AZ

Hande Harmancı: Xərçəngə qarşı peyvəndin Azərbaycanın milli peyvənd təqviminə salınması istiqamətində işlər görülür

Hazırda xərçəngə qarşı qoruyan iki peyvənd var. Birincisi, HPV, digəri isə Hepatit B-dir.

Bunu APA-ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, Azərbaycanda milli vaksinasiya proqramı daxilində uşaqlara Hepatit B peyvəndi vurulur:

“Bu peyvənd insanları qaraciyər xərçəngindən qoruyur. HPV isə uşaqlıq boynu xərçəngindən qoruyur. Qeyd edim ki, Azərbaycanın milli peyvənd təqvimində bu vaksin yoxdur. Lakin bu istiqamətdə işlər görülür. İyun ayında ÜST-ün təşkilatçılığı ilə Azərbaycanda HPV peyvəndinin profilaktik peyvənd təqviminə salınmasına dəstək göstərilməsi məqsədilə ÜST-ün Avropa üzrə Regional Ofisinin mütəxəssisi Dr.Ludmila Mosinanın Azərbaycana səfəri planlaşdırılır. Bu mövzuda Səhiyyə Nazirliyi də müsbət mövqedədir. ÜST HPV vaksinin milli peyvənd təqviminə daxil edilməsini tövsiyə edir. Artıq Avropadakı 53 ölkədən 45-i bu peyvəndi milli təqviminə daxil edib. İngiltərədə bu baxımdan ciddi nəticələr əldə edilib. İngiltərədə 1995-ci ildən sonra doğulan qız uşaqlarında, demək olar ki, heç uşaqlıq boynu xərçəngi müşahidə edilməyib. Yəni demək olarki, sıfır səviyyəsinə çatıblar. Bu qədər uğurlu bir proqram icra edilib”.

O qeyd edib ki, ÜST Azərbaycan milli immunizasiya proqramına iki yeni peyvəndin əlavə olunmasını tövsiyə edir:

“Bunlar rotavirusa qarşı olan Rota və uşaqlıq boynu xərçəngindən qoruyan HPV peyvəndləridir. Hazırda Azərbaycanda Rota virus və HPV peyvəndinin tətbiq edilməsi istiqamətində məsləhətləşmələr aparılır. Lakin ölkəyə bir peyvəndin gətirilməsi uzun bir hazırlıq prosesi tələb edir. Həm səhiyyə işçilərinin hazırlığı, həm maliyyələşmə, hansı preparatların alınması və s. uzun bir prosesdir. Məmnunluqla deyə bilərəm ki, artıq bu sahədə görüşlər başlayıb”.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancnın APA-ya müsahibəsi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
37
apa.az

10Mənbələr