AZ

İrəvan şousu - Erməni keşiş ermənilərə uduzur

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistanın Tavuş (Tovuzqala) rayonunda Kirants (Güney) və Xeyrimli kəndləri arasındakı sərhədin müəyyənləşdirilməsi ilə bağlı işlər artıq başa çatmaqdadır.

Sərhəd postları və dirəkləri quraşdırılıb, ərazidə erməni sərhədçilər növbə tutmağa başlayıblar.

Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı dövlətlərarası anlaşmanın şərtlərinə uyğun olaraq Kirantsdakı ermənilərin ərazimizlə illər əvvəl tikdikləri 2 ev və 3 dükan Azərbaycanın nəzarətinə verilir.

Anlaşmaya uyğun olaraq Azərbaycanla Ermənistanın sərhədçiləri iki dövlət arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiya olunmuş hissəsini qoruyacaqlar.

Azərbaycanın Qazax rayonunda Ermənistanla şərti dövlət sərhədini 2016-cı ildən bəri Dövlət Sərhəd Xidmətinin (DSX) heyəti qoruyur. Ermənistan ordusunun hərbçilərri 32 ildən bəri erməni işğalında olan kəndlərdən çıxarılandan sonra sərhədçilərimiz irəliləyərək demarkasiya edilmiş ərazilərdə yeni mövqelər tutacaqlar.

Fəqət Erməni Həvariyun (Apostol) Kilsəsi (EAK), əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar klanı", xarici ölkələrdəki erməni diasporu, habelə kənar ölkələrin maliyyələşdirərək nəzarətdə saxladıqları müxalifət qruplaşmalarının "koalisiya"sından ibarət revanşist qüvvələr prosesi pozmağa çalışırlar.

Sərhədin bəlirlənməsi prosesinin başlandığı ggün, aprelin 19-da Ermənistanda da etiraz aksiyaları başlayıb. Aksiyaların "lideri" EAK-ın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Parqev Martirosyandır. Ermənistanla yanaşı, Kanada vətəndaşı da olan bu keşiş baş nazir Nikol Paşinyanın istefasını, yeni hakimiyyətin formalaşdırılmasını tələb edir.

Bəhs etdiyimiz dəstəyə N.Paşinyanın müxtəlif vaxtlarda vəzifədən kənarlaşdırdığı yüksəkçinli hərbçilər də qatılıblar. Məsələn, onlardan biri, sabiq müdafiə naziri, indi yaşadığı Moskvada "Ümumerməni Fondu" adlı marionet struktur yaratmış general Arşak Karapetyan Ermənistandakı hərbçiləri N.Paşinyana qarşı çıxmağa çağırıb. Yəni A.Karepetyan Ermənistanda hərbi çevriliş arzusundadır və bu məqsədlə "səylərini əsirgəməyəcəyini" deyib.

A.Karapetyan Ermənistanda eyniadlı siyasi partiya yaratmaq niyyətini bəyan edib və Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik partiyanı qeydiyyata almaqdan imtina edəndə A.Karapetyan bu rədd cavabını "qorxuya düşmüş Nikol Paşinyanın birbaşa göstərişi" adlandırıb.

Halbuki general A.Karapetyan Ermənistan cəmiyyətində hər hansı ciddi nüfuza və çəkiyə malik olmayan adi "sabiq"lərdən biridir.

İrəvandakı hakimiyyətə qarşı çıxdıqlarını və Nikol Paşinyanın dərhal kənarlaşdırılmasını tələb etdiklərini deyənlərin şansları azdır.

Məsələ heç də N.Paşinyanın cəmiyyətdə ciddi tərəfdar kütləyə malik olması ilə bağlı deyil.

Tam əksinə, Ermənistanda keçirilmiş son rəy sorğularının nəticələrinə görə, N.Paşinyanın elektoral bazası hazırda hakimiyyətdə olduğu illərin ən aşağı səviiyyəsindədir.

Onun hakimiyyətdən uzaqlaşdırılması çətin deyil, amma bunun üçün adekvat fəaliyyət proqramına malik nüfuzlu müxalifət strukturu və ya lideri gərəkdir.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri "qarabağlılar klanı" isə bütün bəyanatlara rəğmən, hələ də nə fəaliyyət proqramına, nə cəmiyyətdə nüfuza malik deyil.

Erməni kilsəsinin siyasətə qatılmasının və bilavasitə hakimiyyət iddialarını nümayiş etdirməsinin bariz timsalı olan keşiş Baqrat Qalstanyana gəldikdə isə, onun özü dəfələrlə bəyan edib ki, baş nazir postunu tutmaq niyyəti istisna deyil.

Amma indiki etiraz aksiyalarının təşkilatçılarının və idarəçilərinin əsas məqsədi keşiş Baqratı yox, sabiq prezident Robert Köçəryanı baş nazir postuna sahibləndirməkdir.

Niyyətlər mövcuddur, onların reallaşdırılması üçün strategiya yoxdur.

Baqrat Qalstanyanın "başçılıq" etdiyi hərəkat artıq iflasa uğrayıb. Keşişin və onun arxasında duranların bütün cəhdlərinə rəğmən aksiyalar Ermənistanda hakimiyyət dəiyşikliyini reallışdırmaq üçün yetərli ictimai dəstəyi qazana bilmədi.

Paşinyan administrasiyası hələ ki, hakimiyyəti yeniləmək istəyənlərin bütün hərəkətlərini dezaviuasiya etməyi bacarır.

Keşiş Baqrat isə geriyə yol olmadığını anladığından hər gün tələblərini təkrarlayır, Ermənistan parlamentinin deputatlarını N.Paşinyana impiçment elan etməyə, vətəndaşları kütləvi etiraz aksiyalarına, müxalifət düşərgəsini "hərəkat"ı tam dəstəkləməyə çağırır.

Hər gün müxtəlif siyasi partiyalar, qruplar, təşkilatlar və siyasətçilərlə görüşlər keçirən keşiş Baqrat nəyin bahasına olursa-olsun, ona verilmiş tapşırığın öhdəsindən gəlməyə çalışır.

Onun danışıqlar apardığı şəxslər arasında Xankəndindəki sabiq separatçı-terrorçu xuntanın keçmiş rəhbərliyi də var. İrəvandakı otellərdən birindəki görüş əsnasında qarabağlı separatçılar B.Qalstanyanı və onun hərəkatını dəstəklədiklərini bildiriərək uzun müddətdən bəri davam etdirdikləri "siyasi sükut"u pozublar.

Səbəb trivialdır: "dəstək" müqabilində həmin şəxslərə pul verilib.

Sabiq xuntanın keçmiş rəhbərləri də Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilər arasında məhz pulla şirnikləndirmək yolu ilə "çoxsaylı tərəfdar kütləsi" formalaşdımaq niyyətindədirlər.

Onlar keşiş Baqrata İrəvanda keçirilən mitinqlərə qarabağlı ermənilərin bundan sonra "daha fəal, daha intensiv" şəkildə qatılaraq etiraz aksiyalarında iştirak edəcəklərini deyiblər.

Aksiyanın təşkilatçıları baş verənləri Ermənistanın daxili siyasətində və xüsusilə də müxalifət-hakimiyyət qarşıdurmasında tam yeni, indiyədək bənxəri olmamış proses kimi qələmə verirlər.

Halbuki yeni heç nə yoxdur.

Ermənistanın sabiq baş naziri Vazgen Manukyanın ötənlərdə başçılıq etdiyi etiraz hərəkatının yeni təzahürünü, daha zəif inkarnasiyasını görürük. Bu dəfə tribunada Manukyan yox,Qalstanyandır və şüarlar fərqlidir.

Başqa heç bir fərq yoxdur: eyni emosional çağırışlar, proqramsız fəaliyyət, Robert Köçəryanla Serj Sarqsyanın kölgə dirijorluğu ilə reallaşdırılan xaotik aksiyalar və ən əsası - hakimiyyətin əsaslarını sarsıda biləcək platformanın yoxluğu.

Keşiş Baqrat Qalstanyandan zahirən simvol, əslində marionetka kimi istifadə edənlərin hansısa uğur şansından danışmaq çətindir.

Nikol Paşinyanın ciddi və intellektual fiqur yox, siyasi təlxək olmasına rəğmən.

Seçilən
196
50
day.az

10Mənbələr