Birliyimiz gücümüzdür
Türk Dövlətləri Təşkilatı ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul etmşdir. Qəbulda çıxış edən ölkə başçısı TÜRKPA-nın plenar iclaslarının əhəmiyyətini qeyd edərək bildirib ki, bu plenar iclaslar “Türk dünyasının birliyinin təzahürü olur, əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər.”
Ölkəmizin xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsinin, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamət kimi müəyyən olundduğunu qeyd edən cənab İlham Əliyev builki Prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında səsləndərdiyi “bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikrini bir daha səsləndirərək qeyd edib ki, “əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.”
Cənab Prezident qeyd edib ki, bir aydan sonra Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir. Bunun səbəbi sürətli və davamlı təmaslara ehtiyacın olmasıdır və bu təşəbbüs təşkilata daxil olan ölkələrin rəhbərləri tərəfindən razılıqla qarşılanmışdır.
Şuşada keçiriləcək Zirvə görüşünü əsas müzakirə mövzusunun iqlim və nəqliyyatla bağlı olacağını bildirən ölkə başçısı deyib: “Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.”
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələri birləşdirən Orta Dəhlizi bir dəyər zənciri də adlandırmaq olar. Amma daha geniş anlamda, bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Cənab İlham Əliyev də bu mövzuya diqqət çəkərək bildirmişdir ki, “Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.”
İqlim məsələsinin bu gün ən aktual mövzulardan biri olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirmişdir ki, bu il Azərbaycan COP29 kimi nəhəng beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir. Ölkəmizin başçısı belə məsuliyyətli və şərəfli bir işin həyata keçirilməsi üçün hazırlıq mərhələsində qardaş ölkələrin təkliflərinin və məsləhətlərinin faydalı olacağını vurğulamışdır.
Zirvə görüşünün Şuşa şəhərində keçirilməsinin böyük rəmzi məna daşıdığını bildirən cənab İlham Əliyev azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərində qardaş ölkələrin dəstəyini yüksək qiymətləndirmişdir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir rayon təşkilatının sədri