Bakı, 4 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlərə uyğun olaraq, İmişli rayonunun Qaralar və Göygöl rayonunun Üçtəpə kəndlərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq İmişli və Göygöl Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.