itib. At izi it izinə qarışıb. Yəni, «Başlı başını saxlasın» məqamı yetişib. Məcazi də olsa, soruşan olar ki, hansı «dəftər». Xarici havadarlarından ayrılan qul haqqının, erməni lobbisi və kilsələrinin yardım adı ilə ayırdığı haram pulları mənimsəyənlərin xalqa verəcəkləri xəyanət, əməl, haqq-hesab «dəftəri». Amma itib sözünün özü də ikibaşlıdır. Çünki aranın qarışıb, məzhəbin itdiyi, hayların biri-birini diddiyi, siyasi partiyalar arasında rəqabətin gücləndiyi qarışıq zamanda korrupsioner ölkədə «gizli hesabların yazıldığı dəftər»in bilərəkdən itirilmə variantı da diqqətdən yayınmamalıdır. Başqa sözlə deyilsə, Ermənistanda 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı yaranan vəziyyət təkrarlanır. O zaman ölkə rəhbərliyinə namizədliyi irəli sürülən sabiq prezident Serjik Sarkisyanla bağlı respublikanı bürüyən iğtişaşlar, etiraz aksiyaları bu gün də eyni ssenarilər üzrə davam edir.

Ermənistanın tarixinə «1 mart» hadisələri kimi yazılan o günlərdə baş verənləri haylar da, ölkədə çaxnaşma salan xarici dairələr də yaxşı xatırlayırlar. Hadisə şahidlərinin dedikləri kimi, Ermənistanın əsl bəlası 2008-ci ildən sonra başlayıb. Həmin ilin martında hakimiyyəti zorla ələ keçirən, əli Xocalı sakinlərinin qanına batan cinayətkar Serjik Sarkisyan öz haylarının qatili oldu. Dövlət başçısı kimi, Ermənistanı tamamilə iflasa sürükləyən, korrupsiyanı çiçəkləndirib, ölkəni təcrid vəziyyətinə salan Serjik Hayastanda çıraq işığında axtarılan demokratiyanı anarxiyaya çevirdi. Hələ o zaman Ermənistan mətbuatında hadisələri əks etdirən videomateriallara əsasən bildirildi ki, 2008-ci ilin martında baş verənlərə görə əsas məsuliyyət Serjik Sarkisyanın üzərinə düşür. Çünki həmin vaxt məhz o, güc strukturlarının İrəvana yeridilməsi əmrini verən səlahiyyətli şəxs olub. Dövlət siyasətlərinin əsasını təşkil edən terrorları da rəhbər şəxslər əllərində olan bütün resurslardan istifadə edərək törədiblər. Hakimiyyəti zor gücünə ələ keçirən cinayətkar dəstə Ermənistanı fəlakətə sürükləyib. Etirazçılar isə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tərəfdarları idilər. Hadisələr zamanı etirazçılarla hüquq-mühafizə orqanları arasında baş verən toqquşmada 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. 33 polis əməkdaşı aldıqları xəsarətlərə görə xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdı. Dəyənəklərdən və elektroşoklardan istifadə edən polislər aralarında qadınların, uşaqların, yaşlıların olduğu etrazçılara divan tutmuşdular. Bəzi mitinq iştirakçıları itkin düşmüşdülər. Levon Ter-Petrosyana isə ev dustaqlığı cəzası verildi. KİV-lərin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılımışdı, polis «A1+» müxalifət informasiya agentliyini mühasirəyə almış və bu informasiya resursunun fəaliyyəti dayandırılmışdı. Ölkədə 20 günlük fövqəladə vəziyyət elan olunmuşdu. Levon Ter-Petrosyan Fransa səfirliyinin qarşısında etiraz edənləri evə çağırmaq məcburiyyətində qalmışdı. Görünür elə o illərdə də Ermənistanın ipi Fransanın əlində imiş. Maraqlıdır ki, bu günə qədər «mart qatilləri» istintaqa cəlb olunmayıb.

Hayastan bu gün də çalxalanır. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı siyasətinə qarşı İrəvanda keçirilən etiraz aksiyalarının yaratdığı xaos dərinləşməklə respublikanın bütün bölgələrini əhatə edir. Qazax rayonundakı dörd kəndi öz həqiqi sahiblərinə qaytarılması barədə razılıq əldə olunduqdan, Nikol Paşinyanın «Bu kəndlər heç vaxt erməni kəndi olmayıb», «Onlar Azərbaycan kəndləridir», «Biz onları qaytarmalı idik» sözlərindən sonra quduzlaşan revanşistlər hökumətin istefasını tələb edirlər. Daşnak kinindən və ədavətindən , türkofobiya, Azərbaycanofobiya siyasətindən qaynaqlanan etirazlara başçılıq edənlər Paşinyana qarşı «impicment» təklifini irəli sürürlər.

Kanada əsilli, öyrədilmiş və təlimatlandırılmış Erməni Apastol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu, sabiq prezident Robert Koçaryanı dəstəkləyən, onu yenidən hakimiyyətə gətirməyə çalışan Baqrat Qalstanyanın başçılıq etdiyi etirazçılar hələ də küçələrdə «miatsum» deyə bağıraraq yaxalarını çırırlar. Şeyxnəsrullahın erməni variantı, ağ əbalı, qara niyyətli Baqrat isə gülə-gülə seyr etdiyi aksiyada zərərçəkənləri belə hesaba almır. Amma Baqratı təlimatlandıranlar, Ermənistanı qarışdıran daxili qüvvələr artıq dərk etməlidirlər ki, reallıqdan imtina, qarşıdurma, eskalasiya yolu ilə nəyəsə nail olmaq xəyalı ilə yaşamaq dövrü arxada qalıb. Koçaryanlar, sərkisyanlar azlıqda qalıblar. Hakimiyyəti ələ keçirmək, köhnə qəddarlıq, vəhşilik ənənələrinin davamını istəyənlərin qatarı çoxdan perronu tərk edib. Əsas odur ki, revanşistlərdən fərqli olaraq erməni xalqı onları fəlakətə sürükləyənlərin mənfur niyyətlərini artıq anlayır. Ermənistanda hakimiyyəti ələ almağa çalışan «Qarabağ klanı» ilə yerli hayların didişmələri, qarşıdurmaları vəziyyəti daha da gərginləşdirir. Bir məsələni də nəzərə almaq lazımdır ki, hakimiyyət hərisləri olan Serjik Sarkisyan kimi, Robert Koçaryan da əslən Qarabağ ermənisidir. Bu baxımdan «Qarabağ klanı»nın prosesləri özlərinə sərf edən istiqamətə, separatizmə, faşizmə apardığını dərk edən İrəvan erməniləri keçmiş qapıların açılmasını istəmirlər. Hərəsi bir dairənin sifarişlərini yerinə yetirən erməni siyasətçiləri arasındakı hərc-mərclik ölkədəki ikitirəliyi daha da gücləndirir. Vəziyyətdən çıxış yolu normal siyasətin yürüdülməsinə maneə olan qüvvələri susdurmaq, Ermənistandakı ictimai rəyi sülh sazişinin imzalanması istiqamətində formalaşdırmaqdır. «Qarabağ klanı»nından narazı dəstələr , regionda sülh istəyən, hadisələri reallığa əsasən dəyərləndirən və son nəticədə Ermənistanın Cənubi Qafqazda normal mövcudluğu istiqamətində səylər göstərən baş nazir Paşinyanı dəstəkləyənlər də az deyillər. Daşnakların, bölgədə sabitliyin pozulması üçün bütün vasitələrdən istifadə edənlərin yalanlarından yorulanlar, İkinci Qarabağ müharibəsində yaxınlarını itirənlər müxtəlif qrupların və siyasi qüvvələrin yüzillərlə saqqız kimi çeynədikləri «böyük Ermənistan»” mifi və ya qondarma «erməni soyqırımı» bayatılarını gündəmə gətirən saxta keşiş Baqratın kif atmış tezislərini dinləmək istəmirlər. Azərbaycanın kifayət qədər balanslaşdırılmış, beynəlxalq hüquqa əsaslanan və geosiyasi amilləri əks etdirən siyasətini dəstəkləyənlər də sözlərini deyirlər.

Ermənilər də görürlər ki, 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfl Bəyanatda nəzərdə tutulan bəndlərin həlli istiqamətində işlər davam etdirilir. Nəqliyyat-kommunikasiya layihələrinin əsas amili olan, beynəlxalq səviyyədə dəstəklənən Zəngəzur dəhlizinin bərpası üçün Azərbaycanın apardığı tikinti işləri sona çatmaq üzrədir. Bu sənədlərin reallaşması ilə bölgədə geosiyasi sabitlik tam təmin olunacaq. Əvvəlki illərdə Ermənistana kənardan dəstək verən dünya gücləri də tədricən yeni reallıqlarla barışmağın vacibliyini dərk edirlər. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinlə görüşən Nikol Paşinyanın bəzi məsələlərlə bağlı razılaşdığı hiss olunur. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirdikləri görüşlərin pozitiv nəticələri də vasitəçilərsiz sülh sazişinin imzalanmasına ümidləri artırır. Bir daha sübut olunur ki, Cənubi Qafqazda sülhün bərqərar olması, bütün region ölkələrinin iqtisadi tərəqqisi, bölgə dövlətlərinin inkişafı və milli təhlükəsizliklərinin təminatı üçün inanılmış, etibarlı yol Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoymasıdır.

Xuraman İsmayılqızı, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
ikisahil.az

1Mənbələr