"Dəmir yolları infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzərindən həyata keçirilir. Qəbul edirik ki, bütün bu infrastruktur quruculuğunun bir ildə sona çatdırılması mümkün deyil".
"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bu gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarların istifadəyə verilməsilə bağlı tədbirdə deyib.
O bildirib ki, hal-hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur. Növbəti ilin I rübündə bu yolda təmir işləri başa çatdırılacaq.
“Şimal-Cənub nəqliyyat dəhlizi üzərində olan Bakı-Astara istiqamətində işlər xüsusi plan üzərindən yerinə yetiriləcək. Növbəti ildən etibarən isə bu yolda layihələndirmə və tikinti işlərinə başlanması hədəflənir”-ADY sədri qeyd edib.