AZ

Dirək-dirək bütöv sərhədə doğru...

Azərbaycan və Ermənistan rəsmiləri arasındakı son təmaslar sülh prosesinin yeni və önəmli mərhələsidir

Nəhayət ki, birbaşa təmaslar öz bəhrəsini verdi və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ilk rəsmi sənəd imzalandı. Azərbaycanın Qazax rayonunun erməni işğalında olan dörd qeyri-anklav kəndinin qaytarılmasını, həmin istiqamətdə sərhəd xəttinin müəyyənləşdirilməsini rəsmiləşdirən müvafiq protokol, eyni zamanda, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında da müsbət nəticələrin əldə edilməsinin mümkünsüz olmadığını göstərdi. Baxmayaraq ki, Ermənistanda, ümumilikdə regionumuzda baş verən son hadisələr Cənubi Qafqazda dayanıqlı sülhə mane olmağa, vəziyyəti gərginləşdirməyə, yeni silahlı toqquşmalar yaratmağa çalışan qüvvələrin də proseslərin inkişafına seyrçi qalmaq fikrində olmadıqları qənaəti yaradır.

Bəs regionun ümumi siyasi mənzərəsini necə qiymətləndirmək olar? Yekun sülh sazişinin imzalanması nə dərəcədə realdır və bu, çoxmu zaman tələb edir?

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iki ölkənin hələlik şərti sərhədində 2024-cü il mayın 15-də keçirilmiş doqquzuncu görüşü səmərəli nəticə ilə yekunlaşıb. Tərəflər bundan əvvəlki görüşün protokoluna uyğun görülmüş işləri müzakirə edərək şərti sərhədin bilavasitə Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən keçən sərhəd xəttinin hissələrinin birgə tərtib olunmuş protokol-təsvirini razılaşdırıblar. Proses SSRİ Sərhəd Qüvvələri Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla aparılıb. Sadə dillə desək, Ermənistan-Azərbaycan dövlət sərhədinin sözügedən hissəsi razılaşdırılıb və hər iki tərəfdə sərhəd dirəkləri basdırılıb. Yaxın günlərdə həmin ərazilərdə müvafiq olaraq Azərbaycanın və Ermənistanın sərhədçiləri yerləşdiriləcək.

Xatırladaq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə daxil olan səkkiz kəndi ermənilər tərəfindən Birinci Qarabağ müharibəsi dövründə işğal edilib. Bunlardan Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki və Qazax rayonunun Bağanıs Ayrım kəndləri 1990-cı ildə, Qazax rayonunun Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri isə 1992-ci ildə erməni faşizminin qurbanına çevrilib. Bu kəndlərdən dördü Ermənistan ərazisində Azərbaycanın anklavlarıdır. Bağanıs Ayrımın 40, Sofulunun 22, Kərkinin 19,2, Qızılhacılının 11, Barxudarlının 10,1, Aşağı Əskiparanın 9,1, Yuxarı Əskiparanın 8,6, Xeyrimlinin 4,1 kvadrat kilometr ərazisi var.

Sərhədlərin delimitasiyası istiqamətində ilk razılaşmalar və praktik fəaliyyət Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə nail olunması istiqamətində aparılan danışıqların da müsbət nəticələnəcəyinə inamı artırır. Bu mənada mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın başçılıq etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşü sülh prosesinin yeni və önəmli mərhələsi kimi dəyərləndirmək olar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Danışıqların eyni formatda bundan əvvəl Almaniya paytaxtında baş tutmuş növbəti raundunun da konstruktiv atmosferdə keçməsi, ümumiyyətlə, birbaşa təmasların yaradılmasından sonra ciddi irəliləyişlərə nail olunması İkinci Qarabağ müharibəsindən sonra müxtəlif platformalarda baş tutmuş çoxtərəfli görüşlərin nəticəsiz yekunlaşmasının əsas səbəbkarlarının da məhz elə vasitəçilər olduğu qənaətini yaradır. Yəni, vasitəçilər, xüsusilə Fransa və Avropanın bəzi dairələri dolayısı ilə Cənubi Qafqazda dayanıqlı sülh əvəzinə status-kvonun saxlanması üçün canfəşanlıq ediblər. Azərbaycan dövləti isə bu məkrli planları Ermənistanla birbaşa danışıqlar və sərhədlərin delimitasiyasını başlamaqla neytrallaşdırdı. Bu baxımdan proses hazırda tamamilə Azərbaycanın maraqları çərçivəsində inkişaf etməkdədir.

Ancaq gözlənildiyi kimi, sülhə mane olmaq istəyən qüvvələr Ermənistanda vəziyyəti gərginləşdirməklə, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz tədbirlərinə start verməklə birbaşa təmaslar nəticəsində əldə edilən irəliləyişlərə əngəl olmağa çalışırlar. Belə məqamda Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanmasına hər hansı maneənin yaradılmamasını və ölkədəki ixtişaşların səngiməsini şərtləndirəcək iki mühüm amil var: Birincisi, erməni ictimaiyyətinin sülh gündəminə münasibəti. Aparılan əksər sosioloji sorğular ermənilərin əsasən “Qarabağ klanı”nı təmsil edən keçmiş hakimiyyət nümayəndələrindən və ilk dəfə olaraq kilsənin işə qarışması ilə formalaşmış müxalifət hərəkatını dəstəkləmədiyini göstərir. Erməni xalqı Nikol Paşinyanın siyasi kursuna sadiqdir və əksəriyyət sülh istəyir.

İkincisi, Ermənistanın baş nazirinin siyasi iradə nümayiş etdirməsi və kənar təzyiqləri neytrallaşdırmağın öhdəsindən gəlməsi. Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qətiyyətli olduğunu son bir neçə gündə dəfələrlə bəyan edib. Bir neçə gün əvvəl Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və onun imzalanmasının vaxtı çatdığını bəyan edən Ermənistanın baş naziri mayın 16-da hökumətin iclasında növbəti dəfə əleyhdarlarına öz yolundan dönməyəcəyinin mesajını verib: “Biz elə bir dövlət yaradırıq ki, orada əziyyət olmasın. Bəli, delimitasiyanın məqsədi ondan ibarətdir ki, Ermənistanda əzab-əziyyət əsas həyat tərzinə çevrilməsin. Biz bunu edirik, edəcəyik və bu yolda dayanmayacağıq, buna əmin olun!”

Beləliklə, sərhədlərin delimitasiyası ilə bağlı əldə edilmiş ilk razılaşmalar, həmçinin tərəflərin istəyi və iradəsi Azərbaycanın maraqları çərçivəsində sülh müqaviləsinin də tezliklə imzalanmasının mümkünlüyündən xəbər verir. Necə deyərlər, “bütün yollar” sülhə, dirək-dirək bütöv sərhədə aparır...

Mahir Rəsuloğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
ikisahil.az

10Mənbələr