Azərbaycanda bütün sahələrin ilk qadınlarından çox maraqlı , həm də əyləncəlidir.Həm araşdırma apardıqca özüm öyrənirəm, həm də , bilməyənlər məlumatlanır.
Bu gün oxucularımıza mədəniyyət və incəsənət sahəsinin ilk musiqiçi qadın sənətkarı olan zərif, gözəl bir xanımdan danışacağam. Bəlkə də bir çoxunuz bilmirsiniz ki, Azərbaycanın ilk pianoçu qadını muğamlarımızın pianoda ilk ifaçısı, peşəkar musiqiçisi Xədicə xanım Qayıbova olub.
İndi düşünəcəksiniz: Görəsən kimlərdəndi bu zərif, gözəl xanım? Belə düşünürsünüzsə, o zaman məqaləni diqqətlə oxuyacaqsınız.
Molla Vəli Vidadinin nəvəsi, Üzeyir Hacıbəylinin və Müslüm Moqomayevin baldızı qızı...
Deməli, Osman Müftizadə adı ilə tanınan Qafqaz müsəlmanlarının II Müftisi, Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Qolovinin təklifi ilə Qafqazın (Zaqafqaziyanın) 2-ci müftisi təyin edilən görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə idi.
Tiflis şəhərində çox mədəni , oxumuş bir şəxs olaraq böyük hörmət və ehtirama layiq idi. Tiflisdə Ruhani İdarəsində Qafqaz (Zaqafqaziya) sünni müsəlmanlarının müftisi vəzifəsini icra etdiyi üçün camaat onu elə Müftizadə soyadı ilə çağırır.
Tiflis kimi erməni, rus, gürcü və digər xristian xalqların yaşadığı bir şəhərdə müsəlmanlığı qorumaq çətin olsa da Osman bəy bu işin öhdəsindən layiqincə gəlir.Beləliklə həm ziyalılığı, həm savadlılığı, həm dini təəssübkeşliyi, Osman bəyi Tiflisdə ən hörmətli şəxslərdən birinə çevirir.
Osman bəy həm də böyük bir nəsllə qohum olur . Bu əslən Volqaboyu tatarlarından olan Səfərağa Terequlov tərəfindən qoyulan Terequlov nəsli idi.Səfər ağanın 3 övladı olur: Həsən və İbrahim, qızı — Fatma xanım. Səfər ağanın böyük oğlu Həsənin qızı Züleyxa Terequlova ilə evlənən Osman Müftizadə Üzeyir Hacıbəyli və Müslüm Moqamayevlə bacanaq olur.
Beləki, Məlikə Terequlova Üzeyir bəyin, Badigülcamal isə Müslüm bəyin həyat yoldaşı idi. Osman bəyin Züleyxa xanımla evliliyindən altı övladı dünyaya gəlir. İlk qız övladının adını isə İslam dininə böyük sayğı göstərərək Xədicə qoyurlar.
Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi. Nə var ki, istəklər hər zaman asanlıqla həyata keçmir. Ata bunun üçün xeyli əziyyət çəkməli olur.
Çünki öz maddi gücü buna imkan vermirdi. Elə bu vaxt tale onlara bir şans yetirir. Tiflisdə yerləşən “Müqəddəs Nina” qız məktəbinə daxil olan iki qızın dövlət hesabına oxuyacağı elan olunur. Ərizələrin qəbulu başlanır. Ancaq iki yerə 200 ərizə verilir. Püşkatma keçirilir və qəbul olunan iki qızdan biri olur balaca Xədicə.
Araşdırmaçılar yazır ki, İlk elementar musiqi biliklərinə “Müqəddəs Nina” qız məktəbində yiyələnən Xədicə xanım ilk musiqi təhsilini də L.N.Knini və Truskovskidən alır. Lakin onun təhsil illəri uzun sürmür, ailəsinə bədbəxtlik üz verir. Atası, qardaşı və bacısı vərəmdən ölür.(Mənbələrdə göstərilir ki, Osman bəy 1947-ci ildə vəfat edir. Əgər bu rəqəm doğrudursa, onda belə çıxır ki, Xədicə xanım onun qızı deyil. Çünki Xədicə xanımın doğum tarixi 1893-cü ildir. Təsəvvür edin ki, Ata öləndən 46 il sonra qızı dünyaya gəlib.Düşünürəm ki, Osman bəyin müfti vəzifəsindən çıxma tarixi onun ölüm tarixi kimi səhvən yazılıb. Osman bəy ən azında 1910-cu ildə vəfat etməliydi ki, bu Xədicənin oxumasına problem olaydı.red- Əntiqə Rəşid)
Artıq təhsilini davam etdirə bilməyəcəyini anlayan Xədicə xanım 1911-ci ildə arzularına müvəqqəti fasilə verir. Bu məqsədlə “Müqəddəs Nina” qız məktəbindən ayrılır.
Xədicənin evliliyi: Qaynatası yeni müfti, baldızı Nigar xanım Şıxlinskaya, əri Nadir bəy Qayıbov, qayınları...
Həmin gün 17 yaşlı zərif Xədicə ailə qurur. Həm də o dövr Azərbaycanda ən məşhur və ziyalı bir ailənin nümayəndəsi ilə. Qafqaz Ruhani İdarəsinin yeni baş müftisi, məşhur din alimi Hüseyn Əfəndi Qayıbzadənin oğlu, yol mühəndisi Nadir Qayıbova ərə gedir.Qayıbzadələr haqqında kiçik bir arayış verək: Qafqaz müftisi, ədəbiyyatşünas, müəllim olan Hüseyn Əfəndi Qayıbzadə (Xədicənin qaynatası ) Salahlı kəndindən olub. 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi idi.
O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb. Bu çətin işdə özü əvvəlcə şəxsi nümunə gösdərir və iki qızını -Nigar və Cövhəri oxutdurur. Yəqin ki, ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın,Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar xanımın adı sizə tanışdır
Çovhər isə qohumu Çar Rusiyası ordusunda general-mayoru və Hərbiyyə naziri yanında tapşırıq generalı İbrahim ağa Usubovla ailə qurur.
Müftinin böyük oğlu Bahadır (Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə 1919 il iyulun 19-da həkim Bahadur bəy Qayıbov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsinə rəhbəri təyin olunub.
Onun rəhbərliyi ilə 1919 il noyabrın 5-də Şuşada 5 nəfər zabit və 100 nəfər əsgər üçün nəzərdə tutulmuş 105 nəfərlik əsgər xəstəxanası, 1920 il yanvarın 1-də Bakı şəhərində 5-ci Bakı piyada alayının əsgər xəstəxanası, 1920 il yanvarın 13-də Xankəndidə 2-ci Qarabağ süvari alayın ın 30 nəfərlik müayinə otağı, 1920 il fevralın 1-də Xankəndidə 1-ci Cavanşir piyada alayının 30 nəfərlik müayinə otağı açılmışdı.
Hərbi nazirin əmri ilə 1919 il oktyabrın 20-də hərbi-tibb idarəsinin və yerli lazaretlərin strukturu enişləndirildi. 1920 ilin martında bu qurum təchizat idarəsinin tərkibinə daxil edildi)
Cahangir də dövrünün oxumuş , ziyalı gənclərindən olublar. Poliqlot, iqtisadçı Cahangir bəy Qayıbovun bir mükəmməl ərəbşünas, farsşünas kimi tariximizlə bağlı araşdırmaları, farscadan və ərəbcədən ruscaya tərcümələri dəyərli hesab olunur.
Xədicə xanımım ailə qurduğu Nadir bəy 25 sentyabr 1874-cü ildə Qazaxın Salahlı kəndində anadan olmuşdur. 1893-də Tiflis klassik gimnaziyasını bitirərək Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olub, ancaq xəstəliyi üzündən 1894-cü ildə 2-ci kursdan çıxıb.
Beləliklə, həm Müftizadələrin, həm də Qayıbovların maarifpərvər, mədəni insanlar olması, ailə qurduqdan sonra da daha mükəmməl bir mühitdə yaşaması Xədicənin dünyagörüşünə təsirsiz ötüşmür.
Tiflisdən Bakıya köç: Xöşbəxt günlər, təlatümlü illər, ailə fəlakəti
Bir müddət Tiflisdə tatar məktəbində dərs deyən Xədicə xanım 1919-cu ildə həyat yoldaşı Nadir bəylə Bakıya köçür. Bakı mühiti onun inkişafı üçün geniş imkanlar açır, o, qadın sənətçilərin az olduğu Bakıda ulduza çevrilir sanki. Burada tezliklə yeni mühitə uyğunlaşır, musiqi mədəniyyətinin fəal iştirakçısına çevrilir. “Deyirlər, Hacı Zeynalabdin Tağıyevin Xədicə xanıma xüsusi hörməti varmış. Hətta ona serviz və çox qiymətli brilyant qaşlı üzük də bağışlayıbmış…”
Şahidlər danışırmış ki, Bakıya gəldikdən sonra “İsmailiyyə”də fortepiano konsertləri ilə çıxış edən gənc və gözəl qadının Şah döngəsi 16 nömrəli evi sanki musiqi salonunu xatırladır. Onun qonaqları arasında Üzeyir Hacıbəyli, Fuad Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Hüseynqulu Sarabski, Bülbül və başqaları ilə yanaşı, Azərbaycan və Türkiyənin görkəmli dövlət adamları və ziyalıları da olurdu. Belə musiqi gecələri nə qədər əyləncəli olurdusa, o qədər də xalqın maariflənməsi, qadınların təhsilə, eləcə də, səhnəyə cəlb edilməsi ilə bağlı söhbətlərlə zəngin idi.
1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Şərq musiqi şöbəsinə müdir təyin olunan Xədicə Qayıbova “Qısamüddətli Şərq musiqi kursları” təşkil etməyə nail olur. Uşaq xoru yaradır. Şərq Konservatoriyasının əsasını qoyaraq, buraya bütün peşəkar musiqiçiləri toplamağa nail olur. “Şərq musiqi kursları” ləğv olunduqdan sonra o, təhsilini davam etdirmək qərarına gəlir. 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə və bəstəkarlıq fakültəsinə daxil olaraq professor L. Abdan dərs alır.
Fortepianoda muğam improvizasiyaları ifa etməsi, dastanların toplanması və bu qəbildən olan “əməlləri” onun təqib olunmasına gətirib çıxarır.
Bildiyimiz kimi, repressiya illərinin ağır zərbəsi təkcə insanımıza qarşı deyil, həm də maddi və mənəvi abidələrimizə yönəlmişdi. Bu illərdə dastanlar, muğamlar, xalq musiqisi, milli alətlər “mürtəce” elan edilmişdi. Onlar “zərərli” kimi qiymətləndirilir, onların inkişafı yolunda çalışan hər kəs təqib olunurdu. Xədicə xanımın muğamlarımız və dastanlarımız üçün göstərdiyi xidmətlər rejimin planlarına uyğun deyildi. Ona görə təqib olunması da normal idi. Həmin vaxt cütlüyün Əbdülkərim adlı oğlu və Alanqu adlı bir qızı vardı.
"Qəssab" Bağırovun tamah dişinin batmadığı qürurlu qadın: Başqa bir Qayıbovla İkinci evlilik
Maraqlı məqamlar isə elə bu təqibdən sonra başlayır.1933-cü il… Həmin il təqiblər həbslə nəticələnir. Əksinqilabçılıqda və türkçülükdə günahlandırılaraq üç ay həbs olunması sonrası heç bir sübut olmadığı üçün azad edilir. 1934-cü ildən etibarən Konservatoriyada müəllim kimi fəaliyyətə başlayır.
1934-cü ilin sonuna yaxın isə həyat yoldaşı Nadir Qayıbovdan ayrılmalı olur. Çünki Nadir Qayıbov Xədicə xanıma görə təqib olunur, 1934-cü ildə iki dəfə həbs edilir. Səbəb Mir Cəfər Bağırovun Xədicə xanıma olan anormal heyranlığı idi. Bu illərdə iki övlad anası və evli olan bir qadına qarşı manyak sevgisi M.C.Bağırova bütün yollara əl atmaq imkanı verirdi. Artıq həyat yoldaşının növbəti həbsdə öldürüləcəyini duyan qadın ondan ayrılaraq ikinci dəfə başqa bir Qayıbovla – Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci Rektoru olmuş Rəşid bəy Qayıbovla evlənir. (Qazaxlıların sözlərinə görə Rəşid Nadir bəyin əmizi oğlu olub- red- Ə.R.Bu evlilik yəqin ki, Qayıbovlar ailəsini qorumaq üçün kağız üzərində olan bir planlı evlilik olub.)Ancaq Rəşid bəy 1937-ci ildə əksinqilabçılıqda ittiham olunaraq güllələnir.
1938-ci il martın 18-də ikinci və sonuncu dəfə həbs olunan Xədicə xanımın geri qayıtmaq şansı olmur.
Anası həbs olunanda hələ 12 yaşı olan qızı Alanqu Sultanova anasının həbs olunduğu o məşum gecəni belə xatırlayır: “Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı. Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər…”
Xədicə xanım öncədən bilirdi ki, ona qarşı qondarma ittihamlar irəli sürüləcək və buna görə də cəzalandırılacaq. O, ən pis halda sürgün olunacağını gözləyirdi və psixoloji olaraq özünü buna hazırlayırdı. Heç bir halda güllələnəcəyini düşünmürdü, düşünə bilmirdi. Axı necə də düşünsün?! Axı o, həyat eşqi ilə dolu idi…
Sonradan onun haqda ictimai xadim, inqilabçı Sultan Məcid Əfəndiyevin həyat yoldaşı, “xalq düşməninin arvadı” kimi həbs olunmuş Zivər xanım Əfəndiyeva belə yazırdı: “Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: “Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyub-oynayacağam Qoy onlar sevinməsinlər…”
Ona qarşı irəli sürülən ittihamlar ağır idi. O, əksinqilabçılıqda, xarici kəşfiyyatın casusu olmaqda ittiham edilir. “Özünüzü müqəssir bilirsinizmi?” sualına cavabı “Mən əksinqilabi fəaliyyətlə məşğul olmamışam və bu barədə özümü müqəssir bilmirəm” olur. O, hətta keçmiş ərinin qohumu Əliağa Şıxlinski ilə tanış olmaqda və birgə fəaliyyət göstərməkdə ittiham olunur.
Bundan başqa, sovetləşmədən sonra müsavat firqəsinin liderlərindən Mustafa Vəkilovun 10 — 15 gün onun evində gizləndiyi məlum olur. Xədicə xanım bunda heç bir məqsəd güdmədiyini desə də, bu, heç nəyi dəyişmir. O, eyni zamanda bildirir ki, Azərbaycan inqilabi komitəsinin sədri Davud Hüseynovun da bundan xəbəri olub.
Onu şərləməyin, inadını sındırmağın o qədər də asan olmadığını anlayan rejimin icraedici canlı mexanizmləri işgəncəyə əl atır. Dindirmələr, fiziki iztirablar onu yorur, ümidini üzür. Aqibətini dərk edən bu zərif məxluq artıq süqutunu qəbul edir…
Mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə müqəssir hesab edilir.
Rəsmi sənədlərdə deyilir: Altı ay sonra isə Xədicə xanımı sarsıdan, və əbədi susduran qərar çıxarılır: “Qayıbova Xədicə Osman qızı – Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!” On beş dəqiqəlik məhkəmə ilə hökm verilir və oktyabrın 27-də icra edilir.
1955-ci ildə bəraət alan Xədicə xanımın dağılmış tifaqını heç bəraət kağızı da bir yerə yığmaq qüdrətində olmadı. Belə bir qiymətli nəslin, bir dəyərli ailənin sonu param-parça oldu.
Sovet qurluşunu hələ də özləyənlərə, xiffətini çəkənlərə bir ibrətlik dərsdir Xədicə xanımın və represiya qurbanlarının həyatı.. Oxuyun, öyrənin, düşməni tanıyın...
Əntiqə Rəşid