AZ

“Valideynlər fikirləşmirlər ki, 50 bal yığa bilməyən övladımı hansı savadla xaricə göndərəcəm” - Fəlsəfə doktoru

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə əldə olunan kvalifikasiyaların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün TKTA-ya edilən müraciətlərin ekspertizası nəticəsində diplomların tanınması üzrə ümumi tələblərə cavab verməyən və ən çox imtina alan universitetlərin siyahısını açıqlayıb. Siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir. Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması və tədris yükünün normativdən az olmasıdır.

Xaricdə təhsil almaq istəyən bəzi tələbələr universitet haqqında lazımi araşdırma aparmadan niyə təhsil almağa gedirlər? Nəyə görə dərslərdə kifayət qədər iştirak etmədikləri halda bunun diplomlarının tanınmasında problem yaşayacaqlarını dərk etmirlər?

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Herbiand.az-a bildirib ki, Azərbaycanda diplomların tanınmasını Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi həyata keçirir:

“Mən bu qurumun fəaliyyətilə yaxından tanışam. Əvvəlki rəhbərliyin dövründə də, indiki rəhbərliyin fəaliyyətini də yaxından izləməkdəyəm. Diplomları tanınmayan şəxslər zamanında bizə də müraciət edirdilər. Biz işi nəzarətə götürəndə görürdük ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi üzərinə düşən vəzifələri öz öhdəlikləri daxilində, eyni zamanda dövlətimizin bu istiqamətdə qəbul etdiyi normalar çərçivəsində reallaşdırırlar. Bu Agentliyi kifayət qədər şəffaf qurum kimi xarakterizə edirəm, eyni zamanda məsuliyyətli, insanların rahatlığına bu və ya digər problem yaratmadan işini qurub və kefiyyətli xidmət təklif edə bilir”.

Fəlsəfə doktoru qeyd edib ki, bir neçə dəfə televiziya vasitəsilə valideynlərə, xaricdə təhsili məqsəd kimi seçən gənclərimizə müraciətlər edib:

“Savadlı gənclərimiz dünyanın fərqli ölkələrində ən yüksək nüfuza malik universitetlərində təhsil alırlar və onlar üçün heç bir problem yoxdur. Amma bu kimi hallar nədən baş verir? Araşdırma aparılırmı? Problem nədən qaynaqlanır ki, yekunda bizim gənclərimiz belə durumla üzləşirlər. Mən həqiqətən arzu etməzdim ki, onlar 4-5 ildən sonra belə durumla rastlaşsınlar. Qanunvericilikdə bununla bağlı normalar kifayət qədər müasirdir. Problem qaydalarda və Agentliyin fəaliyyətində deyil. Problem o cür “təhsil” almış gənclərimizdədir. Tam səmimi deyim ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə ən humanist yanaşmalar çərçivəsindən işini qurub. Eyni zamanda, nazirlər kabineti tərəfindən dəyişikliklər oldu. Həmin qaydalarda dövlətimiz yenə də məzunların, ümumiyyətlə vətəndaşlarımızın mənafeyi baxımından xeyli yumşalmalar tətbiq etdi. Bəs, səbəb nədir? Təsəvvür edin ki, dövlət imtahan mərkəzində imtahan verib 50 bal toplaya bilməyən gənclərimiz var ki, sonrakı məqamda müəyyən iş adamlarının qurbanına çevrilirlər. Hamımız görmüşük attestatla qəbul olur, həmin iş adamları şirnikləndirici təkliflər edirlər, universitetlə bağlı ətraflı danışırlar. Qanunda belə iş adamları ilə bağlı nə tətbiq oluna bilər? Həmin şəxslər vergisini ödəyir, təhsil şirkətini qeydiyyatdan keçirdir və xidmərini təklif edir. Qarşı tərəf isə müraciət edəndə bunu araşdırmalıdır, amma bunu etmirlər. Valideynlər fikirləşmirlər ki, 50 bal yığa bilməyən övladımı hansı savadla xaricə göndərəcəm.O gedib həmin ölkədə gününü keçirəcək. Həmin universitetlərin bir çoxu Ukraynada, Belarusda, Gürcüstandadır. Əksər hallarda isə universitetlər olmur. Universiter olanda isə qeyd olunan sənədlər araşdırılmır”.

Ekspertin sözlərinə görə, ölkəmizdə distant təhsil diplomları tanınmır:

“Mən də tərəfdarıyam ki, gələcəkdə bununla bağlı qanunvericilikdə bu və ya digər formada hansısa dəyişikliklər olmalıdır. Amma bu, sui-istifadəyə gətirib çıxmamalıdır. Tutaq ki, distant təhsil alıb, amma dediyim kimi bu təhsil tanınmır. Ali təhsil haqqında qanunda isə yoxdur və bu, problem yaradır. İmtina bəzən də bunlara görə olur. İnsan 5 ildən sonra deyir ki, mən bilmirdim qanunda belə bir şey yoxdur və bizim distant təhsil diplomumuz tanınmayacaq. Yaxud, həmin ölkədə olub və sadəcə gününü keçirdib. Mənə daxil olan şikayətlər əsasında bir çox hallarla rastlaşmışam. Məsələn, Gürcüstanda oxuyub və təbii ki, ali təhsil müəssisəsinin dili gürcü dilidir. Ancaq desən ki, gürcü dilində bir neçə cümlə yaz, yaza bilməyəcək və ya Ukrayna dilində oxuyub amma dili bilmir. Deməli oxumayıb və həmin dillərlə bağlı imtahan götürüləndə çətinlik çəkir. Mən hesab edirəm ki, əslində bu qədər yumşalmalar da düzgün deyil. Məsələn, Türkiyənin bölglərində zəif universitetlər var. Həmin iş adamları attestatla qəbul etdirirlər və deyirlər ki, bir müddətdən sonra yerini Bakıya dəyişdirəcəyik. Amma yerdəyişmənin də şərtləri var. Belə olan halda tələbə ortalıqda qalır. Sonra isə həmin tələbələr adam axtarıb neqativ yollarla yerini Bakıya dəyişdirməyə çalışır. Lakin bu sahədə artıq əvvəlki mənfi hallar yoxdur”.

İlqar Orucov vurğulayıb ki, ümumiyytlə burda kifayət qədər problemlər var:

“Hesab edirəm ki, valideynlər mütləq şəkildə mütəxəssislərə müraciət etsinlər, çoxlu araşdırma aparsınlar. Bilsinlər ki, mən burda qazandığım pulu hansısa xarici ölkədə dələduza yedirtməli deyiləm. Yaxud burda təhsil şirkəti adından məşğul olan insanlara aldanaraq pulu verməməliyəm. Əvəzində övladıma peşə öyrədim”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
21
herbiand.az

10Mənbələr