AZ

Cərimələr yenidən artırılır? - MÜHÜM AÇIQLAMA

“Sosial şəbəkələrdə və bəzi media subyektlərində yol hərəkəti sahəsində bəzi cərimələrin artırılması və bəzi yeni cərimələr müəyyən edilməsi ilə bağlı layihə barədə məlumatlar yayılır. Layihələr hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur”.

Bunu News365.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki,  bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda bəzi cərimələr artırılmışdı:

“Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil. Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır.  Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını  (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil”.

Ekspert onu da əlavə edib ki, sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir:

“Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxır ki, belələrini bu xətadan çəkindirmək üçün cəriməni 2 dəfə artırmaq zərurəti yaranır?! Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var. Layihə əlimizə düşəndə detalları daha ətraflı izah edə bilərik”.

İlhamə Qiyas, News365.az


Seçilən
127
news365.az

1Mənbələr