AZ

Fransanın “Bolloré” qrupu korrupsiyaya görə yenidən məhkəmə qarşısına çıxa bilər

Fransanın

Paris, 7 iyun, AZƏRTAC,

Fransa Milli Maliyyə Prokurorluğu (PNF) iş adamı Vinsent Bollorenin 2009-2011-ci illərdə Toqodakı Lome və Qvineyadakı Konakri limanlarının rəhbərliyinə qarşı fırıldaqçılıqla bağlı təhqiqatda korrupsiya ittihamı ilə mühakimə olunmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, 2013-cü ildən Parisin maliyyə hakimləri 2010-cu ildə Toqo və Qvineyada prezident seçkiləri zamanı “Bolloré” qrupunun törəmə şirkəti olan “Euro RSCG” (indiki “Havas”) siyasi məsləhətçilik fəaliyyətindən istifadə edərək, başqa bir törəmə şirkəti - əvvəllər SDV adlanmış “Bollore Africa Logistics”in xeyrinə Lome və Konakri limanlarının idarəçiliyini fırıldaq yolu ilə ələ keçirməsindən şübhələnirlər.

Uzun müddət davam edən cinayət prosesindən yayınmaq üçün Fransanın on birinci ən böyük sərvəti, o zaman “Bolloré” qrupunun baş direktoru Jil Aliks və “Havas”ın beynəlxalq direktoru Jan-Filip Doren 2021-ci ildə ilkin müqəssirliyin etirafı ilə bağlı dinləməyə çağırılıblar. Açıq dinləmə zamanı onlar faktları etiraf edərək 375 min avro cərimə ilə razılaşıblar. Ancaq məhkəmə bunu təsdiqləməkdən imtina edib və işi yenidən istintaqa göndərib.

2023-cü il noyabrın sonunda Kassasiya məhkəməsi yeni cinayət işi açmaqla bağlı proseduru təsdiqləyib. PNF “Bolloré” qrupunun baş direktoru Jil Aliksə qarşı aktiv korrupsiya faktına və Jan-Filip Dorenə qarşı isə korrupsiyada fəal iştirakına görə cinayət işi açıb. Bildirilir ki, “Bolloré”nin vəkilləri işin dayandırılmasını tələb edəcəklər. Məhkəmənin keçirilib-keçirilməməsi ilə bağlı yekun qərarı maliyyə istintaqını aparan hakim Serj Turner verəcək.

Seçilən
27
azertag.az

1Mənbələr