"Bu gün ölkəmizin 4430 orta məktəbində 140 minə yaxın müəllim 1.6 milyon şagirdin bilik əldə etməsinə, şəxsiyyət kimi formalaşmsına xidmət edir. Çox təəssüf ki, uzun müddət müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilməmişdir. 2009-cu ildən etibarən orta ümumtəhsil məktəblərinə işə qəbul MİQ vasitəsi ilə həyata keçirilsə də, bu proses vasitəsi ilə işə qəbul olunanlar ümumi təhsil verənlərin çox az faizini təşkil edirdi".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, orta məktəblərdə MİQ-dən əvvəl müxtəlif təhsil sənədləri ilə, fərqli yollarla işə qəbul olanların əksəriyyəti tədrisin keyfiyyətinə təsir göstərib:
"2014-2018-ci illərdə həyata keçirilən Diaqnostik imtahanlardan sonra təhsilverənlərin bilik və bacarıqları barədə ilkin informasiyalar məlum oldu. 2022-ci ildən təhsil sistemi üçün çox mühüm proses, sertifikatlaşdırma başlandı. 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak etmişdir. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur".
Ekspert bildirib ki, bu il ölkə üzrə 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb:
"Müsabiqə nəticəsində keçid balını toplamayan müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək və onların yerinə MİQ-dən yeksək bal toplayan işsiz gənc müəllimlər gələcəkdir.
Etiraf edim ki, MİQ-in sualları və müsabiqə şəraiti sertifikasiyadan dəfələrlə çətindir. Düzdür, Elm və Təhsil Nazirliyi humanizm nümayiş etdirərək sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmaları barədə ciddi işlərə başlayıb. Gəlin etiraf edək ki, heç birimiz ixtisasını 50 faiz bilməyən müəllimin övladımıza dərs deməsinə razı olmarıq".
K.Əsədov bildirib ki, istənilən halda sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır:
"Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin hazırlığı minumum tələblərə cavab verməyib. Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Artıq müəllimlər sertifikasiya imtahanı ilə bağlı olduqca məlumatlıdırlar. Əminliklə deyə bilərəm ki, sertifikasiya ölkə təhsilinin inkişafına ciddi şəkildə müsbət təsir edəcəkdir".
Mərcanə Əsədova