AZ

"Halal" dövlət sertifikatının hazırlanmasında QMİ də iştirak edəcək...

Image

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək. Bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. 

Sənədə əsasən, bu işlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilməlidir. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin də mexanizmin hazırlanmasında iştirakı tövsiyə olunub.

Bildirildiyi kimi, “halal” sertifikatının verilməsinə dair dövlət mexanizmi hazırlanacaq. O da bəllidir ki, konstitusiyaya görə ölkəmizdə din dövlətdən ayrıdır. 

Dövlət mexanizminin yaradılması prosesində Qafqaz Müsəlmanları İdarəsinin iştirakı konstitusiyanın məlum maddəsi ilə nə dərəcədə uyğun gəlir? 

Eyyub Hüseynov: “Hazırda sadə, standartları tam olmayan “halal” standart mövcuddur”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, uzun illərdir Azərbaycanda halal sertifikatı ilə bağlı problem yaşanır: “Məlumat üçün deyim ki, mən Halal Dünya Konqresinin iştirakçısıyam. Konqresin iştirakçısı olaraq halal standartı ilə bağlı mənim öz fikrim, öz baxışım var. Hazırda AQTA halal sertifikatı məsələsini tam olaraq öz üzərinə götürmək istəyir. Ancaq bu yanlışdır. Eyni qurum, həm yoxlama işi, həm də sertifikat verməyi üzərinə götürməməlidir. Bunu müstəqil bir qurum etməlidir. Azərbaycan Standartlaşdırma İnstitutuna bununla bağlı təkliflər verildi. Təəssüf ki, bizim təkliflər qəbul olunmadı. Onu da deyim ki, “halal” standartın özündə belə, böyük çatışmazlıqlar var. Hazırda sadə, standartları tam olmayan “halal” standart mövcuddur. Əgər bir müəssisə fəaliyyətini kreditlə davam etdirirsə, ona “halal” sertifikatı vermək düzgün deyil. Biz tələb qoyduq ki, müəssisələrdə onlayn izləmə sistemi varsa, belə yerlərə “halal” sertifikatı verilsin. Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır”.

Elxan Əliyev: “Halal” mexanizmin hazırlanmasında QMİ-nin iştirakı nəzərdə tutulur, idarə çox güman ki, məhsulun hazırlanmasında dini qaydalara necə əməl edildiyini yoxlayacaq, ancaq…” 

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “halal” standartının verilməsinə dair yeni sistem formalaşır: “Bu mexanizmin hazırlanması bir neçə dövlət qurumu tərəfindən müəyyən olunacaq. O cümlədən, Qafqaz Müsəlmanları İdarəsinin iştirakı nəzərdə tutulur. İdarə çox güman ki, məhsulun hazırlanmasında dini qaydalara necə əməl edildiyini yoxlayacaq və ona uyğun rəy verəcək. Ancaq nəzərə almaq lazımdır ki, istehsal edilən məhsulların bir dinin tələblərinə görə halal-haram təsnifatına bölünməsi doğru deyil. Kolbasa və ya digər məhsulların üzərində dini söz yazılması əslində reklam xarekterlidir”

Günel CƏLİLOVA





Seçilən
103
baki-xeber.com

1Mənbələr