AZ

Rəşad Rəsullu: “Bu qızıl medalların arxasında böyük zəhmət dayanır”

“Bu qızıl medalların arxasında böyük zəhmət dayanır, onlara doğru məqsədyönlün çalışmaqla getdik”.

Bunu İdman.bizə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Qurum rəsmisi Azərbaycan millisinin BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatındakı çıxışını dəyərləndirib: “Hələ iki il əvvəl Hidayət Heydərovla (73 kq) Zelim Kostoyev (100 kq) Daşkənddəki dünya çempionatında bürünc qazananda çempionluğa da hazır idilər. Ötən il Kotsoyev yenə bürünc əldə etdi. Yarımfinalda onun rəqibi Lukaş Krpalekə üçüncü xəbərdarlığı vermədilər. Hidayət isə ilk qarşılaşmada zədələndi. Amma biz ruhdan düşmədik, işimizi davam etdik. Bu nəticələrin arxasında komandanın böyük işi dayanır. Hər kəsə zəhməti üçün təşəkkür etmək istəyirəm. Amma bundan sonra da sistem şəklində yanaşmanı davam etmək zəruridir”.

Rəsullu yarışın səviyyəsinə də toxunub: “Çempionat yaxşı keçdi. Heydərovla Kotsoyev Abu-Dabiyə gəlməyən rəqiblərini əvvəl də məğlub ediblər. Şəxsi fikrimcə, Tatsuki İşihara daha təcrübəli yaponiyalı Soiçi Haşimotonu üstələyir”.

O, qadın yığmasının indiki formasına uyğun çıxış etdiyini vurğulayıb: “Leyla Əliyeva (48 kq) lisenziya qazanıb. 52 kq çəkidə isə Olimpiadaya gedəcək idmançını Gültac Məmmədəliyeva və Aydan Vəliyeva arasında seçəcəyik”.

Rəsullu bildirib ki, yığmamız lisenziya planını yerinə yetirib: “Biz öncədən də düşünürdük ki, Parisdə kişilərin bütün 7 çəki dərəcəsində və qadınların 2 kateqoriyasında təmsil olunacağıq. İndi əsas olan Olimpiadada yaxşı nəticə göstərməkdir”.

Zəki Feyzullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
idman.biz

1Mənbələr