Anqola Prezidenti bu ilin noyabrında Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakda maraqlıdır.
Musavat.com-un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Anqolanın xarici işlər nazirinin müavini Domingos Custódio Vieira Lopes Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşündə bildirib.
Anqolanın xarici işlər nazirinin müavini Anqola Prezidentinin noyabrda Azərbaycanda keçiriləcək COP29-da iştirakında maraqlı olduğunu ifadə edib.
Düşənbədə 2018-2028-ci illər üzrə “Davamlı İnkişaf üçün Su” Beynəlxalq Onillik Fəaliyyətə dair III Yüksək Səviyyəli Beynəlxalq Konfrans çərçivəsində həmçinin M. Məmmədov və Özbəkistan Prezidentinin Aqrar inkişaf məsələləri üzrə köməkçisi Şuxrat Qaniyev, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev arasında görüş keçirilib.
Görüşlərdə Azərbaycan və Özbəkistan, eləcə də Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, innovativ əkinçilik təcrübələri, iqlim dəyişikliklərinin təsirlərinin minimuma endirilməsi istiqamətlərində təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.