AZ

Azərbaycan incəsənətində Füzuli dünyası - elmi konfrans

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş “Azərbaycan incəsənətində Füzuli dünyası” mövzusunda respublika elmi konfransı keçirilib. SİA xəbər verir ki, elmi konfransın açılış mərasimində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli dahi şairin yaradıcılığından söz açıb. Qeyd edib ki, Məhəmməd Füzuli Azərbaycan, fars, ərəb dillərində yazdığı əsərlərini həyati motivlərdən ilhamlanaraq qələmə alıb. Akademik Teymur Kərimli, eyni zamanda, dahi şairin yaradıcılığının incəsənətdəki rolu haqqında fikirlər yürüdüb.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Ərtegin Salamzadə monumental heykəltəraşlıqda Füzuli obrazı haqqında danışıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev Məhəmməd Füzulidə ilahi eşq motivinin rəngkarlıqda simvolik yozumuna dair məruzə ilə çıxış edib. O, Füzulinin öz yaradıcılığında məhəbbət və dini simvolizə edən yeganə şair olduğunu və Səttar Bəhlulzadənin Füzuli yaradıcılığının incəsənətdəki təcəssümünü böyük ustalıqla təsvir etdiyini vurğulayıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aidə Sadıqova Füzuli dünyası və Azərbaycanın süjetli xalçaları haqqında danışıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Kazımova Füzulinin qəzəllərinin Üzeyir Hacıbəyli yaradıcılığında və sənətşünaslıq doktoru, dosent Sevil Fərhadova Məhəmməd Füzulinin musiqi dünyasında olan önəmli rolundan bəhs ediblər.

Seçilən
68
2
sia.az

3Mənbələr