Müsabiqənin müsahibə mərhələsindən, ümumi müsahibədən və daxili müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər müvafiq vəzifə üzrə müsahibələr yekunlaşdıqdan sonra beş iş günü müddətində Dövlət İmtahan Mərkəzi tərəfindən vakant vəzifəyə təyin edilmək üçün dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən on beş gün müddətində qəbul etdiyi qərar barədə Mərkəzə məlumat verir.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə (namizədin müsahibədən uğurla keçdiyi vəzifənin tutulma şərtlərinə uyğun olan vəzifə) olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, Mərkəz tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.
Mərkəz tərəfindən vəzifəyə təyin edilmiş, habelə ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər barədə məlumatlar müvafiq informasiya sisteminə daxil edilməklə www.dim.gov.az internet portalında yerləşdirilir, habelə namizədlərin elektron poçt ünvanlarına ehtiyat kadrlar siyahısına daxil edilmələri barədə bildiriş göndərilir.
Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə Mərkəz tərəfindən xüsusi proqram təminatı -“Dövlət qulluğu – Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi” yaradılıb. Sistem vasitəsilə ehtiyat kadrlar barədə məlumatların təyinat məsələsinə baxılması məqsədilə elektron qaydada dövlət orqanlarına təqdim edilməsi, ehtiyat kadrların anket məlumatlarının tamlığı, düzgünlüyü və mütəmadi yenilənməsi təmin edilir.
Dövlət orqanları və Mərkəz tərəfindən Sistemdən istifadə üzrə məsul şəxslər müəyyən edilib. Məsul şəxslər ehtiyat kadrlarla işin qanunvericiliyin tələblərinə uyğun təşkilinə cavabdehlik daşıyırlar.
Eyni zamanda, ehtiyat kadrlar istifadəçi adı (FİN kod) və şəxsi kabinetin parolunu müvafiq hissələrə daxil etməklə Sistemə giriş edə və anket məlumatları ilə tanış ola bilər, habelə düzəliş və əlavələrə ehtiyac olduğu təqdirdə Mərkəzin məsul şəxsinə elektron qaydada bildiriş göndərməklə anket məlumatların düzgünlüyünü təmin edə bilərlər. Şəxsi kabineti olmayan ehtiyat kadrlar bu linkə (https://ekabinet.dim.gov.az// ) daxil olmaqla şəxsi kabinet yarada bilərlər.
Sistemdə “İstəklərim” adlı bölmə yaradılıb. Ehtiyat kadrlar həmin bölmədə işləmək arzusunda olduğu dövlət orqanı, vəzifə (adı və təsnifatı daha aşağı olan vəzifə), şəhər və rayon barədə məlumatları daxil etməli, onunla bağlı iş aparılmasını istəmədiyi halda isə müvafiq qeydlər aparmalıdırlar.
Qeyd edək ki, anketin və “İstəklərim” bölməsindəki məlumatların tamlığı və aktuallığı ehtiyat kadrların analoji vakant vəzifələrə təyinatlarında mühüm rol oynayır. Ehtiyat kadrlar daxil etdikləri məlumatların düzgünlüyünə bilavasitə cavabdehlik daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, ehtiyat kadrlardan müvafiq məlumatları doldurarkən diqqətli olmaları xahiş olunur.
Sistemə Mərkəzin internet saytından (Fəaliyyət→Dövlət qulluğu→Ehtiyat kadrlar→Elektron sorğu sistemi→Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi) (link: https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/sorgu.aspx) daxil olmaq mümkündür.
Namizədlər Sistemdən istifadə ilə bağlı Mərkəzin məsul şəxsləri ilə (Tel.: (012) 310 53 16 (daxili 1751,1746) e-mail: dqqebul@dim.gov.az ) əlaqə saxlaya bilərlər.