AZ

"Bu hadisə Azərbaycanla İranı bir az da yaxınlaşdıracaq" - Fazil Mustafa

"İran prezidenti ilə Azərbaycan prezidentinin görüşü kifayət qədər yüksək səviyyədə getdi və bu görüşdə İran Azərbaycan münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi də bir izlənim müşahidə olundu".

Bunu Redaktor.az-a ötən gün Azərbaycan-İran sərhədində bu iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi arasında görüş, həmçinin dövlət başçılarının iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirakı, daha sonra ölkəsinə dönən İran Prezidenti İbrahim Rəisi və digər İran rəsmilərinin helikopter qəzasında həlak olması ilə bağlı danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında təbii ki, müəyyən gərginlik var idi və bu gərginliyin sona çatması olduqca önəmli idi:

"Xüsusilə də səfirliyimizə hücumdan sonra yaranan müəyyən dövlətlərarası münasibətlərdə bir sərt uyuşmazlıq, hər halda bu görüşdə ortadan qalxdı. Hər iki prezidentin çıxışlarında əslində regionda bu ölkələrin maraqlarının uzlaşdırılmasının vacibliyi dilə gətirildi. Bu hər kəsi də məmnun etdi. Çünki biz qonşu dövlətlərlə, ümumiyyətlə, yaxşı münasibətlər saxlamağın tərəfdarıyıq. Hansı siyasi rejim olur-olsun, hansı dünyagörüşünün daşıyıcısı olur-olsun, bizim üçün böyük bir fərq etməz, əsas qonşuluq prinsipini qabardırıq və iqtisadi maraqlarımız baxımından qarşılıqlı mənfəət əldə etməyi düşünürük. Ona görə də İranın bu məsələdə müəyyən dərəcədə geri addım atması və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması, həm də konkret olaraq su və iqtisadiyyat üzərindən bunu etməsi hamımız üçün məqbul bir sonluq idi. Amma təəssüf ki, bu görüşdən sonra ölkəsinə dönən İbrahim Rəisinin qəzada həlak olması üzücü bir hadisədir. Heç bir ölkənin rəhbərinin bu formada qəza keçirməsi və dünyasını dəyişməsi arzuolunan deyil. Nəinki ölkə rəhbərinin, hər hansı bir insanın da bu cür faciəli şəkildə ölümü arzuolunan deyil və hər kəsi narahat edir. Bu hadisə təbii ki, indi İran dövlətinin böyük bir üzüntüsü, ağır proses içində olması deməkdir. Amma dövlətin siyasi kursunun dəyişməsi mənasına gəlmir. Əgər Rəisi bu addımı atıbsa, bu dövlət adından münasibətlərin yaxşılaşmasına qərar verilib. Ona görə də onun varisi kim olacaqsa, yaxud da dövlət adından Azərbaycanla münasibətin davam etməsinə qərar veriləcəksə, bu qərarda burada əldə olunan razılaşmanın hər hansısa bir şəkildə dəyişəcəyini təsəvvür etmək mümkün deyil. Çünki dövlətlərarası olan münasibətdir, şəxslərarası olan məsələ deyil ki, buna hansısa bir narahatçılıq keçirilsin. Bu baxımdan da, məncə, hər hansı bir şəkildə münasibətlərin narahatedici məcrada inkişaf edəcəyini gözləmək olmaz. Ümidliyəm ki, hələ bu hadisə ölkələri bir az da yaxınlaşdıracaq. Çünki Azərbaycanda həqiqətən bu proseslərdə müəyyən müsbət pozitiv rol almağa çalışan bir İran liderinin itirilməsinə müəyyən dərəcədə narahatçılıqla yanaşdığını göstərdi. Bütövlükdə bizim çalışdığımız odur ki, bu dövlətlərarası münasibətlər, eyni zamanda, elə cəmiyyətlərarası münasibətlər gərgin istiqamətdə heç vaxt olmasın və qarşılıqlı dialoqla çözülsün. Ona görə də bu məsələlər artıq icra prosesində olan məsələlərdir və hər iki tərəfin siyasi iradəsi ilə, xoş niyyəti ilə daha da münasibətlərin inkişafı genişlənəcək, buna hər halda ümid etməliyik", - deyə deputat bildirdi.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Humay İSGƏNDƏRLİ

Seçilən
85
10
redaktor.az

10Mənbələr