AZ

Azərbaycan sülh üçün ƏSAS ŞƏRTİNİ AÇIQLADI – Paşinyanın bir çıxış yolu qaldı

İrəvan Bakı ilə sülh danışıqlarında konstruktivliyi artırmağa başlayıb. İki gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan – Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı açıq şəkildə bildirdi ki, Ermənistan tərəfindən növbəti saziş layihəsini əldə etdik:

“Açıq qalan məsələlərin sayında azalma mövcuddur. Azərbaycan sülh gündəliyinə sadiqdir və növbəti addımları atmağa hazırıq”.

Bəli, belə nəticə çıxarmaq olar ki, Ermənistan hakimiyyəti Azərbaycan dövlətinin sülh paketini nəzərdən keçirmək məsələsində artıq daha adekvat görünür. O da görünür ki, Nikol Paşinyan hakimiyyəti Azərbaycanla hər hansı bir razılığa gəlinmədən nə Cənubi Qafqazda, nə də Avrasiyada ciddi nüfuza sahib ola biləcək, önəmli fiqura çevrilmək imkanı əldə edəcək.

Rəsmi İrəvandan səsləndirilən son bəyanatlar xüsusilə düşünməyə imkan verir ki, qarşı tərəf anlamağa başlayır ki, erməni dövləti və xalqı üçün gələcək vəd edən bir variant varsa, niyə hökumət hər şeyi itirə biləcək yola girsin. Çox güman ki, Paşinyan düşünür ki, yeni strategiyaya keçilməsə, ermənilər əllərində qalan dövlətçiliyi də itirə bilərlər. Bunun üçün ilk növbədə Azərbaycanın diqtə etdiyi şərtlərə əməl etmək lazımdır.

Bəşər tarixində məğlub olaraq həm dövlətçiliyini, həm də mövcudiyyətini itirən saysız-hesabsız xalqların olduğunu nəzərə alsaq, ni ehtimal Ermənistandan da yan keçməyə bilər. Sözügedən təhlükədən xilas olmaq üçün Nikol Paşinyan hakimiyyəti gərəkdir ki, Bakı ilə qaranlıq qalan digər məsələlərdə də razılığa gəlsin. Əks təqdirdə Ermənistan üçün o xoşagəlməz ssenarini izləməli olacağıq.

Prezident İlham Əliyev Ermənistanla sülh üçün Azərbaycanın əsas şərtini də açıqladı. Ötən gün dövlət başçısı TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə açıq şəkildə Azərbaycanın şərtini bəyan etdi:

“Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil”.

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu, Ermənistanın daxili işinə qarışmaq deyil. Lakin bu məsələ birbaşa Azərbaycan və Türkiyəyə aiddir. Ermənistanın regionun əsas iki dövlətinə qarşı ərazi iddiaları olduğu bir vaxtda Ermənistanla sülh sazişi bağlamaq olduqca absurd qərar ola bilər.

Dünyanın irimiqyaslı qarşıdurmalar burulğanında olduğu və mübarizənin kəskinləşdiyi bir zamanda Azərbaycan özünün başlıca 30 illik problemini həll etdi. Bununla belə rəsmi Bakı eyni zamanda ölkənin qlobal və regional güclərin toqquşması meydanına çevrilməməsinə nail oldu. Hazırda istər qlobal, istərsə də regional oyunçularla tərəfdaşlıq və praqmatik münasibətlər qurulur və bu proses daha da intensiv hal alır.

Ölkədaxili konsensus da kifayət qədər yüksək səviyyədədir. Bu amil, bir tərəfdən xarici qüvvələrin daxili işlərə müdaxiləsinin qarşısını alır, digər tərəfdən isə müstəqil xarici siyasət yürütmək üçün dövlətin əlini daha da gücləndirir.

Qlobal siyasətdəki burulğanlı dövr hələ uzun müddət davam edə bilər. Bu qeyri-müəyyənlik şəraitində müstəqilliyini və suverenliyini qorumaq, mövcud qarşıdurmanın tərəflərindən hər biri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək az qala mümkünsüz görünür. Lakin Azərbaycan məntiqli və ardıcıl addımları ilə bir çox dövlətlər üçün imkansız olanı bacardı. Bundan sonra əldə edilən nailiyyətlərin qorunub-saxlanması, eləcə də bütün mümkün təhdidlərə vaxtında və düzgün şəkildə cavab verilməsi olduqca önəmlidir.

Bütün bu sadaladıqlarım proseslər fonunda Ermənistanın Azərbaycana, Türkiyəyə qarşı növbəti dəfə ərazi iddialarından çıxış etməsi, konstitusiyasındakı ərazi iddialarını özündə ehtiva edən bəndlərin dəyişdirilməsi məsələsinə dırnaqarası yanaşması Cənubi Qafqazın cırtdan ölkəsinin intiharı ilə nəticələnə bilər.

Təəssüflə qeyd etməliyik ki, Bakı ilə İrəvan arasındakı bütün son pozitiv dinamikaya və proqnozlaşdırılabilən mümkün müsbət tendensiyalara rəğmən, sülh gündəliyinin İrəvanın bəzi qaranlıq siyasəti, revanşist qüvvələrin mane olmaq cəhdləri və kənar xarici qüvvələrin müdaxilələri nəticəsində Ermənistanın manipulyasiya riskləri artmaqdadır. Bu isə öz növbəsində yeni eskalasiya riski deməkdir. Görünən odur ki, bu gün rəsmi İrəvan nə qədər özünü Bakı ilə danışıqlarda həlim göstərməyə çalışsa da destruktivliyindən də əl çəkə bilmir.

Dünən Prezident İlham Əliyev bu məsələni xüsusilə qeyd etdi. O bildirdi ki, onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir.

Azərbaycan 44 günlük müharibəni olduğu kimi, sülh sazişinin də bütün bəndlərini beynəlxalq hüquqa uyğun olaraq tənzimləyib və yekun sülhün razılaşdırılması istiqamətində konstruktiv və sadiqdir.

TREND

Seçilən
145
26
editor.az

10Mənbələr